Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:23
Balayar Sadiq


Şeirlər


ALLAHIN TƏBƏSSÜMÜ

Vaxt qapını döyür
əski əlifbayla
Üzünə Allahın təbəssümü
düşməyən sözlər
küçənin ortasında
cırır yaxasını…
Qeyrətin, vicdanın
üşüdüyü yerlərdən
getmək vaxtıdır.
Bu səhər
sözləri, sözbətləri yudum
xatirə çaylarında
Ömrü suya deyil
daşlara danışdım
ağac dilində
Sükutu atdım
Allahın səbrinə qonmuş
quşlara.
Gördüm, bir quş
qanadından yaralandı
vicdanın tükü də tərpənmədi…
Sevincin, kədərin
köhnə əşyaya döndüyü
yerlərin ətri burnumda
Daha getmək vaxtıdır,
ağacların ayaq üstə
durmaqdan
imtina etdiyi yerlərdən,
getmək vaxtıdır…


QORXU

Diz çöküb önündə
ağlamaq olmur bu şəhərin
O qadının göz yaşları da
bir yandan
səbrimi isladır
İnandırmaq olmur
küçələri
həqiqətin fahişə olduğuna…
Göydələnlər şəhərində
boyu görünmür azadlığın.
Ümidin ölmədiyi
günlərin
əksi düşür gölməçələrə.
Zamanın addım səsindəki
qorxunun
rəsmini çəkmək istəyirəm,
barmaqlarını ver…


VAXTIN VAXTI

Gəzmək olmur bu şəhərdə,
olmur…
küçələr boğazadək
adam içində
adamlar boğazadək küçə.
hər küçənin başında
bir küçə ağlayır…
Tində dilənən qocanın
gözlərinə baxmaqdan
utanır ölüm,
Utanmır ibadətindən
neft buruqları…
Tanrı qədər dəniz
yaxındı bu şəhərə, yaxındı…
əzan səsi minarələri
toz kimi çırpır üstündən.
Dəniz qədər Tanrıdan
uzaqdı bu şəhər, uzaqdı…
Əclaflığın kvadratı
küçələri süpürür ümid sözüylə
Siqaret qıtlığıdır
azadlığın atasını yandırıb
çəkirlər küçələrdə.
Quruyub iman ağacları,
həqiqət quşları
qonmağa yer tapmır
bu şəhərdə
Aç ovcunu, Allah,
ovcunu aç,
əgər vaxtın varsa…


SƏNİN YOXLUĞUN

Sənin yoxluğundan
gəlir bu yollar.
Soruşmağın ehtiyac kanalı
tutmur bu dalğanı
Dünən sübh tezdən
çıxıb getmişdi bu yerlərdən
həqiqət haqqında söhbətlər -
ayağını çəkə-çəkə…
Niyəsini məndən soruşma,
sənin yoxluğundan
gəlir bu yollar.
Saçlarını qoxla tənhalığın
yalnızlığın əllərini
ovcuna al
üşüməsin xatirələr.
Sevgi bağçasında
nifrət gülləri də
ətir qoxuyur
tikanında sənin barmağının
qanı olduğundanmı, bilmirəm,
sənin yoxluğundan
gəlir bu yollar…


ÜŞÜYƏN UCALIQ

Gəldim,
uzaqlar əliboş qaldı…
ağacların danışdığı
rəngdə yorğunam.
Baxışımda çidarlanıb
buludlar
Yaddaşımın çölləri
dağılıb
yaşıllığın təravətinə…
Damarlarımda mələyən
quzuları varaqlayıram
canavar səsinə məktub yazaraq…
Yenə də gec gəldi həndəsə fəsli
Məni unudubdu
bütün rəqəmlər
ağacların danışdığı rəngdə
İndi bir köntöy sözün
üstünə çıxıb
zamanın üzünə
solaxay bir həqiqəti
çırpmaq gərəkdir
ağacların danışdığı rəngdə.
Daha qaldır əllərini
bayraq əvəzi
və unutma,
ucalan bütün bayraqların
üşüdüyü bir ucalıq var
ağacların danışdığı rəngdə…


HƏQİQƏTİN BİR ADDIMLIĞI

Bir gün
ətəyini yığıb
bu şəhərin içindən
keçəcək bu dəniz,
bulvar rəisinin
hay-küyünə tüpürərək…
Yəqin dağüstü parka çıxacaq,
bir az
hava alsın deyə.
Məncə,
mazutlu ayaqlarını sahildə yusa
pis olmaz.
Bilirəm,
mazut qoxusuna
ən çox nifrət edən
şəhidlər xiyabanıdır.
Bilirəm,
sən bunu bilmirsən,
axı, o xiyabanda
heç üşümədin ki…


MƏHBUSLAR

Məhbuslar!
Qalxın bu gecənin ahına.
Yuxunuzu sərin
dəmir çarpayıların üstünə.
İçindəki
Son ümid payını
soyuq su kimi ovuclayıb
çırpın yorğunluğun üzünə.
Məhbuslar!
Bu gün sıranıza,
otağınıza,
Üzündən-gözündən
qan sıza-sıza,
Azadlıq adında
bir məhbus gəlir.
Yaxanızdakı nömrəni
ilan qabığı kimi soyun.
Bu yaxası nömrəsiz
məhbusun göz yaşında,
Ömrünüzün
bu qərib gecəsini yuyun.
Bu qərib gecəni,
tənha gecəni,
ölən ümidlərə
başdaşı qoyun.
Məhbuslar, məhbuslar!
Məmləkət dar ağacıdır,
Dövran ömrümüzə günüdür.
Başınız sağ olsun,
sabah
Azadlığın edam günüdür.


KİTABI BAĞLANAN YOL

Kəndimizə gedən yolların
kitabı bağlanıb,
oxumağa kimsə yox,
yollar kəndimizi oxuyur indi.
Kəndimizin oxumaq həvəsini
biz öldürdük
oxuduğumuz kitablarla…
hər gün bir kitab ayrıldıq
kənddən
kəndi kitabsız qoyduq…
Kitabla kənd arasında
göydələn meşələr,
dənizlər, limanlar,
Qibləyə gülümsəyən
səhra yolları,
Qoca Şərqin göz yaşlarında
yuyunan şeytan təbəssümü,
Hökmdarların hakimiyyət qorxusu
bir ovuc adam,
bir qurtum it,
çmdarlanmış zaman,
alnını ovuşduran Şuşa,
Allaha yetməyən məktublar
və mən
və mənim gözlərimdən
tökülən bu şeir
və bir də
önümdə kitabı bağlanan yol

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG