Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:23
«Biz istərdik ki, Şərq Tərəfdaşlığına qoşulan ölkələr media azadlığı sahəsində lazımı öhdəlikləri yerinə yetirsinlər. Ancaq əksər ölkələrdə nəinki azad mətbuat yoxdur, hətta mediaya nəzarət get-gedə artır. Məsələn, Azərbaycanda jurnalistlərə qarşı təzyiq və qorxular, diffamasiya məsələsi bizi şoka saldı. Bu cür problemlər Ermənistan, Belarus və digər ölkələrdə də var. Biz yayım mediasında plüralizm görmək istəyirik».

Bunu Avropa Birliyinin genişlənmə məsələləri və Avropa Qonşuluq Siyasəti komissarı Stefan Fule deyib.

Cənab Fule iyunun 6-da Brüsseldə «Rusiya və Şərq Tərəfdaşlığı ölkələrində xəbər mediasının vəziyyəti» mövzusunda jurnalistlər üçün keçirilən beynəlxalq seminarda çıxış edib. Deyib ki, baxmayaraq ki, Şərq Tərəfdaşlığına qoşulan ölkələr bu tərəfdaşlığın prinsiplərini yerinə yetirməyə söz veriblər, bəzi ölkələrdə əsas azadlıqların təmin edilməsində problemlər var.

Stefan Fule Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Avropa Birliyi haqqında sərt fikirlərinə də münasibət bildirib. AzadlıqRadiosunun bununla bağlı sualına cavabında Fule deyib ki, bu cür məsələlər ikitərəfli münasibətlərə öz mənfi təsirini göstərir:

«GÖSTƏRİN Kİ, AZƏRBAYCAN DEMOKRATİK ÖLKƏDİR»

««Eurovision» mahnı müsabiqəsinin Azərbaycanda keçiriləcəyi bəlli olandan sonra biz Azərbaycan hakimiyyətinə aydın şəkildə bildirdik ki, bütün diqqət ölkənizə yönələcək. Bu imkandan istifadə edin və göstərin ki, Azərbaycan demokratik ölkədir. Onlar bunu etdilərmi? Düşünürəm ki, bu baş vermədi. Mən jurnalistlərin böyük təzyiq altında olmaları barədə məlumatlar alıram. Bütün bunlar elə məsələlərdir ki, bizim münasibətlərə öz təsirini göstərir. Azərbaycan başa düşməlidir ki, bu gedişlə Avropa Birliyi ilə əməkdaşlığa nail ola bilməyəcək. Vətəndaş cəmiyyəti ilə münasibətlərdə isə heç bir ləngimə olmayacaq. Əksinə, bu cür münasibətləri artırmağa çalışacağıq».

Stefan Fule Azərbaycanla bağlı müzakirələrdə bu ölkədə İnternet senzurasının olmaması fikri ilə razılaşmadığını da deyib. Bildirib ki, hakimiyyət xüsusilə də sosial şəbəkələrin istifadəsinə əngəl yaratmağa çalışır. Cənab Fule bildirib ki, Avropa Parlamenti Avropa Şurasının dəstəyi ilə gələn həftə Azərbaycanla birgə təşkil edəcəyi müzakirələrin səmərəli keçəcəyinə ümid edir. «Çalışacağıq ki, Azərbaycan demokratik öhdəliklərin həyata keçirilməsinin vacibliyin qəbul etsin».

İNTERNETDƏ SENZURA VAR

Johann Bihr

Johann Bihr

Tədbirdə çıxış edən Sərhədsiz Reportyorlar Təşkilatının Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Johann Bihr də Azərbaycanda demokratiya sahəsində ciddi problemlərin olduğunu bildirib.

«Azərbaycanda hələ də həbsdə yatan jurnalistlər var. Baxmayaraq ki, gənc fəal Bəxtiyar Hacıyev bir neçə gün əvvəl azadlığa buraxılıb, ölkədə bu cür problemlər hələ də qalır».

Johann Bihr Azərbaycanda İnternet təhlükəsizliyinin də olmadığını bildirib. «Siz ola bilsin ki, Azərbaycanda AzadlıqRadiosu və ya «Azadlıq» qəzetinin internet səhifəsinə azad daxil ola bilirsiniz. Ancaq bu cür müstəqil saytlar blok olunur. Digər tərəfdən sosial şəbəkələrdə siyasi çağırışlara görə həbsə düşənlər var. Yəni bu ölkədə İnternet senzurasının olmaması fikri ilə razı deyiləm».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG