Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:41

"Üç qaranquş və biz" (Şəfa Abdullayevanın 20-liyə düşməyən hekayəsi)


Swallow
Swallow
Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə düşmək üçün kifayət etməyib.


Şəfa Abdullayeva


ÜÇ QARANQUŞ VƏ BİZ


1993-cü ilin yayı idi. Anam hər gün oturub sərhəddə yaşayan bacı-qardaşının dərdinə ağlayırdı.

Biz, əlbəttə, heç nə başa düşməsək də, vəziyyətin nə qədər ciddi olmasını hiss edirdik. Anamın kədərdən yaranan qəzəbinə tuş gəlməmək üçün kölgə kimi sakitcə dolanırdıq evdə.

Belə günlərin birində təzə açılan səhərimizin sakitliyini köhnə “Moskviç”in dırıltısı pozdu. Bir azdan anamın sevinc, təəccüb dolu səsinə xalamgilin, dayımgilin yorğun səsi qarışdı.

Dörd bacı dördümüz də yerin içində dik oturduq. Sığırçın balaları kimi başımızı qapıdan çölə çıxarıb bu səs-küyün nə olduğu ilə maraqlandıq.

Artıq atam da həyətə düşmüşdü. Biz tələsik geyinib özümüzü həyətə atmağa macal etməmiş dayımın qızı və oğlu qaça-qaça otağa girdilər. İki ildən çox görmədiyim dostlarımı görcək sevincimdən az qala ürəyim dayanacaqdı.

- Səhərin gözü açılmamış bunlar hardan peyda oldu - deyə böyük bacım dilləndi. O artıq 10-cu sinfi bitirmişdi, “böyük qız” hesab olunurdu. Buna görə də bizə nisbətən soyuq qarşıladı qonaqları:

- Mənzər? Məcid? Siz haradan çıxdız?

Uşaqlar bacımı görmədikləri iki il ərzində uzanmış boyuna baxıb qapıya qısıldılar. Deyəsən, bacımın zəhmi basmışdı onları. Tərs-tərs bacıma baxdım. Mənzərin əlindən tutub çölə çıxdım. Həyətdə gördüyüm mənzərə qarşısında donub qaldım, uşaq ağlımla heç nə başa düşməyib heyrətləndim: Dayımgil yorğan-döşək, əşya, qır-qızıl - nələri vardısa 2 sınıq-salxaq maşına yükləyib gətirmişdilər. Səs-küy, uşaqların veşlərin üstündə atılıb-düşməsi, əlbəttə, mənə ləzzət edirdi, məni yanlız işin bu tərəfi maraqlandırırdı ki, artıq xalauşaqları, dayıuşaqları bir yerdə qalacağıq həmişəlik. Böyüklərin üzündə isə o vaxt başa düşmədiyim bir nigarançılıq var idi. Hərə öz dərdindəydi. Gələnlər orada qoyduqları ev-eşiklərinin, atam bu böyük ailəyə necə ərzaq çatdıracağının, böyük bacım isə ev işlərinin nəzərə çarpacaq qədər artacağını bilib pəjmürdə-hal idi. Deməli, məsələ bu qədər acınacaqlı idi. Amma bunun bizə - 9 yaşlı mən, məndən bir az böyük 2 bacım, mənimlə yaşıd dayımın qızı, 6 yaşlı qardaşım və dayımın eyni yaşlı oğlu - bizim üçün hava istənilən halda xoş idi....

O gündən başlayaraq indiyə qədər heç yaşamadığımız macəralara atılmağa başladıq. Dırmanmadığımız ağac, çıxmadığımız təpə, eşələnmədiyimiz zibillik qalmadı. Anamın qayda-qanununu elə unutmuşduq ki, elə bil evdə quzu balası olan biz deyildik. Anamın arada gözü bizim “işlərdən” birinə sataşanda barmağını sirkələyib “Siz qudurmusuz!” deməsi artıq heç nəyi dəyişmirdi.

Mənzər bir aləm idi. Çox zərif, çilli üzü vardı, arıq və zəhlətökən dərəcədə təmizkar idi. Oynayarkən xata olardı ki, üstünə bir az toz səpəydim. Başlayacaqdı zır-zır ağlamağa. Onunla oynayarkən əsl artistka olurdum. Həm onu əyləndirmək, həm də süslü tərzini pozmamaq üçün əməlli-başlı tər tökürdüm. Vaxt geçdikcə bir-birimizə öyrəşməyə başladıq. Həmişə kiçik dəstələrə bölünürdük. Mən, Mənzər, bacım Əsmər bir qrupda, qardaşım və dayım oğlu qoşunun uşaqları ilə başqa qrupda olurduq və böyükləri çərlətmək üçün bütün enerjimizi sərf edirdik. 12 yaşlı üçüncü bacım Mehriban ilk vaxtlar bizə qoşulsa da, bizim əsl “Bandit” qruplaşması olduğumuzu dərk edib tez ayrıldı bizdən. O adətən tək gəzirdi. Həmişə bizimlə böyük bacımız arasında tərəddüdlü gediş edir, qərar verə bilmirdi bizəmi qoşulsun, özünü dağ başına qoyan bacımamı? Nəysə, belə günlərin birində mən Əsmərlə günün istisindən qorunmaq üçün anamın sərdiyi yataqda yatmaq işgəncəsindən qurtulmaq üçün baş sındırdığımız vaxt Mənzər qaça-qaça içəri girdi. Solğun üzü qızarmış, həyəcandan, hiddətdən pörtmüşdü. Özünü mənim üstümə atdı:

- Gülü, bilirsən Akiflə Məcidgil nə edib?!

Məcid qardaşı idi.

Nə? - mən onun bərəlmiş gözlərinə baxıb nə olduğunu təsəvvürümdə canlandırmaq istədim. - Təndirimizi uçurdublar?!

Palçıqdan təndirlər, qab-qaşıq düzəldirdik, hansı ki qardaşımın bandası bizi güdüb onları sındırırdı. Bu dəfə təndiri düzəldib etibarlı bir yerdə gizlətmişdik və mən heç cürə inanmaq istəmirdim ki, onlar bu dəfə də bizim qurumuş palçığımızı sındırıblar

- Yox! Gəlin! Görəcəksiz!

Mənzərin tutulmuş nəfəsi bizə çox təsir etdi, gün də artıq batmaq üzrə idi. Ona görə də anamın qadağasına baxmayaraq onun ardınca düşdük.

Bizim evin altında qapalı padval var idi. Yalnız bir qapısı vardı ki, həmişə də bağlı olurdu. Görünür, şüşələrin hansısa qırıq yerindən bir çüt qaranquş orda yuva qurmuşdu. Mən axırıncı dəfə baxanda yuvada 3 çilli yumurta var idi. Bu qiymətli bilgimi heç kimlə paylaşmamışdım, bir az sonra isə xalamgil gəlmiş, başım necə qarışmışdısa, ümumiyyətlə, qaranquş da, onun 3 çilli yumurtası da yaddan çıxmışdı. Üçümüz də həyətə düşüb padvalın ağzına yığışıb çığır-bağır salan oğlanları kənara itələdik və gördüyümüz mənzərə bizim nitqimizi qurutdu: Yuva uçmuşdu, yerdə yalnız az-az palçıq qırığı, saman çöpləri bir də 3 ətcə-bala qaranquş qalmışdı. Akif mənimlə Əsmərin hiddətli baxışların görüb dili topuq çala-çala:

- Mən eləmədim, Məcid uçurtdu...

- Yalançı! - Məcid əllərini ölçə-ölçə qışqırdı - Sən demədin gedək padvalda qaranquş bala çıxardıb?!

- Mən dedim baxaq! Demədim ki, uçurdaq!

- Boyumuz çatmadı da baxmağa! Dedik aşağı salaq yuvanı baxaq da... Sən gətirdin də süpürgəni, niyə yalan danışırsan!

- Nə olub orda? Nə hay salmısız?!

Əmimin səsin eşidən kimi oğlanlar buxar olub yoxa çıxdılar. Evimizin arxasında sahə var idi, Əmin adətən ordakı qurumuş otları biçir, iri ot təpələri düzəldirdi. İndi də görünür havanın sərinləməsini fürsət bilib işinə gedirdi. Bizim yanımızdan ötüb-keçsə də, uçmuş yuvanı görmədi.

Mənzər aşağı əyilib ətcəbalanın birini əlinə götürdü:

- Can... – ağlamsındı - Ananı istiyirsən, hə? Əlləri qurusun!

Mənlə Əsmər bir-birimizə baxıb Mənzər kimi yerə çökdük, hərəmiz bir qaranquş balasını götürüb:

- Əlləri qurusun! - qarğışını təkrar etdik

Mənzər:

- Yox, belə olmaz! Bunlara təzədən yuva düzəltmək lazımdır.

Əsmər uçmuş yuvaya baxıb:

- Bunu düzəltmək olar, amma palçıq islatmalıyıq, çox qurudur bu.

Onlar müzakirə edən vaxt mən evə çıxıb bir stul gətirdim. Balaları stulun üstünə qoyub padvalın qapısının ağzına gətirdik. Həmin vaxt iri qaranquşlar qapıyacan gəlir, vurnuxur, təzədən geri qayıdırdı. Anasın görən ətcəbalalar isə yerlərindən az qala bir boy hündürlüyündə qalxır, ağızlarını yekə açıb çığırışırdılar. Bu balaca quşların analarına münasibəti məni təəccübləndirirdi. O vaxta qədər elə bilirdim ki, ana-bala anlayışı təkcə insanlar arasında mövcuddur. Ana qaranquşun gözlərindəki kədər hətta bizi də təsirləndirirdi. Kənardan onun balalarına baxması, stulun dövrəsində çırpınıb yenə uçması, amma uzaqlaşa bilməyib təzədən geri gəlməsi yenə çırpınması...

Mənzər ağlamsınıb:

- Yazıq qaranquşlar, yetim qaldılar!

Niyə axı? – dedim - qaranquşlar balalarının sağ olduğunu gördü ki. Gedib təzə yuva tikərlər, gəlib balaların apararlar.

Mənzər tərs-tərs üzümə baxdı:

- Sən heç bilirsən bir yuva neçə vaxta başa gəlir?

- Neçə?

- 3 aya!

- Pah! Onu kim deyib sənə?

- Anam. Görmürsən, qışda yoxa çıxır onlar. Həmin vaxt gizlənib təkcə yuva tikməklə məşğul olurlar!

- Əcəb ağıllısız ha...

Üçümüz də səsə boylandıq. Mehriban pəncərədən bizə boylanıb gülürdü

- Sən qarışma!

- Siz qarışıb nə edəcəksiz? Övladlığa götürəcəksiz? Ha-ha-ha!

- Lazım olsa onu da edərik! Sən qəddarsan!

Mehriban aşağı düşüb bizə yaxınlaşdı:

- Vallah, çatışmır sizdə. Yuva dağılıb. Bunlardan qaranquş olmaz

- Biz özümüz kömək edəcəyik onların anasına ki, yuva tiksin!

Mehriban ağzını əydi:

- Anasına! Onun anası sənə yaxın gələr heç?!

Mənzər yenə qeyri-adi fikir söylədi:

- Ana qaranquş hissiyyatlıdır. Bilir ki, biz ona kömək etmək istəyirik. O bizi başa düşür.
Hətta nə danışdığımızı da bilir!

- Ətimi tökmə! Bunu da anan deyib?

- Hə. İndi görəcəksən! - Bizə tərəf döndü - Gəlin qaranquşla danışaq.

Bu, əlbəttə ki, təhlükəli bir fikir idi. Heç qaranquş da insanı başa düşər?.. Amma həmin vaxt müttəfiqimizin tərəfini tutmaqdan başqa çarəmiz yox idi.

Mənzər başını qaldırdı. Firlanmaqdan yorulub işıq xətlərinin üstünə qonmuş qaranquşlara baxdı:

- Ey ana qaranquş, ey ata qaranquş, məni başa düşürsüz?

Bir anlıq üzücü sükut çökdü ətrafa... Mehriban iztehzayla dilləndi:

- Bərkdən de, bəlkə eşitmir...

Mənzər hiddətlə ona tərəf döndü:

- Onun dili yoxdur, amma işarə verə bilər!

- Versin görək də!

Ey qaranquş, məni başa düşürsüzsə yerinizdən dəbərin!

Həmin an mən Allaha yalvardım ki, qaranquşlardan biri təsadüfən də olsa qımıldasın. Amma olmadı.

- Nə oldu?

Üçümüz də nifrətlə Mehribana baxdıq, sanki qaranquşun uçmamasına səbəb o idi. Mənzər bacımı itələdi:

- Səndən qorxurlar! Get burdan!

- Çilli!

Mehriban uzaqlaşsa da, biz hələ pərt idik. Bircə Mənzər yorulmadan təzə ideyalar irəli sürürdü

- Biz bu qaranquşları saxlamalıyıq. Onların anası təzə yuva tikənə qədər. Sonra qaytararıq anasına.

Qaranquş bu boyda balaları necə aparacaq? - dedim.

Mənzər ani olaraq fikrə getdi:

- Biz özümüz aparıb yuvaya qoyarıq

- Bəs yuvanın harda olduğunu nə biləcəyik?

- Uzaqda olmaz hər halda - birdən hirsləndi - sən saxlamaq istəmirsən?!
Mənzər haradan biləydi ki mən, sadəcə, dəqiqləşdirmək istəyirdim sonradan bu qaranquşları anasına qaytarmaq məcburiyyətimiz olmayacaq ki? Çünki qaranquş saxlamaq fikri mənə olduqca maraqlı və cəzbedici gəlirdi... Həmin an xəyalımdan keçirtdim ki “Mənim qaranquşum” böyüyüb, mənimlə birgə məktəbə gedir. Mən ona danışmağı öyrədirəm, bütün şagirdlər mənim başıma yığılıb. Qaranquşun hesabına mən məktəbin ən məşhur şagirdiyəm və s və i...

Qaranquş balaların əvvəlcə boşqablara qoyduq. Anam çox dedi, çox acıqlandı, amma atamın bir kəlməsi ilə sakitləşdi:

- İşin yoxdu, savabdı.

Qaranquşlar heç nə yemirdilər ki, bu da bizi çox narahat edirdi. Akiflə Məcidi yaxın belə qoymurduq. Onlar da guya heç maraqlanmırdılar bizim ətcəbalalarla. Mehriban çox lağ eləsə də, arada xeyrimizə də nəsə deyirdi:

- Ay ağıllılar, o xırda balaya çörək yedirdəllər heç?! Boşqabın içində qaranquş qalar?

- Sən guya çox bilirsən bizdən?!

- Hər halda mən bilirəm ki, onların hələ cücü, həşərat yeyən vaxtıdır. Həm də onlara torpaqdan düzəlmiş yuva lazımdır. Belə soyuq olar.

O bizim bacarıqsızlığımızı sübut etmək üçün lazım olanları deyirdi, amma bununla bizə necə kömək etdiyini bilmirdi.

Bir azdan artıq üçümüz də torpaqda eşələnirdik. Məqsədimiz də həşərat, cücü-mücü tapmaq idi.

- Tapdım - Mənzər qışqırdı - soxulcan tapdım!

Əsmər:

- Vööö! Ona əlini vuracaqsan?

Mənzər duruxdu, yazıq-yazıq Əsmərə, isti yerindən “narahat edilmiş”, nə baş verdiyini anlamayıb qıvrılan soxulcana baxdı. Mən həmin an fədakarlıq etmək lazım olduğunu dərk eləyib, qəhrəmancasına soxulcana yaxınlaşdım. Yaxınlaşdıqca da cəsarətim azaldı, ətim ürpəşdi. Boylanıb çöp tapıb götürdüm əlimə. Çətinliklə də olsa, çöplə soxulcanı bir təhər “yemək qabı”na atdım. Və qalxıb qürurla Əsmərlə Mənzərə baxdım. Artıq bu qrupun rəhbəri mən hesab olunurdum.

- Burda heç nə yoxdur! Gedək bağın o başını eşələyək.

Qızlar dinməz-söyləməz arxamca gəlirdilər. Mən səbəbsiz olaraq yer dəyişir, ”Bura yox, bura da olmaz” deyib başçılıq etmək xatirinə böyük bağı dolandırırdım.
Sonra yuva qurmaq mərasimi başladı. 1-2 gün də yuvanın forması üçün baş sındırdıq.

Mənzər:

- Ev formasında edək. Balalar indidən insan kimi yaşamağa öyrənsinlər.

- İçinə necə qoyacayıq balaları bəs?

- Qapı düzəldərik.

Razılaşdıq və palçıqdan ev düzəltməyə başladıq amma bu göründüyü qədər də asan məsələ deyilmiş. Ev formasını heç cür ala bilmirdik. Hələ qapı heç mümkün olacağa oxşamırdı. Axırda qapı fikrindən vaz keçdik. Qapısız ev düzəltmək istədik amma onu da bacarmadıq. Bir tərəfdən də qaranquş balaların bizim min bir əziyyətlə tapıb torpaq altından çıxartığımız “çeşid-çeşid yeməkləri” yemək istəməməsi bizi lap kədərləndirirdi. Su içirtmək məsələsi lap məşəqqətli idi: Duzqabılara su doldurub balaların başını bütünlüklə salırdıq o qaba ki su içsin. Nankor qaranquş isə hərəkətsiz halda boynunu qaçırırdı. Nəhayət ki, 3-5 günlük mübarizədən sonra adi formada yuva düzəltməyə qərar verdik. Mehriban, əlbəttə ki, bunu fürsət bildi:

- Nə oldu, saray düzəldə bilmədiz?

- Onlar hələ balacadır, hələlik öz yuvalarında qalsın, sonra taxtadan ev düzəldəcəyik iri, üçü də eyni evdə qalacaq.

- Onlar böyüməyəcək! Böyüsə də sizin yanınızda qalmayacaq! Qaranquş heç vaxt insanla qalmaz...

Mənzər:

- Qalacaq! - deyə qışqırdı, sən paxılsan, sənin qaranquşun yoxdur deyə paxıllıq çəkirsən! Get burdan!

- Çilli!

Taxtadan ev məsələsin başçı kimi mən irəli sürmüşdüm. Bununla da təskinlik verirdik özümüzə. Yuva da asan başa gəlmirdi, hər şeyi təbii yolla düzəltmək istəyirdik, ona görə palçığa saman çöpləri qatmışdıq. Deyəsən, onlar palçığa yaxşı qarışmadıqları üçün balalar rahat ola bilmirdilər yuvada.

Zavallı ətcəbalalar əsl canlı oyuncağa çevrilmişdilər bizim üçün. Yemək yeməyə güclə öyrətmişdik, az-az yeyir, arada da su içirdilər. Amma balaların yuvanı “bulaması” bizə çətinlik törədirdi, boşqab deyil ki suyla yuyaq, palçığı islatmaq olmazdı. Elə hey baş sındırırdıq, ana qaranquş bu problemi necə həll edirmiş

- Biz bunları insan kimi öyrətməli deyilik? – deyə qızlardan soruşdum.

Əsmər:

- Hə. Amma əvvəl böyüsünlər, sonra dil öyrədərik.

Mənzər:

- Yox, indidən öyrətməliyik. Uşaq balaca vaxtından danışmağı öyrənir.

- Bunlar heç e, bəs bu balaların yerini batırmasın necə edək?

Fikirləşməyə başladıq

- Tapdım, – qışqırdım - gəlin qaranquşları bələyək!

- O necə olur?

- Gül kimi! Yuvaya döşək düzəldək, parçadan əskilər hazırlayaq, qaranquşu bələyək. onda yuva da bulanmaz, bələk bulanar, onu da yumaq asandır.

Həmin gündən başlayaraq qaranquşları bələməyə başladıq. İlk öncə yuvaya qalın bir parça sərdik, hətta yastıq da düzəltdik. Qaranquşun qanadları da daxil olmaqla əskinin içinə bükdük. Hər dəfə parçanı açıb yumaq bizə xoş olmurdu. Ona da çarə tapdıq; qaranquş balalarına pampers geyindirdik!

Bəli, lap kiçik parça kəsib lazımı nahiyəyə qoyurduq, sonra bələyi bükürdük. Bununla da işimiz çox rahatlanmışdı. Mehriban artıq bizə deməyə söz tapmırdı, sadəcə başını yelləyirdi, amma hiss olunurdu ki, həddindən artıq maraqlı məşğuliyyətimiz onu da maraqlandırmağa başlamışdı. Akiflə Məcid isə heç 3 metrəlikdən yaxınlaşa bilmirdi balalara, axı onlar qatil hesab olunurdu, biz isə himayədar idik. Nə yeyirdiksə, balalara da ondan verirdik artıq. Hətta bir dəfə anam təndirdə çörək bişirəndə yuva qarışıq apardım təndir üstünə və isti çörəyin içindən buğlanan kiçik parçalar qoparıb qaranquşun ağzına dürtüşdürdüm. Qaranquş civildəyib çırpındı...

Əlbəttə mən bunun səbəbin başa düşmədim...

Və bu günlərin bir günündə Mehriban əlində sərçə balası yanımıza qaçdı:

- Baxın, mənim də “balam” var!

Üçümüz də qəribə nəzərlərlə sərçəyə baxırdıq, o bizim arıq, eybəcər qaranquş balalarımızdan göyçək idi.

- Hardan tapdın bunu?

- Akifgil tapıblar, pişik yemək istəyirmiş!

- Saxlamaq istəyirsən?

- Əlbəttə!

- Anam icazə verməz!

- Sizə necə verdi bəs?!

- Biz savab qazanırıq!

- Mən də qazanmaq istəyirəm!

- Onsuz da böyüyəndən sonra səninlə qalmayacaq - ox düz hədəfə dəymişdi - özün
deyirsən ki, quşlar qalmaz insanlarla

- Sərçə qalar - bunu deyən dayımın arvadı idi - qaranquşa baxma.
Çox pərt idik. Bu boyda əziyyətə baxmayaraq bu qaranquşlar böyüyüb bizi tərk edəcəkdilər?

Bacımın sərçəsinə əməlli-başlı qıcıq olurduq. Bizim axşama qədər əlləşib-vuruşmağımıza qarşılıq bacım sərçə üçün heç əziyyət çəkmir, nə yuva, nə həşərat, nə bələk... Sərçə gözəl-gözəl atılıb düşürdü özü üçün, günü-gündən toppuşlaşıb gözəlləşirdi daha da. Öz qaranquşlarımız gözümüzdən düşmüşdü. Artıq bu oyun köhnəlmişdi, ondan ləzzət almırdıq və təzə macəra axtarırdıq. Bəzən saatlarla nə su, nə çorək vermirdik. Bələyi açanda isə böyüklərdən gördüyümüzü edirdik:

- Sənə deməmişəm yerini batırma?! - deyib qaranquşun “yumşaq yerinə” şillə çəkirdik, amma təbii ki heç bir yumşaqlıq olmadığı üçün qaranquşun nə keçirdiyini indi də fikirləşə bilmirəm...

Bacım bizim kimi deyildi, barrikada çəkməmişdi sərçəsi üçün, quş saxlamaqdan həzz alırdı, gizlətmirdi də öz quşunu. Amma onun xoşbəxtliyi 10 gündən artıq çəkmədi.

Evimizdə kiçik kitabxana var idi. Şkafın lap başında Azərbaycan Sovet Ensiklopediyaları səf-səf düzülmüşdü. Hər biri 2-3 kiloluq 10 qırmızı kitab...

Akiflə Məcid öz ziyankar “repertuarlarında” idilər hələ də. Sərçənin nəzarətsiz qalmasından istifadə edib o qırmızı kitabların ikisini üst-üstə qoyub yatmış sərçənin üstünə atdılar...

Sərçənin ağzından qan gəlirdi...

Eynən kitabın rəngi kimi qan...

Mehriban oturub zülüm-zülüm ağlayırdı

Sərçənin paxıllığın nə qədər çəksək də o qədər kədərlənmişdik hamımız. Əlbəttə o quşun yox olmasını arzulamışdım, amma daha bu formada yox ki...

Çox qəribədir ki, sərçə öləndən sonra əlimiz öz balalarımıza qulluq etməyə heç gəlmirdi. Əksinə şəxsən mən qaranquşumun yanına gedə, onu əvvəlki kimi səylə yedirdib-içirdib, bələmirdim. Yuvası da bulanmışdı, quru yuva indi yaş palçıq olmuşdu. Anam:

- Bu yetimlərə qulluq edə bilməyəcəkdizsə niyə gətirdiz evin yuxarı başına?!
Verəcək cavabımız yox idi.

Əlbəttə ki, bu vəziyyət çox çəkmədi. Bir gün bütöv, bir gün də yarı heç xəbərimiz olmadı balalardan. Onları xatırlayıb yanına qaçanda isə artıq gec idi:

Qaranquş balaları başları əcaib formada burulmuş, qacıyıb qalmışdılar. Mən, Əsmər, Mənzər donub qalmışdıq yuvanın başında. Bilmək olmurdu sevinirdik, ya kədərlənirdik. Bu əziyyət tələb edən oyundan canımız qurtardığına görə sonuncu səhnəni də yaxşı oynamalı idik ki, pərdə düşsün...

Xalamgil gələn gündən keçən 45 gün ərzində evimizin arxasında 3 otaqlı bir tikili inşasına başlanmışdı. Atam dayımın, xalamın ailəsi ilə birgə rahat ola biləcəyi evi əvəz edəcək bir şey tikdirirdi. Artıq divarları götürülmüş, üstü örtülmüş, içi sementlənmişdi. Qalmışdı bircə yerinə taxta vurmaq.

Qaranquşlarımız üçün qəbirləri məhz o təzə tiklinin arxasında, kiçik təpəcikdə qazdıq. Qırıq şüşələrin üstünə kağız yapışdırıb qaranquş şəkli çəkdik. Qaranquşların doğum və ölüm tarixini onlar bizim əlimizə keçən gündən hesabladıq. Nəticədə 28 gün alındı... Nadan uşaqların öz əyləncələrini təmin etmək hesabına 3 qaranquşu tələf etdikləri 28 gün...

Nəhayət qəbirlər hazır oldu, qaranquşları basdırıb sakitcə qayıtdıq. Bir-birimizin üzünə baxa bilmirdik. Üçümüz də susmuşduq. Dayım:

- Bunların dilin pişik yeyib? - deyə zarafat elədi. Arvadı isə daha “anlayışlı idi deyəsən:

- Quşları ölüb, xifət edirlər - dedi.

Doğurdanmı bizim “etdiyimiz” xiffət idi?..

3 gün sonra dilləndim:

- Bu gün balalarımızın 3-dür...

Əsmərlə Mənzər heyrətlə üzümə baxdılar, axı neçə gün idi heç birimiz qaranquşları xatırlamırdıq, daha doğrusu dilimizə gətirmirdik.

- Neyləyək?

- Qəbirlərini ziyarət etməliyik...

Təzə tikiliyə çatanda Mənzər:

Mənim ürəyim gedəcək qəbir üstə, tutun ha, qoymayın yerə yıxılım. Toza bataram.
Bacımla mən ona nifrətlə baxıb üzümüzü turşutduq.

Qəbrə çatanda isə son səhnədə idik artıq.

Nə vaxtsa elə ağlayıb qışqırmağım yadıma gəlmir. Gücümüz gəldikcə bağırır, özümüzü çırpırdıq. Yaxşı ki Mənzər ürəyi keçmək fikrindən daşındı. Zatən ona diqqət edəcək halda deyildik. Gözümüzdən yaş çıxmrdı, amma yerdən torpaq götürüb başımıza tökdüyümüzü yaxşı xatırlayıram.

- Ax bizim nakam balalarımız! Yetim balalarımız!

- Axı biz sizə göz bəbəyimiz kimi baxırdıq - ani olaraq Əsmərə baxdım, nəzərlərini
qaçırdı.

- Biz sizin ananıza, atanıza nə cavab verəcəyik bəs? Axı əmanət idiz siz bizə, indi yəqin ki yuvaları qurulub.

Əlbəttə, mən o vaxt bilmirdim ki, o qaranquşlar bəlkə də yuva qurub artıq, amma başqa balalar üçün. Hətta bizim balalar sağ qalmış olsaydı belə, ana qaranquş nə yuvası dağılmış evə qayıdar nə də balalarının ardınca...

Yox, mən balalarımsız yaşaya bilmərəm, yooox! Hühüüüü...

Mənzər artıq çox şişirtdiyinin fərqinə varmırdı. Onu sakitləşdirmək istəyirdim ki, elə həmin an təzə tikilinin divarının ardından bizə bir cüt göz baxdığını gördüm. Təəccüb, heyrət, qorxu dolu bir cüt göz.

Əmim yenə ot yığmağa gedirmiş. Tikilinin arxasından ağlaşma, çığırışma səsi eşidib dönüb. Və bizim halımızı görüb az qala gözü kəlləsinə çıxmışdı.

Siz... siz burda nə edirsiz, nədir bu belə, baş-gözünüz niyə toz-torpaq içindədi?

Sakit şəkildə dilləndim:

- Qaranquşlarımızın 3-nə gəlmişik.

Əmim bir anlıq bizə, sonra da şüşə üzərindəki kağıza çəklmiş qaranquş şəklinə, 28 gün yazılmış yazıya baxdı və qışqırdı:

- Durun, rədd olun burdan!!! Qaranquşlara it zülmü edib indi də qəbir üstə ağlayırlar!..

Son hissə də oynanılmışdı, pərdə asta-asta enir, biz isə asta-asta evə doğru, əmim isə öz işinə gedirdi.

O bizim ilk və son şahidimiz idi...

8 gün sonra xalamgil, dayımgil, Mənzər, Məcid - 53 günlük qonaqlarımız həmin sınıq-salxaq maşınları ilə evlərinə - artıq nisbətən sakitləşmiş sərhəd zonasına qayıtdılar.
Veşlərini aparmadılar, anam qoymadı:

- Bəlkə, iraq olsun yenə gəlməli olduz, yükünüz ağır olmasın - dedi.

Onlar daha gələsi olmadı. Biz də həmin veşləri daha sonrakı səfərlərimizdə hissə-hissə apardıq onlara.

Həmin tikili də toyuq-cücəmizə “Komfortlu” ev oldu...

Hələ də o tikilinin arxasına keçmirəm...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG