Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:07

İlham Əliyev-Clinton görüşündə İdrak Abbasova kim gülüb, kim ciddi qarşılayıb


İlham Əliyev və Hillary Clinton, 6 iyun 2012

İlham Əliyev və Hillary Clinton, 6 iyun 2012

-
«ABŞ Dövlət katibi Hillary Clinton'la görüşdə jurnalistlərlə bağlı danışıqlar olmadı. Amma özünü jurnalist adlandıranla biriylə bağlı epizod oldu. O da bir az gülüş doğurdu. İdrak Abbasov adlı biri haqda danışıldı».


Prezident Administrasiyasının Xarici Əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS televiziyasına müsahibəsində belə deyib. O, bunu jurnalistin «Hillary Clinton'un xüsusi münasibət bildirmək istədiyi məqam oldumu» sualına cavab olaraq deyir.

«AZƏRBAYCAN HÖKUMƏTİNİN AZADLIQ RADİOSUNUN ƏMƏKDAŞI İLƏ BAĞLI HADİSƏDƏ TUTDUĞU MÖVQEDƏN RAZI QALIBLAR»

Novruz Məmmədov

Novruz Məmmədov

«Mən səmimi deyirəm ki, belə məqam olmadı. Ümumi danışıqların ruhu bundan ibarət idi ki, ABŞ bu gün Azərbaycanda gedən daxili və xarici siyasətlə bağlı prosesləri dəstəkləyir. Və bu inkişafdan razıdır. Hətta sizin dediyinizin əksini deyə bilərəm. Bir epizodda belə bir cümlə işlədildi ki, Azərbaycan hökumətinin bu yaxınlarda AzadlıqRadiosunun, ya qəzetinin əməkdaşı ilə bağlı hadisədə tutduğu mövqedən razı qalıblar. Bunu alqışladılar».

«AZƏRBAYCAN PREZİDENTİNƏ AİD OLMADIĞI ÜÇÜN...»

Daha sonra Novruz Məmmədov jurnalistlərlə bağlı müzakirələr olmadığını söyləsə də, İdrak Abbasovun məsələsinin qaldırıldığını dilə gətirir:

«Amma özünü jurnalist adlandıran biriylə bağlı epizod oldu. O bu danışıqların lap sonunda bir az da gülüş doğurdu. İdrak Abbasov adlı biri haqda danışıldı. Onunla bağlı məsələ Azərbaycan prezidentinə aid olmadığı üçün Neft Şirkətinin vitse-prezidenti bildirdi ki, bütün ölkələrdə, bütün hökumətlərdə qeyri-qanuni tikililərlə bağlı qərarlar olur və Azərbaycan hökumətinin ona kompensasiya verməsinə baxmayaraq o bu hadisəni siyasiləşdirərək təqdim etmək istəyib. Bununla bağlı da gülüş doğuran bir söhbət oldu».

«İNANMIRAM Kİ, ABŞ RƏSMİSİ JURNALİSTİN TƏZYİQƏ MƏRUZ QALMASINI GÜLÜŞLƏ QARŞILASIN»

«Mən düşünmürəm ki, ABŞ hökumətinin ən yüksək postlarından birində duran insan jurnalistin təzyiqə məruz qalmasını gülüşlə qarşılasın».

Jurnalist İdrak Abbasovun Novruz Məmmədovun dediklərinə münasibəti belə oldu. Onun qənaətincə:

«Yəqin, Dövlət Neft Şirkətinin açıqlaması ABŞ rəsmisində gülüş doğurub».

İDRAK ABBASOV NOVRUZ MƏMMƏDOVU MƏHKƏMƏYƏ VERİR

Jurnalist Prezident Administrasiyasının rəsmisi Novruz Məmmədovu məhkəməyə verəcəyini də deyir:

«Onlar həmişə dövlət məmurunun işgüzar vurulan ziyandan danışırlar. Mənim də işgüzar nüfuzum var, mənim jurnalist olmadığımı deməklə məhsulumu almamağa çağırış edir. Məhkəməyə verəcəm və simvolik olaraq 1 dollar təzminat tələb edəcəm».

İdrak Abbasov onu da deyir ki, Novruz Məmmədovdan iş otağında dəfələrlə müsahibə götürüb:

«Yəqin yadına düşər. Sonra Prezident yanında KİV-ə Dəstək Fondu adlanan qurum özü mənə ötən il mükafat verib. Orda Əli Həsənov və başqa rəsmilər vardı».

NOVRUZ MƏMMƏDOV MƏZUNİYYƏTDƏDİR

Biz Novruz Məmmədovdan da həmin görüşdə insan haqları ilə bağlı daha nələrin müzakirə edilməsini və konkret olaraq nəyin gülüş doğurduğunu öyrənmək istədik. Amma köməkçisi onun məzuniyyətdə olduğunu bildirdi.

SƏFİRLİYİN CAVABI: «SUALI DA ONLARA VERİN»

ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət edərək sual etdik: «İdrak Abbasovla bağlı məsələ gülüş doğurdumu və gülüşə səbəb olan nəydi?»

İdrak Abbasov

İdrak Abbasov

Səfirlikdən verilən cavab qısa oldu:

«ABŞ-ın Dövlət katibi xanım Clinton'un prezident və başqa rəsmilərlə görüşündə insan haqları və hüquqları, o cümlədən İdrak Abbasovun məsələsi qaldırılıb. ABŞ tərəfi bildirib ki, insan haqları ciddi məsələdir».

O ki qaldı, İdrak Abbasovla bağlı məsələnin gülüş doğurmasına, səfirlikdən dedilər ki, bunu Azərbaycan tərəf deyib, sualı da onlara verin.

Aprelin 18-də Dövlət Neft Şirkəti Bakının Sulutəpə qəsəbəsində qanunsuz tikildiyini iddia etdiyi bir neçə evi söküb. Bu zaman sakinlərlə şirkət əməkdaşları arasında qarşıdurma olub. Jurnalist İdrak Abbasova həmin vaxt xəsarət yetirilib. Jurnalist bir müddət xəstəxanada müalicə olunub.

«XƏDİCƏ İSMAYILOVA İLƏ BAĞLI MƏSƏLƏ TƏCİLİ, CİDDİ ARAŞDIRMA TƏLƏB EDİR»

Görüşdə Xədicə İsmayılova haqda deyilənlərin doğruluğuna gəlincə, səfirliyin mətbuat xidmətindən belə cavab verildi:

«Biz AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovanı şantaj etmək cəhdlərinin dövlət tərəfindən pislənməsini alqışlayırıq. Bu məsələ təcili, ciddi araşdırmalar tələb edir».

Bu ilin martında AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova hədə məktubu alıb, daha sonra onun özəl həyatı ilə bağlı görüntü internetdə yayılıb. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu hadisəni qınayıb, bu kampaniyanın jurnalistin hakimiyyətdə korrupsiyanı ifşa edən araşdırmaları ilə bağlı olduğunu deyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG