Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 21:49

«Nazirlər Kabinetinin əməkdaşı» 8 min manat alarkən yaxalanib


Baş Prokurorluğun mətbuat xidmətindən «Media forum» verilən məlumata görə, özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim edən İmamverdiyev Ramin Baba oğlu tutulub: «Müəyyən edilib ki, Ramin İmamverdiyev aldatma və etibardan sui-istifadə yolu ilə özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim edib, Bərdənin Türkmən kəndi ərazisində torpaq sahələrinin təyinatının dəyişdirilməsi adı ilə rayon sakinindən 2012-ci ilin aprelində 10 min 100 manat, Gərənə kəndi ərazisində isə 20 min ABŞ dolları müqabilində torpaq sahəsinin satılmasını təşkil edəcəyini vəd edərək may ayında həmin puldan 10 min ABŞ dollarını alıb».

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində iyunun 6-da Bakı şəhəri, Qara Qarayev prospekti, 59 ünvanında yerləşən «McDonalds» kafesinin yaxınlığında Ramin İmamverdiyev əvvəlcədən razılaşdıqları pulun qalan hissəsini, yəni 8 min manatı Bərdə rayon sakinindən alarkən cinayət başında yaxalanıb.

Ramin İmamverdiyev özünü vəzifəli şəxs kimi təqdim edərək ümumilikdə 25 min 905 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməklə vətəndaşın hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədib.

Fakta görə Ramin İmamverdiyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb. Ona ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
.
XS
SM
MD
LG