Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:29

Keçmiş deputat Nazim Məmmədov, «İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin sədr müavini Rövşən Ağayev və Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov prezident tərəfindən təsdiq olunmuş yerli icra hakimiyyətləri haqqında Əsasnaməni müzakirə edirlər.

-
«Hakimiyyətin idarəetmə məsələlərinə münasibətində dəyişiklik baş verməyib».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyinin sədr müavini Rövşən Ağayev prezident tərəfindən təsdiq olunmuş yerli icra hakimiyyətləri haqqında əsasnaməni müzakirə edərkən deyib:
Rövşən Ağayev

Rövşən Ağayev


«YAP hakimiyyəti islahatlara getmək istəyirsə, yerlərdə hakimiyyəti xalq yaxınlaşdırmaq istəyirsə, bu, icra hakimiyyətlərinin gücləndirilməsi hesabına baş verməməlidir. Bu yerli özünüidarənin, yəni vətəndaş seçdiyi hakimiyyətin gücləndirilməsi hesabına baş verməlidir».

R.Ağayev deyir ki, yeni əsasnaməyə uyğun olaraq yerli icra hakimiyyəti sistemi daha da genişlənir:

«Əvvəlki əsasnamədə yerli icra hakimiyyəti sistemi dedikdə, bura daha çox icra hakimiyyəti başçıları və onların aparatı daxil idi. Amma yeni əsasnamədə güc nazirlikləri istisna olmaqla, mərkəzi hakimiyyət orqanlarının yerli nümayəndəlikləri yerli icra hakimiyyəti sisteminə daxil edilir».

«İCRA HAKİMİYYƏTİ HƏR ŞEYƏ QARIŞACAQ»

Əmək Hüquqları Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, bu əsasnamə ilə nazirliklərlə icra hakimiyyəti orqanlarının səlahiyyətləri bir-birinə qarışır:

«İcra hakimiyyəti sabah bu əsasnaməni götürüb hər şeyə qarışacaq. Halbuki dərinə gedəndə bilinmir ki, onun səlahiyyətləri nədir».

Nazim Məmmədov

Nazim Məmmədov

Keçmiş deputat Nazim Məmmədov isə deyir ki, nazirliklər dövlət siyasətini müəyyən edirlərsə, yerlərdəki qurumlara rəhbərləri təyinetmə səlahiyyətinin icra hakimiyyətinə verilməsi absurd addımdır:

«İcra başçısı həmin sahəyə kimisə təyin edirsə, həmin şəxs ona tabe olacaq. İcra başçısı bu idarələrdən aylıq pul tələb edir. Onlar da aşağı vəzifəli şəxslərdən tələb edirlər».

N.Məmmədovun fikrincə, yeni əsasnamə ilə icra başçılarının lobbiçilik fəaliyyətləri daha da tündləşdirilir.

«YENİ ƏSASNAMƏ ÜMİDLƏRİ BOŞA ÇIXARDI»

S.Məmmədov deyir ki, əsasnamənin yaxşı cəhətləri var, amma:
Sahib Məmmədov

Sahib Məmmədov


«Bu sənəd yerli icra hakimiyyətinin idarə olunması baxımından onların fəaliyyətlərini təkmilləşdirə bilər, məsuliyyətlərini artıra, vəzifələrini dəqiqləşdirə bilər. Amma o səlahiyyətlərin bir çoxu abstraktdır. Bələdiyyə bu sistemdə harada qalır? Mən onu tapa bilmədim».

R.Ağayev deyir ki, onsuz da Azərbaycanda bələdiyyələrin normal fəaliyyəti üçün şərait yox idi və qanunvericilikdə bu barədə boşluq var idi. Onun fikrincə, yeni əsasnamə bələdiyyələrin dirilməsinə olan ümidləri boşa çıxardı:

«Artıq hakimiyyətin verdiyi mesaj bu oldu ki, biz cəmiyyətdə, ölkənin idarə olunmasında seçkili orqanlara, vətəndaşların səsi ilə formalaşan orqanlara yox, təyinatlı orqanlara istinad edəcəyik, onların fəaliyyətini gücləndirəcəyik».

Müzakirəni tam olaraq buradan dinlə:


Şərhləri göstər

XS
SM
MD
LG