Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:53
Göygöldə yaşayan İlqar Əliyev AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib. Deyir ki, uzun illərdir şəxsiyyət vəsiqəsi ala bilmir. Göygöl rayon Polis Şöbəsinin şəxsiyyət vəsiqəsi bölməsindən ona şifahi şəkildə bildirilir ki, barəsində ölüm aktı var. Bunu əsas gətirərək ona şəxsiyyət vəsiqəsi vermirlər. İdarədən ona bunu rəsmi şəkildə bildirmədikləri üçün o, idarəyə qarşı məhkəmədə iddia da qaldıra bilmir.

İlqar Əliyev:

«1988-ci ildə Ermənistandan qaçqın düşmüşəm. Bir müddət Rusiyada yaşamışam, sonra Xanlara (Göygöl) köçmüşəm, burda ev almışam və qeydiyyata düşmüşəm. 2000-ci illərin əvvəlində ailəmdən rəsmi ayrılmışam və evi tərk etmişəm. Bir müddət Bakıda yaşamışam. Göygölə qayıdandan sonra xəbər tutmuşam ki, məndən xəbərsiz evin adıma olan sənədini ləğv ediblər, özümü də həmin ünvandan yaşayış qeydiyyatından çıxarıblar. Məhkəməyə müraciət etmək istəyəndə isə bildirdilər ki, sovet pasportunu şəxsiyyət vəsiqəsi ilə əvəz etməliyəm. Göygöl Polis Şöbəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinə müraciət edəndə bildirdilər ki, sənin barəndə ölüm aktı var, əvvəlcə onu ləğv etdirməlisən. Hər dəfə bunu mənə şifahi deyirlər, ölüm aktını isə göstərmirlər. Bu yolla da mənə şəxsiyyət vəsiqəsi vermirlər».

Orxan Mansurzadə

Orxan Mansurzadə

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə İlqar Əliyevin dediklərinin həqiqətəuyğun olmadığını deyir:

«Göygöl rayonunun Quşçu kənd sakini İlqar Əliyevə şəxsiyyət vəsiqəsi verilməməsinin əsl səbəbi ona məxsus keçmiş nümunəli sovet pasportundakı doğum tarixini saxtalaşdırması -anadan olduğu ilin tarixini qaralayıb başqa rəqəmlə əvəzləməsi ilə əlaqədardır. Şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etdiyi Göygöl rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunda ona bunun üçün doğum haqqında şəhadətnaməsini təqdim etməli olduğunun zəruriliyi dəfələrlə bildirilib. Ona itirdiyini iddia etdiyi doğum haqqında şəhadətnaməni məhkəmə qaydasında bərpa etməyin yolunu da göstəriblər. Lakin İlqar Əliyev yenə bu məqsədlə tələb olunan sənədləri təqdim etmədiyinə görə rayon məhkəməsi də onun iddiasını rədd edib».

İlqar Əliyev isə şəxsiyyət vəsiqəsi verən qurumu Gəncədəki inzibati iqtisad məhkəməsinə verməyə hazırlaşır.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG