Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:19
Avropa Şurası Parlament Assambleyasının iki məruzəçisi Joseph Debono GrechPedro Agramunt Azərbaycandadırlar. Onlar iki gündə vətəndaş cəmiyyətinin nümayəndələri, müxalifət liderləri, jurnalistlər və rəsmilərlə görüşüblər.

İSA QƏMBƏR: «MƏRUZƏÇİLƏR PREZİDENT APARATININ TƏLİMATÇISI KİMİ DANIŞIRLARSA...»

Məruzəçilərlə görüşən müxalifətçilər də, bəzi hüquq müdafiəçiləri də narazıdırlar. Müsavat başqanı İsa Qəmbər bu fikirdədir ki, son zamanlar Avropa Şurasının bütün institutları yarıtmaz fəaliyyət göstərirlər. Yalnız Avropa İnsan Haqları Məhkəməsi istisnadır:

«AŞPA məruzəçilərinin fəaliyyətisə ümumiyyətlə yarıtmazdır. Biz də bunu açıq şəkildə onlara bildirdik. Bütün görüş zamanı cənab Grech susdu, cənab Agramunt isə bizi inandırmağa çalışdı ki, bütün dünyada belə hadisələr var və hadisələrə daha sakit yanaşmaq lazımdır. Bizim sadaladığımız faktları soyuqqanlı dinlədi və tez-tez deyirdi ki, dünyanın hər yerində belə şeylər olur, şişirtməyə ehtiyac yoxdur. Təbii ki, bu, bizim qəbul edəcəyimiz yanaşma deyil. Çünki AŞPA məruzəçilərinin missiyası dəqiq monitorinq aparmaqdır. Məruzəçilər təxminən Prezident Aparatının təlimatçısı kimi danışırlarsa, onların obyektivliyinə etimad ola bilməz».

LEYLA YUNUSDAN SƏRT İTTİHAM

Görüş iştirakçılarından biri də Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusdur. Leyla Yunus

Leyla Yunus

Hüquq müdafiəçisinin dediyinə görə, həmməruzəçilər «siyasi məhbusların prezidentə əfv ərizəsini yazmalarını istəyiblər. Hətta hüquq müdafiəçilərinin onlara bu yöndə təsir göstərməsini xahiş ediblər».

Leyla Yunusun dediyinə görə, həmin görüş çox gərgin keçib. Hətta məruzəçilərdən birinin ona «Siz hökumətdən uçurulan evinizə görə daha çox pul istəyirsiz?» deyə sual etdiyini bildirir. Hüquq müdafiəçisi isə qarşı tərəfi hakimiyyətə satılmaqda, rüşvət almaqda ittiham edib.

SƏMƏD SEYİDOV: «MƏQSƏD LƏKƏLƏMƏK VƏ ÖZÜNÜ SENZURA YARATMAQDIR»

«Bu, böhtandır».

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov belə deyir, Leyla Yunusun məruzəçilərin rüşvət almaq ittihamına cavab olaraq:

«Özlərini hüquq və insan haqları müdafiəçisi elan edənlər bütün hüquqları, qanunları pozaraq, nəinki Azərbaycandakılara, Azərbaycandan kənardakı insanlara da böhtanlar, yalanlar yağdırırlar. Bu, ümumi tendensiyadır. Bu tendensiyanı yaratmaqda məqsəd Azərbaycana gəlib həqiqətləri obyektiv şərh etmək istəyənləri ləkələməkdir və xaricdən gələnlərdə özünüsenzura yaratmaqdır. Həmin məruzəçilər obyektiv məruzə hazırlayırlar».

Səməd Seyidov

Səməd Seyidov

«HESABATDA NƏ İŞGƏNCƏYƏ MƏRUZ QALANLARIN ADI VAR, NƏ DƏ HƏBSDƏKİ JURNALİSTLƏRİN»

Bəs Leyla Yunus məruzəçiləri nəyə görə hakimiyyətə satılmaqda ittiham edir? Hüquq müdafiəçisi onların Azərbaycanla bağlı hazırladıqları hesabatın ilkin layihəsindən narazıdır:

«Mən hesabatı oxuyanda elə bildim ki, onu Prezident Administrasiyasında Fuad Ələsgərov yazıb. İşgəncələrlə bağlı fəsildə işgəncə verilən bircə adamın adı yoxdur. Turac Zeynalovun adı yoxdur. Onu Naxçıvan MTN-də işgəncələrlə öldürmüşdülər. Naxçıvanda döyülən hüquq müdafiəçisi Zeynal Bağırzadənin adı yoxdur. Quba televiziyasının işgəncəyə məruz qalan 2 jurnalistin adı da yoxdur. Söz azadlığı ilə bağlı hissədə yenə eyni vəziyyət. Əvəz Zeynallı, Anar Bayramlı həbsdədir, Quba televiziyasının 2 əməkdaşı həbsdədir, İdrak Abbasov döyülüb. Heç nə, heç nə yazılmayıb bu haqda».

Hüquqşünas Fuad Ağayev isə deyir ki, bu hesabat layihəsində mülkiyyət hüquqları ilə bağlı yazılanlar reallığı əks etdirmir. Üstəlik də faktları və beynəlxalq hüquq normalarını nəzərə almayıblar:
Fuad Ağayev

Fuad Ağayev


«Onlar yazırlar ki, müəyyən narazılıq maliyyə kompensasiyasının məbləği ilə bağlıdır. Ancaq köçürülənlərin mütləq əksəriyyəti təklif olunan kompensasiya ilə razılaşıblar. Bu da həqiqətəuyğun deyil. Özləri də yazırlar ki, həmin adamlarla görüşməyiblər. Sonra yazırlar ki, maliyyə kompensasiyası 1900 dollardır, yəni 1500 manat. Amma guya tarixi abidələrlə bağlı istisnalar var. Amma tövləyə görə də, gözəl abidələr üçün də 1500 manat verirlər».

«MƏRUZƏNİ NƏ MM-DƏ, NƏ PREZİDENT APARATINDA GÖRƏN VAR»

Səməd Seyidov isə söyləyir ki, hələlik məruzə hazır deyil:

«Məruzəni nə Milli Məclisdə, nə Prezident Aparatında görən var. Nə dərəcədə obyektivdir ki, yazılmamış məruzə haqda belə fikirlər deyilsin? Bir də bu məruzənin obyektiv olub-olmamasının mübarizəsi deyil. Bu, Azərbaycanı avro-inteqrasiyadan kənara qoymaq cəhdidir».

Leyla Yunus isə bildirir ki, onlar payıza kimi, yəni məruzə hazır olanadək həmməruzəçilərin başqaları ilə əvəzlənməsinə çalışacaqlar.

Şərhləri göstər

XS
SM
MD
LG