Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:40

«6 ildir qardaşımın qətlini ört-basdır edirlər»


Baş Prokurorluq
Baş Prokurorluq
Natəvan İbrahimova AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib. Deyir ki, qardaşı Sənan İbrahimov 2006-cı ilin noyabr ayında qətlə yetirilib. Ancaq istintaq orqanı hadisəni ört-basdır etmək üçün cinayət işinə dəfələrlə xitam verib. Hər dəfə də xitam qərarlarında qeyd edib ki, Sənan İbrahimov hündürmərtəbəli binanın yuxarı mərtəbəsindəki bir evə oğurluğa girmək istəyərkən hündürlükdən yıxılıb ölüb. Sənan İbrahimovun ailə üzvləri isə istintaq orqanının bu mövqeyi ilə razılaşmır.

Natəvan İbrahimova:

«Mənim qardaşım uzun illər idi ki, Bakı-Mahaçqala avtobusunda sürücü işləyirdi. Mahaçqalanın bütün alverçiləri onu tanıyırdı və etibar edirdi. Burdan Mahaçqalaya gedəndə, ya da geri qayıdanda alverçilər ona çoxlu pul verirdilər və müxtəlif əşyalar sifarişlər edirdilər. Qardaşımın üstündə həmişə çoxlu pul olurdu və onu pula görə öldürüblər. Sonra da istintaqa pul verib ört-basdır ediblər. İstintaq orqanı hər dəfə işə xitam verəndə yazır ki, guya qardaşım Yasamalda 9 mərtəbəli binanın damına çıxıb, ordan da ip salladıb Novruz adlı adamın eyvanına düşmək istəyib. Damın kənarları açıq olub, külək vurub damdan yıxıb. Meyitin də yanına zavod istehsalı olan, işləməyən, atıcılıq qabiliyyəti olmayan tapança qoyublar, soyuq silah hesab olunmayan bıçaq, bir də skoç olub. Pencəyinin cibində də şəxsiyyət vəsiqəsi olub, guya yıxılanda cibindən düşüb. Bir sözlə, hər şeyi ölünün üstünə yıxıblar, guya günah özündə olub. Bununla da diqqəti əsl səbəbdən yayındırmaq istəyiblər».

Natəvan İbrahimova deyir ki, onlar Prezident Administrasiyasına davamlı məktublar yazıblar ki, ölüm faktı dərindən araşdırılsın. Bu məktublar da Baş Prokurorluğa göndərilib. Qısa müddətdən sonra onları Baş Prokurorluğa dəvət edərək cinayət işinə növbəti dəfə xitam verildiyini bildiriblər:

«Anam çox çətinliklə də olsa, Zakir Qaralovla görüşə bildi. Qaralov anamı elə dinlədi, elə reaksiya verdi ki, biz düşündük daha bundan o tərəfi yoxdur, bu işin üstü mütləq açılacaq. Köməkçisinə göstəriş verdi ki, bunları dindir, izahatlarını al. Ancaq sonradan yenə xəbər tutduq ki, işə növbəti dəfə xitam verilib».

Cinayət işinə 5 dəfə xitam veriləndən sonra İbrahimovlar qərara gəliblər ki, prezidentə məktubu poçtla yox, əlbəəl təqdim etsinlər:

Natəvan İbrahimova:

«2 il prezidentin arxasınca süründük ki, onunla necə əlaqə yarada bilək. Müslüm Maqomayevin dəfnində bacım Günay axır ki, istəklərimizi gerçəkləşdirə bildi. Cənazə yerdən qaldırılan məqamda qaçıb arxadan prezidentin pencəyinə əl atdı, mühafizəçilər ayırmaq istəyəndə, prezident də əl atıb bacımın əlindən tutdu. Göstəriş verdi ki, əl vurmayın. Bacım prezidentə başımıza gələnləri qısa şəkildə izah etdi və məktubu ona verdi. 1-2 gün sonra bizi yenə Baş Prokurorluğa çağırdılar, dedilər ki, cinayət işi təzələnir və bu dəfə istintaqı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair istintaq İdarəsi aparacaq. Ancaq yenə faydası olmadı, 9 ay istintaq getdi və işə yenə xitam verildi».

Natəvan İbrahimova deyir ki, bu yaxınlarda etdiyi şikayətlərdən sonra ona Baş Prokurorluqdan bildiriblər ki, cinayət işi yenə təzələnib. Ancaq Natəvan İbrahimova bu barədə rəsmi məlumatlanmaq istəyir. Həm də istintaqa buraxılmasını, ifadələrlə tanış olmasını tələb edir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna bildirdi ki, qanunvericiliklə zərərçəkmişin yaxud təqsirləndirilən şəxsin yaxın, ya uzaq qohumları istintaqa buraxıla bilməz. Bu işlə yalnız onların vəkili tanış ola bilər. O ki qaldı cinayət işinin təzələnməsi məsələsinə:

«Natəvan İbrahimovaya cinayət işinin təzələndiyi bildirilibsə, deməli, iş təzələnib».

Vəkil Namizəd Səfərov isə deyir ki, Natəvan İbrahimova cinayət işinin təzələnməsi barədə rəsmi məlumat almaq istəyirsə, bunun üçün istintaqı aparan quruma sorğu göndərsə, kifayətdir.

«Ona poçtla göndərilən sorğusuna mütləq rəsmi cavab veriləcək», - Namizəd Səfərov bildirib.
XS
SM
MD
LG