Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:27

Qızılburun sakini: «Yol mədəniyyətdirsə, niyə bizi bundan məhrum edirlər?»


Foto: Arxiv
Foto: Arxiv
Hacıqabulun Qızılburun kənd sakini Rəşad Eyvazov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, «Azəryolservis» ASC kəndin yanından keçən yola çəpər çəkdiyinə görə qonşu kəndlərə avtomobillə gediş-gəliş çətinləşib. Məsələn, indi qızılburunlular 3 kilometr aralıda yerləşən qonşu Atbulaq kəndinə maşınla getmək üçün 11 kilometr yol qət etməli olurlar.

«QONŞU KƏNDƏ GETMƏK ÜÇÜN 11 KM YOL QƏT EDİRİK»

Rəşad Eyvazov:

«Bizim kəndimiz Bakı-Tbilisi magistralının 86-cı kilometrliyində yerləşir. 2005-ci ildə prezident kəndimizə məktəbin açılışına gəldi, həmin ərəfələrdə magistral yolda yolayrıcıları, kəndlərə döngələr qoyuldu. Biz də sevindik ki, nəhayət, yol problemimiz həllini tapdı. Təqribən 2 il olar ki, yolayrıcılarını yığışdırıb yerlərini dəmirlə çəpərləyiblər. İndi biz Bakı istiqamətində yerləşən qonşu kəndlərə getmək üçün kənddən ümumi yola çıxıb 5.5 kilometr əks istiqamətə getməli, sonra da 5.5 kilometr yolu geri qayıtmalıyıq ki, həmin kəndə girək. 3 kilometrlik yola görə 11 kilometr hərəkət edirik. 2 ildə yazmadığımız dövlət idarəsi qalmayıb, ancaq cavab verən, problemi müsbət həll edən yoxdur. Yol mədəniyyətdirsə, bizi niyə bu mədəniyyətdən məhrum edirlər? Yolda nə bir keçid var, nə bir nişan. Hər bir kəndə gedən yolda istiqamət nişanı olmalıdır, kəndin adı göstərilməlidir. Prezident gəlib-gedəndən bir müddət sonra o nişanı da yığışdırdılar».

«Azəryolservis» ASC-nin Qobustandakı 2 saylı yol idarəsindən bildiriblər ki, yol yaxınlığındakı kəndlərdən avtomobillə çıxan sürücülər yolayrıcılarından düzgün istifadə etmədiklərinə görə qəzalar yaranırdı. Həmin kəndlərdə yaşayanların isə qonşu kəndlərə getməsi üçün alternativ yollar olduğu nəzərə alınaraq magistral yoldakı yolayrıcı ləğv edilib.
XS
SM
MD
LG