Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:42

İlham Əmiraslanovun üstündən silah tapıldığı deyilir


Sabirabadda etiraz aksiyası. 10 aprel 2012 (Arxiv foto)
Sabirabadda etiraz aksiyası. 10 aprel 2012 (Arxiv foto)
«Sabirabad rayon Əsgərbəyli kənd sakini İlham Əmiraslanov saxlanarkən üstündən «Makarov» markalı tapança, 7 ədəd patron və patron darağı götürülüb. Daha sonra onun evinə baxış keçirilib. Evindən isə əlavə patronlar tapılıb».

Bunu AzadlıqRadiosuna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov deyib.

İlham Əmiraslanov iyunun 8-də təqsirləndirilən şəxs qismində saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. O qanunsuz silah saxlamaqda ittiham edilir.

O, ötən həftə Kür daşqınları ilə bağlı icra başçısı ilə görüşən onlarla kənd sakinlərindən biridir. Həmin sakinlər sonradan Prezident Administrasiyasına yürüş etməyi planlaşdırırdılar.

Ehsan Zahidov isə İlham Əmiraslanovun fəal vətəndaş mövqeyi nümayiş etdirdiyinə görə həbs olunması haqda yaxınlarının iddialarını rədd edib:

«Bu adam cinayət aləmində fəaldır. Əvvəllər iki dəfə məhkum edilib, bu da olacaq üçüncü. Bu adam orta təhsillidir. Heç bir hüquqi, ali təhsili yoxdur. Belə bir adamı kimlərsə hüquq müdafiəçisi kimi təqdim etmək istəyirlər. Bu da təəccüblüdür. Təhsilsiz adam necə başqalarının hüquqlarını müdafiə edə bilər?».

Ehsan Zahidovun dediyinə görə, İlham Əmiraslanov 1997-ci ildə fərarilik ittihamı ilə məhkum edilib, amma sonradan amnistiyaya düşüb. 2002-ci ildəsə vətəndaşları işə düzəltmək adı ilə aldadıb və dələduzluq ittihamı ilə 1 il 5 ay müddətinə məhkum edilib.

İlham Əmiraslanovun qardaşı Xəlil Əmiraslanov AzadlıqRadiosuna deyib ki, qardaşı fərarilik etməyib və buna görə heç vaxt məhkum olunmayıb.

«Amma dələduzluqda ittiham olunub və buna görə şərti cəza alıb. O, borc aldığı insanların vəsaitini sonradan ödəyib».

Xəlil Əmiraslanov qardaşının üstündən silah tapılması haqda məlumatı da yalan adlandırıb. «Yalandır, böhtandır, nəinki İlhamda, nəslimizdə silah olmayıb. O silahı da sellofanda gətirib qoydular. Bütün kənd görüb bunu».
XS
SM
MD
LG