Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:49
-
«Bir tikə çörəkdən ötrü Gürcüstana gedib mal gətiririk. Orada ucuzluqdur. Nə uşaqlarım, nə həyat yoldaşım heç yerdə işləmir. Həmin gün 2 sutka neytral zonada qalmışdıq. Mayın 31-i posta gəldim ki, icazə verin keçək evə gedək. Hərənin də bir çanta əşyası var. Dedilər mümkün deyil. Qolumdan tutdu».

47 yaşlı Qazax sakini Natella Məmmədova Qazax rayon xəstəxanasında döyülmə xəsarətləri ilə müalicə olunur. Bir həftədir xəstəxanadadır. Natella Məmmədova Azərbaycan-Gürcüstan sərhədindəki «Sınıq Körpü»də (bura «Qırmızı körpü» də deyirlər) döyüldüyünü, onu döyənlərin isə gömrük əməkdaşları olduğunu iddia edir:

«BOĞAZIMDAN TUTUB MƏN DİVARA ÇIRPDI»

«Mənə dedi ki, «nə səsini başına almısan, stolu başına keçirərəm». Dedim «mən sənə nə dedim ki, stolu başıma keçirirsən». Sonra məni təhqir etdi. Məni təhqir edəndə ona cavab qaytardım. Üstümə cumub boğazımdan tutub mən divara çırpdı. Başım divara dəyəndən sonra huşumu itirib gömrükdə yıxıldım. Orada həkimlər yardım edib, ayılmamışam. Təcili yardım çağırıblar. Polisin iştirakı ilə məni Qazax rayon Mərkəzi Xəstəxanasına gətiriblər. Əlinin izi boğazımdadır. Beyin travması, silkələnmə keçirmişəm, qollarım göm-göydür».

Natella Məmmədova ilə birlikdə olan 52 yaşlı Ağstafa rayon sakini Cəmilə Xəlilova da gömrük postunda döyülüb xəsarət aldığını deyir:

«Mayın 31-i gecə 12-nin yarısında «Qırmızı körpü»də malımı əlimdən aldılar. Beş çantam vardı. Gömrüyün 3 əməkdaşı «olmaz» deyib məni o ki, var döydülər. Sonra həkim gəldi, məni xəstəxanaya apardılar. Sınıq olmasa da, bütün qabırğalarım əzilib. Heç adamın həyat yoldaşının adamı vurmağa ixtiyarı yoxdur. 3 nəfər yekə-yekə kişilər məni döydü. Hamısını da tanıyaram».

«QADINLAR XƏSTƏXANAYA DÖYÜLMƏ XƏSARƏTLƏRİ İLƏ GƏTİRİLİB»

Natella Məmmədova xəstəxanadadır, Cəmilə Xəlilova isə iyunun 5-də buraxılıb.

Qazax rayon xəstəxanasının travmatologiya şöbəsinin müdiri Allahverdi Quliyev deyir ki, hər 2 qadın xəstəxanaya iyunun 1-də döyülmə xəsarətləri ilə gətirilib:

«Ümumi döyülmədir. Natellada beyin sarsıntısı olub. Ümumiyyətlə, ikisi də stress keçirib. Aydındır ki, döyülən adam stress keçirəcək. Natellada beyin sarsıntısı olub, bədən səthinin müxtəlif nahiyələrində qançır - sıyrıntılar var. Cəmilə stress keçirib. Yüngül qançırlar var».

Allahverdi Quliyev hər iki qadının vəziyyətinin kafi olduğunu bildirir.
Azərbaycan-Gürcüstan sərhədi, 14 iyun 2010

Azərbaycan-Gürcüstan sərhədi, 14 iyun 2010


«DEYİLƏNLƏR BÖHTANDIR»

Qadınların iddiaları ilə əlaqədar 2 gün Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlasaq da, bizə cavab verən tapılmadı. Qazax rayonunda yerləşən «Sınıq Körpü» gömrük-sərhəd buraxılış məntəqəsinin rəhbərliyi ilə də əlaqə saxlaya bilmədik. «Sınıq Körpü» gömrük postu Qazax rayonu ərazisində yerləşsə də, Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin tabeliyindədir. Tovuz Gömrük İdarəsindən də zənglərimizə cavab verilmədi. Nəhayət, növbətçi hissədən özünü Əliyev soyadı ilə təqdim edən şəxs bildirdi ki, rəis, müavinləri, ümumiyyətlə, rəhbərlikdən heç kim yerində yoxdur. Əliyev qadınların dediklərini isə böhtan adlandırdı:

«Onlar gündəlik gedib-gələn, mal daşıyan qadınlardır. Orda sərnişin dəhlizi mərmərdir, orada yıxılıb. Qadın özü yıxılıb. Sonra isə işdə olmayan adamın adını çəkib ki, bəs məni döyüblər. Bunlar hamısı böhtandır. Onlar deyə bilərlər, ancaq belə bir şey olmayıb».

POLİS ARAŞDIRMA APARIR

Natella Məmmədova ilə Cəmilə Xəlilova döyülmələri ilə əlaqədar Qazax rayon polis şöbəsinə də müraciət ediblər. Rayon polis şöbəsinin növbətçi hissəsindən ətraflı məlumat verməsələr də, dedilər ki, rəsmi şikayət ərizəsi var, araşdırma aparılır:

«Material istintaqdadır, hələ araşdırma getdiyi üçün əlavə bir məlumat verə bilmərik».

Polis şöbəsindən onu da dedilər ki, qadınların döyülməsi ilə bağlı ekspertiza təyin olunub. Rəy hələ məlum deyil.

Şərhləri göstər

XS
SM
MD
LG