Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:42

ABŞ Dövlət katibi Hillary Clinton’un Azərbaycana səfəri barədə Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun dediklərini politoloqlar Ərəstun Oruclu, Leyla Əliyeva və Elşən Manafov şərh edirlər.

-
«Azərbaycan-ABŞ münasibətlərində çox ciddi problemlər var».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında politoloq Ərəstun Oruclu ABŞ Dövlət katibinin Azərbaycana səfəri barədə Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədovun dediklərini şərh edərkən bildirib.

Ə.Oruclu iddia edir ki, hakimiyyətin bütün məsələləri H.Clinton’un müxalifətlə görüşməməsi üzərində cəmləşdirməsi belə deməyə əsas verir.

«Azərbaycan-ABŞ münasibətlərindəki problemlərdən diqqəti yayındırmaq üçün bu məsələnin üzərində dururlar. Yaxşı olardı ki, Novruz Məmmədov daha ciddi məqamlara toxunardı. ABŞ Dövlət katibinin bölgəyə səfəri geosiyasi səfər idi və bu səfərin əsas hədəfi ABŞ- Ermənistan münasibətləri idi. Bunu gizlətmək lazım deyil. Niyə Azərbaycan hakimiyyəti bundan yayınır?».

Ə.Oruclu deyir ki, ABŞ Ermənistana dəstək verir və Ermənistan iqtidarı ilə müxalifəti arasında vasitəçilik missiyası həyata keçirir:

«Bu, o deməkdir ki, Ermənistan bölgədə ABŞ-ın Gürcüstandan sonra növbəti partnyoruna çevrilir. Sual olunur, bəs Azərbaycan? Bu yerdə etiraf etmək lazımdır ki, Azərbaycanın xarici siyasəti iflasa uğrayıb. Bunu etiraf etməmək üçün başqa müxtəlif söhbətlər edirlər».

Politoloq Elşən Manafov deyir ki, Azərbaycan hökuməti Qərbə inteqrasiya məsələsində Gürcüstan kimi mövqe ortaya qoymur:

«Azərbaycan iqtidarının xarici siyasəti məlumdur. Bu, ölkənin milli təhlükəsizlik maraqlarına hesablanmış balanslaşdırılmış xarici siyasətdir. Nə Rusiya, nə İran, nə də Qərblə münasibətlərdə problemlərin yaşanmaması üçün hələ ki bu siyasət həyata keçirilir».

Politoloq Leyla Əliyeva isə deyir ki, neft və qaz ehtiyatlarının işlənməsinin demokratik institutların formalaşmasından əvvəl baş verdiyi ölkələrdə demokratiyanın əldə olunması çətindir:
«Buna baxmayaraq, Azərbaycanda insanlar müqavimət göstərir, mübarizə aparır. H.Clinton’un demokratiyaya heç bir diqqət ayırmadığını demək olmaz. O, Bəxtiyar Hacıyevlə görüşdü və siyasi məhbuslarla əlaqəli bəyanat verdi».

L.Əliyeva düşünür ki, Qərb ərəb ölkələrində baş verənlərdən ibrət almalıdır.

Müzakirəni tam olaraq buradan dinlə:


XS
SM
MD
LG