Keçid linkləri

Təcili xəbərlər

Nə vaxtsa «mən özüm!» dedinmi?


Hillari Klinton İlham Əliyevlə görüş zamanı. 6 iyun 2012
Hillari Klinton İlham Əliyevlə görüş zamanı. 6 iyun 2012
-

«Gördünüz? H.Klinton müxalifətçilərlə görüşmədi!». Kimi bunu sevinclə, kim də aşkar kədər və məyusluqla deyir. Amma mən burada nə sevinc, nə kədər üçün bir əsas, motiv görmürəm. Bəlkə də H.Klintonun Azərbaycana ən axır növbədə, özü də hələ də səfirsiz ölkəyə səfər etməsi daha düşündürücüdür, nəinki bu hadisə, çünki o, Azərbaycanın bölgənin ən güclü və ən vacib ölkə olması haqda deyilənlərlə çox böyük ziddiyyət təşkil edir. Mənim bu yazıda H.Klintonun səfərinin incəliklərini çözmək fikrim yoxdur. Bunu etməyə cəhd edənlər də ictmaiyyət üçün təəccüblü və yenilik ola biləcək detal üzə çıxara bilmədilər. Bəlkə də ən maraqlı nüans dövlət katibinin Azərbaycanın Dünya Ticarət Təşkilatına tezliklə üzv olacağı haqda dedikləri oldu. Əslində indiyə qədər bu ölkənin həmin təşkilata üzv olmaması bir qədər təəccüblü görünür və təsadüfi deyil, tez – tez müxtəlif ictimai debatların predmeti olurdu.

Təbii, Klintonun Qarabağ münaqişəsi haqda dediyi məsələ də maraq kəsb etməyə bilməz. Lakin dövlət katibi onu da dedi ki, tezliklə tərəflərə təqdim olunacaq yeni təşəbbüs özündə yenə Madrid prinsiplərini ehtiva edir, sadəcə onların həyata keçirilməsi ardıcıllığı əvvəl təqdim olunan təkliflərlərdən fərqlənir. O, bunlardan savayı ciddi analitik marağa səbəb ola biləcək başqa bir şey dilə gətirmədi. Mən yazını səfərin irəlicədən yaratdığı ümidlərdən başladım. İndi bu ümidlərin doğrulmaması aydın oldu. Lakin o da aydın oldu ki, hər bir şey öz həddində olanda gözəldir və o mənada ümidlər də istisnalıq təşkil etmir. Üstəlik, bir daha aydın oldu ki, ölkə müxalifətçiləri müxtəlif dövlətlərin ölkə ilə bağlı ssenarilərində onlara ayırdığı rolu ya başa düşmək istəmir, ya da ki bununla barışmaq istəmirlər. Burada yadıma milli hərəkatın ilk günlərindəki mitinqlər zamanı tez – tez səslənən «Ağ atlı oğlan» məsələsi düşür. Bunun hətta bir qədər daha məşhur variantı da var–o da A.Qrinin «Al yelkənlər»idi.
Hər kəs öz zövqünə görə bu iki əsərdən birini seçə bilər. Lakin ideya eynidir və hər ikisi gözəl nağıldır. Həyat və xüsusən də siyasət nağıl deyil. Həyatda hər şey bir sehrli kəlmədən – «Mən özüm!» kəlməsindən başlayır. Əgər ölkə və onun insanları bu kəlməni dilə gətirirsə onun işləri gedir, gətirmirsə...
AVROPA MƏDƏNİYYƏTİNDƏN KİÇİK BİR ARAYIŞ
Qərb mədəniyyətinin ayrılmaz cəhəti şəxsiyyətə hörmətdir. Bu həm də özü – özünə hörmət deməkdir. Nə sovet dövründə, nə də ondan əvvəl–çarlıq və mütləqiyyət dövründə böyük bir ərazinin mədəniyyətində o, olmayıb. Bəlkə keçmiş sovet adamlarının, xüsusən də azərbaycanlıların ən çox sevdiyi və çətin situasiyada tez – tez təkrar etdiyi ifadə «Biz kimik ki?» ifadəsidir. Bəli, buradan da «Hökumətlə hökumətlik etməmək» psixologiyası meydana çıxır.
Dünyadakı proseslər demokratiya nəzəriyyəçilərini bəzi hadisələrə yenidən baxmağa vadar edir. Onlar indi bu fikirdədir ki, insanları etiraza təkcə aclıq və səfalət sövq etmir, bir çox hallarda insanlar özlərində bir şəxsiyyət görür və bunun diqtəsi kimi etiraz edirlər, çünki şəxsiyyət özünə qarşı hörmət və diqqət tələb edir. Məşhur bir Amerika filmi var. Orada baş qəhrəman özünə və dostlarına ruh vermək üçün tez – tez bir cümləni dilə gətirir: «Başqaları bacarıbsa biz də bacararıq!». Siyasət də, cəmiyyət də belədir. Başqalarının bacardığını etməyə səndə əminlik yoxdursa, onda çətin olacaq. Bəzi halda isə həyatda hətta başqalarının etmədiklərini də etmək zərurəti meydanı çıxır və həyatın mühərriki də məhz belə zərurətlərdir. İlk demokratiyalar təzahür etdikləri zaman nə Avropa Şurası vardı, nə ATƏT, nə də ki, başqa bir institut və çox vaxt dünyanın yarıdan çoxunun onlarda nə baş verdiyindən xəbəri belə olmurdu, necə ki, Şimali Koreyada insanların M.Ceksonun ölümündən xəbəri yoxdur. Amma onlar bacardılar, deməli digərləri də bacar bilər...
QOQOL, ALAH MİRZƏ CƏLİLƏ RƏHMƏT ETSİN...
«Ölüləri» tez – tez xatırlayıram. O vaxt dirilərin hər biri müxtəlif səbəblərdən öz ölülərinin dirilməsini istəmədi. Bu, adi bir hekayə, nağıl deyil. Elə millətin özü də passiv vaxtlarında ölü kimi olur. Belə vaxtlarda da Şeyx Nəsrullahlar peyda olur. Millətin diri oğulları müxtəlif səbəblərdən onun dirilməsini arzu etmir, hamı «xub!» deyərək fikirləşmək üçün evinə yollanır. Onları da başa düşmək mümkündür: biri mandatını itirmək, başqası mandat almaq şansını qeyb etmək, üçüncüsü böyük qrantlardan məhrum olmaq istəmir və beləcə millətin dirilməsi qalır başqa vədəyə...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG