Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:31

Vüsal Nurunun 20-liyə keçməyən hekayəsi


Vüsal Nuru
Vüsal Nuru

Bu hekayə «Ədəbi Azadlıq -2012» Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib

-
Depo

Avtobus qapılarını açan kimi adamlar içəridən daşıb çölə töküldü. Tələsik düşənlərdən birinin ayağı büdrədi və ağzı üstə yerə yapışdı. Əl atıb durğuzdular, o da pərtliyini gizlədərək metroya tərəf getdi. Yuxulu görünürdü. O, Avtobusdan yox, fırlancaqdan düşən adam kimi idi.

Kişinin 35-40 yaşları olardı. Başına qara kepka qoymuşdu. Əyninə də qəhvəyi rəngli qısa gödəkcə və mavi rəngli cins şalvar geyinmişdi. Əllərini gödəkcənin cibinə qoyub, cibiylə bərabər qarnını qucaqlamışdı. Hiss olunurdu ki, səhərin ayazı onu üşüdür. O, çiyinlərini qulağının dibinə qədər qaldırıb, əsnəyə-əsnəyə özünü metronun şüşəli qapılarına çatdırmağa çalışırdı.

Yol boyu əsnəyirdi. Ağzını ayğır kimi acıb, gözlərini yumurdu. Özü də alt çənəsini sağ tərəfə əyərək əsnəyirdi. Üzü arıq olduğundan əsnəyəndə sifəti eybəcərləşirdi. Bu, çox gülməli görünürdü. Nazik, bir az da donqar olan burnunun üstü qırışırdı. Qaşlarının biri alnına qədər qalxanda, o biri bərk-bərk yumulmuş gözünün üstünə əyilirdi. Ağzını yuman kimi tənbəl-tənbəl əlini cibindən çıxardıb yumruğuyla sulanmış gözlərini silirdi.
Nəhayət, o adam metronun şüşəli qapılardan içəri girdi. Ayağını eskalatora qoyan kimi platformadan qalxan isti hava, onun dartışa qalmış çiyinlərinin gərginliyini boşaltdı. O, eskalatorun rezin məhəccərindən tutub mürgülü halda dayandı.

Platformada sərnişin az görünürdü. Deyəsən, qatar təzəcə getmişdi.

O, özünü divarın yanındakı taxta oturacağa çatdırmışdı ki, tuneldən gələn növbəti qatarın səsi və işığı onu minik zolağına çağırdı. Qatar dayandı. O, üzünə açılan qapıdan içəri girdi. Küncdəki üç nəfərlik oturacağın birinin boş olduğunu gözü alan kimi keçib oturdu. Yerini rahatlayıb başını nikelli turnikə söykədi. Gözünü yumdu. Görünürdü ki, düşəcəyi yerə qədər bir az mürgüləmək istəyir.

Diktor qızın şirin səsi kəsiləndə qapılar çırpılaraq bağlandı. Dəmirlərin gərilməsi eşidildi. Qatar yerindən tərpəndi və getdikcə sürəti artdı. Ayaq üstə duran sərnişinlər saat kəfgiri kimi yırğalandılar.

Hər stansiyada diktor qızın səsini, qapıların şaqqıltıyla açılıb-örtülməsini eşidirdi. Görünürdü ki, o yatmaq istəsə də, yatıb qalmaq istəmirdi.

Diktor qızın səsi növbəti dəfə salona yayıldı: “ Qatar növbəti stansiyadan depoya gedir”. Qapılar yenə çırpılaraq bağlandı və yenə ağır dəmirlərin gərilməsi eşidildi.

Növbəti stansiyada düşüb qatar gözləməli olacaqdı. Odur ki, xəbər o adamın onsuz da sallanıb tökülmüş üzünün ifadəsini bir az da əyişdirdi. Elə bil qulağına səs yox, burnuna üfunət iyi doldu.

Gözünün birini aralayıb qolundakı saata baxdı. Nəyisə zamanla ölçdü. Yenidən gözünü bərk-bərk yumub bir dayanacaqlıq yolda bacardığı qədər çox mürgüləməyə çalışdı.
Qatar dayandı. Qapılar açıldı. O, gözlərini bir az araladı və tənbəl-tənbəl platformaya düşdü. Dodağının altında mızıldandı: “Xarabaya qalsın deponuz!”

Qəfildən arxada çırpılan qatarın qapıları onun səksəndirdi. Yuxulu beyni bir az ayıldı. Gözünü aralayıb söykənəcəyi sütunu axtarmaq üçün başını bir az qaldırdı. Baxışları ətrafı gəzdikcə gözləri bərəldi və həyəcanlandı. Durduğu yerdə havalanmış kimi bir necə dəfə fırlanıb harada olduğunu aydınlaşdırmağa çalışdı.

Qatarın enerjisi azaldıqca işıqları yanıb sönürdü. Göz kimi qırpınırdı. Hətta haradasa naqil suya düşmüş kimi ət ürpədici səslə cızıldayırdı. Və bu qırpan işıqda o adam harada olduğunu aydın görmək istəyirdi.

Elə bil hündür bina zəlzələdən yerlə yeksan olmuşdu, o isə həmin binanın zirzəmisində sağ qalmış yeganə adam idi.

Qatara minmək üçün əvvəl qapıları döydü ki, açsınlar. Bir neçə dəfə qışqırdı. Sonra əlacsız qalıb hirslə qatarın sükançı kabinəsinə tərəf getdi. Daşların üstündən keçəndə büdrədi. Deyinə-deyinə, söyə-söyə sükançı kabinəsinə yaxınlaşdı. Şüşədən baxanda içəridə heç kimi görmədi. Sükanın üstündəki bir tay çəhrayı rəngli uşaq əlcəyi var idi. O adam bütün diqqətini əlcəyə yönəldib nə baş verdiyini anlamağa çalışdı. Sonra qorxdu. Qışqırıb kömək çağırdı.

Qatarın enerjisi isə getdikcə daha da azalırdı. İşıq tamamı ilə sönmək üzrəydi.

O adam gözünü alaqaranlığa öyrəşdirəndən sonra anladı ki, dağılmış bir stansiyanın platformasındadır. Orta sütunların bir neçəsi dağılmışdı. Tavandan, divarlardan daşlar, betonlar ətrafa səpələnmişdi. Yuxarı qalxan pilləkənin biri uçqundan tamamilə bağlanmışdı.

O adam daşların üstündən, yanından bir təhər yol tapıb platformanın o biri başına tərəf getdi. Ayaqqabı tayı daşıyıb gizlədən it kimi külək əlinə keçən kloku, qəzeti, əskini gətirib daşların arasına soxmuşdu. Zibillik idi.

O adam başını yuxarı qaldıranda üzünə yel vurdu. Bu pilləkən də dağılmışdı. Amma yuxarıdan hava və işıq gəlirdi. O, alpinist kimi yuxarı dırmaşdı.

Dərin quyudan çıxan adam kimi nəhayət çölə çıxa bildi. Nəfəsi təngimişdi. Boğazına toz-torpaq dolduğundan bir-iki dəfə yüngülvarı öskürdü. Üst-başını çırpıb dikəldi. Ətrafına baxanda kötüyə sancılmış balta kimi yerində qaldı. O, elə bil stansiyadan 45-ci ilin viran qalmış Berlin şəhərinə çıxmışdı. Ətraf dəhşət idi. Vahiməli sükut və qorxunc mənzərələr. Yanmış, dağılmış binalar. Evlər. Tərsinə çevrilmiş maşınlar. Hətta bu ağ - qara görünən şəhərdə bir nazik yaşıl ot da görünmürdü. Həyat ölmüşdü.

O adamın heyrətdən bərəlmiş gözləri qeyri-ixtiyari dondu. Harada olduğunu düşündü. Sonra özündə güc tapıb ürkək-ürkək qarşı tərəfə addımladı. Elə bil sükutu pozmağa ürək eləmirdi. Yəqin ki, düşmən gülləsinə tuş gələcəyindən də ehtiyatlanırdı. Bunlar onun üzündə görünürdü.

O adam birdən dayandı. Hiss elədi ki, arxasında kimsə var. Rəngi ağardı və alnında tər damcıları almanın üstündə şeh kimi parıldadı. Həyəcandan az qalırdı ürəyi ağzından çıxsın. Nəfəsini tutdu. Ehtiyatla arxaya çevrildi. Amma heç kim yox idi. Bir az ürəkləndi. Ciyərlərindəki nəfəsi püskürərək boşaltdı. Üzünü çöndərən kimi qarşısında qəfil peyda olanı görüb səksəndi. Hətta qışqırıb bir az arxaya sıçradı.

Qarşısında duran on üç, on dörd yaşlarında bir qız idi. Qızın görünüşü adamın tükünü ürpədirdi. Ona rahat baxmaq üçün gərək ürək daşdan olaydı. Elə bil yazıq uşaq Marten sobasından qaçıb gəlmişdi. Qara saçı alnına tökülsə də üzünün dərisi əriyib yaxılmışdı. Ağzını, gözünü, burnunu əymişdi. Sağ gözünün qapağı aşağı dartıldığından bir gözü tamam örtülmüşdü. Çənəsi boğazına yapışmışdı. Barmaqları qurumuş ağac budaqları kimi idi.

Əynində əsgər formasının kitelini geyinmişdi. Dizinə düşürdü. Arıq ayaqlarının dərisi sümüyünə yapışmışdı.

O adam qızı yuxarıdan aşağı süzüb içini çəkərək ufuldadı və taqətsiz halda dizləri bükülərək uşağın qarşısında yerə çökdü. Onunla üz-üzə durdu.
Uşaq qımıldanmadan ona baxırdı. Cizgiləri əridiyindən üzünün ifadəsi bilinmirdi. Elə durub baxırdı.

O adam isə qızın qarşısında yumağa dönmüşdü. Çənəsi, qaşı titrəyirdi. Nəfəsi təngimişdi. Güclə udqunurdu. Papağını aşağıda salmışdı. Odur ki, tükü seyrəlmiş başındakı tər damcıları parıldayır, alnına süzüldüyü görünürdü. Gözlərini qızın əyilmiş ağzına zilləmişdi. Elə bil onun nəsə deməsinə hava-su kimi ehtiyacı var idi.
Belə dəhşətli bir mənzərənin sükutu nəhayət ki pozuldu.

- Gəl! - Uşağın dodaqları tərpəndi. Boğuq səsi zəif eşidilsə də o adamın qulağına şillə kimi çırpıldı. “Gəl... Gəl... Gəl” səsləri sükutun dərinliklərinə uçduqca qulaqdan itdi.
Uşaq sözünü deyən kimi dönüb dağılmış binalara tərəf getdi.

Qızın başının arxası, boynu dəhşətli dərəcədə ağır yanmışdı. Təsəvvür eləmək mümkün deyil. Tük deyilən şey yox idi. Saçı başının ortasından alnına tökülən qədər imiş.
O adam bir müddət qulağına çırpılan səsi dərk elədi, sonra durub uşağın dalınca addımladı.

Bir necə addımdan sonra o adam ürəklənib pıçıltıyla soruşdu:

- Qızım, ay qızım! Əmiyə deməzsən, bura haradır?

Uşaq soyuqqanlı cavab verdi. Sadəcə dedi ki, uşaq dünyasıdır. O adamı aldığı cavabdan pərt oldu. Yol boyu daha heç nə soruşmadı. Eləcə ətrafına döyükə-döyükə qızın dalınca addımladı.

Uçuq-sökük yerlərdən keçib bir hündür binaya girdilər. Bu binanın pəncərələri, divarın böyük bir hissəsi olmadığından içəri işıq idi.

O adam içəri girəndə qarışqa kimi ora-bura tələsən müxtəlif yaşlı uşaqları gördü. Onların bəziləri pilləkənlə cəld çıxır, bəziləri düşürdü. Sonra uçuq divarların arxasına keçib harasa gedir, gəlirdilər.

Yer-yurd söküntüdən, uçub tökülmüş daş-kəsəkdən təmizlənmişdi. Bir az səliqəyə salındığı hiss olunurdu. Binanın əzəmətindən görünürdü ki, bura əvvəllər möhtəşəm saray olub. İlk baxışdan hökumət evinə bənzəyirdi.

O adam durdu. Yenə havası çatmadı. Bir neçə dəfə güclə udqundu. Sonra ovcunu ürəyinin üstünə qoyub bir-iki dəfə sıxıb buraxdı. Bərəlmiş gözlərini qırpa bilmirdi. Gördüyü uşaqların hamısı tük ürpədici, hamısı yaman gündəydi.

Yanmış qız bir tərəfi dağılmış enli pilləkənlə yuxarı qalxırdı. O adam da ona tərəf getmək istəyəndə ayağını ata bilmədi. Onun şalvarının balağından bir əl tutmuşdu. Çevrilib baxanda beş-altı yaşlarında, dərisi toz-torpaqdan seçilməyən bir uşağı gördü. Uşağın yanağı göz yaşından cızıq-cızıq olmuşdu. Sağ ayağının dizdən bir az yuxarı sümüyü xıncım-xıncım olduğu üçün dərisindən sallanırdı. Elə bil ayağı kəsilmiş adamın şalvarının balağı idi.

Uşaq böyürü üstə yerdə uzanıb bir əliylə bərk-bərk şalvarın balağından yapışmışdı. Qarnı, qolları ayaqları sürünməkdən qançır idi. Uşaq başını qaldırıb yağlı zeytuna oxşayan iri qara gözlərini o adama zilləmişdi. Birdən yoğun səslə soruşdu:

- Əmi, anamı niyə öldürdün? – O adam qəfil bu qəribə sualdan özünü itirdi. Dili-dodağı əsdi. Baxışları ora-bura qaçdı. Nə deyəcəyini bilmədi.

Uşaq ikinci zərbə kimi bir də soruşdu:

- Əmi, atamı niyə öldürdün?

O adam kəkələdi:

- Mən? - dedi, - Mən yox... yox mən yox, mənim balam, mən heç kimi öldürməmişəm. Mən öldürməmişəm. Vallah, mənə inan...– Cəld əyilib uşağı yerdən götürdü. İstədi ki, könlün alsın. Amma uşaq onun üz-gözünü şillələdi, yumruqladı, qışqırdı. O adam uşağı tez yerə qoydu. Çönüb geri baxdı. Qız pilləkəndə üzü onlara tərəf durmuşdu. Şalvarının balağı uşağın əlindən çıxmışdı deyə o adam cəld pilləkənə tərəf getdi. Tez-tez də dönüb dalınca sürünən uşağa göz qoydu.

Qıza çatan kimi soruşdu:

- Hara gedirik, qızım?

Qız dillənmədi.

Yuxarı mərtəbəyə qalxdılar. Bura böyük foye idi. Elə bil uşaqların hamısı bura yığışmışdı. Amma onlar adamlıqdan çoxdan çıxmışdılar.

Küncdə, uşaqlardan bir az aralı balaca bir qız oturmuşdu. 7-8 yaşlarında olardı. Balaca qızın qarşısında iri fincan boyda dibçək vardı. Dibçəkdə bir qarışlıq gül şaxı qurumuşdu. Qız hönkür-hönkür ağlayıb, əlindəki çirkli dəsmalla gözünü silir, sonra həmin dəsmalı əlində burub sıxaraq suyunu gülün dibinə tökməyə çalışırdı. Amma nə qədər ağlasa da, nə qədər dəsmalı bərk sıxsa da gülün dibinə bir damcı da düşmürdü. Bu o adamın diqqətindən yayınmadı.

Qəfildən böyürdən çıxan bir oğlan gəlib onu itələdi. O adam səndələdi və özünü yıxılmaqdan güclə saxladı. Uşaq qaşlarını düyünləyib böyük kişilər kimi zəhmlə bir müddət ona baxdı. Sonra hirslə bağırıb dedi:

- Mən böyük olsaydım, sən mənim atamı öldürə bilməzdin, əclaf!

Uşağın qəribə sifəti var idi: Acıqlı. Nifrət tökülürdü. Əyninə də cırıq-cındır əsgər şalvarı geyinmişdi.

- Vallah heç kimi öldürməmişəm! – O adam tez belə cavab verdi. Uşaqların qarşısında o qədər acizləşmişdi ki, özünü müdafiə edəcək, günahsız olduğunu göstərəcək söz tapmırdı.

- Yalan deyirsən! – dedi oğlan, - Sən də elə içəridəkilərdənsən! Əclaf! – Uşaq onu nifrətlə süzüb pilləkənə tərəf addımladı.

O adam oğlanın dalınca baxan kimi qeyri-ixtiyari sızıldayıb, ufuldadı və başı gicəlləndiyindən belini divara söykədi. Oğlanın başının arxasına bir qarış boyda mərmi qəlpəsi sancılmışdı. O, Özünə gələndə içərinin hara olduğunu və oradakıların kimliyini beynindən keçirtdi. Sonra hansı günahın sahibi olduğunu düşündü.

- Böyüklərin hamısı günahkardır!

O adam elə bil yuxudan ayıldı. Qız onun beynindən keçənləri eşitmişdi.

Qız yenə dedi:

- Biz ölmək üçün doğulmuşuq? Yoxsa böyüyüb əsgər olmaq üçün? Yoxsa ölən əsgərlərin yerinə əsgər doğmaq üçün? Ya həmişə ölmək üçün? Böyüklərin məqsədinə görə doğulmaq, ölmək... Kiminsə atası mütləq kiminsə uşağını öldürür. Böyüklər elə həmişə öldürür, öldürür, öldürür... – qız az qalırdı onun üstünə bağırsın. O adam günahsız olduğunu sübut etməyə çalışdı.

Dedi:

- Axı mən ömrümdə əlimə silah almamışam. Bura da necə gəldiyimi bilmirəm.

- Biz gətirmişik. – Qız dedi.

- Necə? Siz? Niyə axı? – O adam çaş-baş halda soruşdu. Qız yenə soyuqqanlılıqla cavab verdi ki, böyüklərdən qisas alırıq.

Onlar danışa-danışa gəlib bir qapısı olmayan otağın qabağında durdular. O adam hələ də günahsızlığını sübut etməyə çalışırdı. Balaca uşağın qarşısında nə qədər zəif, aciz olduğunu duyurdu.

- Bura keç! - Qız yanıb qaralmış barmaqlarını qabağa uzatdı. O adam əlacsız halda ömürlük həbsə girirmiş kimi otağa keçdi.

İçəridə bir necə əsir var idi. Əksəriyyəti də hərbçi idi. Çiyinlərində ulduzlar parıldayırdı. Səliqəli, bahalı parçadan kostyum geyinənlər də daşların üstündə oturmuşdular.

Beton tavan uçub ortalığa tökülmüşdü. Üstündə cürbəcür bahalı kişi çəkmələri və əsgər ayaqqabıları qalaqlanmışdı. Otağın bir iri pəncərəsi var idi, onun da qapı kimi boş yeri qalmışdı. Taxta çərçivələr yanmışdı.

İçəri girəndə ona keç kim fikir vermədi. Hərə öz sözündə, öz işindəydi. Səslər bir-birinə qarışmışdı. Hamısı birdən danışırdı. Hərbiçilər bir-birlərinə əmr verir, gedib-gəlib məruzə edirdilər. Kostyumlu adamlarsa gah aralarında, gah da ayrı-ayrılıqda məşvərət aparırdılar. Amma bir-birlərindən aralı oturmuşdular. Mübahisə gedirdi.

O adam qayıdıb otaqdan çıxmaq istədi. Amma gözlənilmədən divara dəydi. Qapının yerini aydın görürdü. Astanadan cəmi bircə addım qabağa atmışdı. Qayıdıb gəldiyi yerdən də çıxmaq istəyirdi. O, növbəti dəfə də divara yapışdı. Bir anlıq real vəziyyəti düşündü. Burdakı dəlilərin niyə çıxa bilmədikləri ona aydın oldu. Başa düşdü ki, qapı olmasa da burdan çıxmaq elə də asan deyil. O, əlacsız halda çəkilib bir küncdə, balaca bir daşın üstündə oturdu. Nə baş verəcəyini gözlədi.

Sol tərəfdəki divardan bir kənd tablosu asılmışdı. Rəssam yaşıl təpələrə qalxan çəmən, uzaqda qovaq ağacları, bir də təpəlikdən lal axan dolu bir çay çəkmişdi. Diqqətlə rəsmə baxanda çəmənlikdə rəngbərəng xırda çiçəklər də aydın görünürdü. Tabloda pozulmuş, boş görünən bir yer var idi. Düz mərkəzdə. İri boz ləkəyə oxşayırdı. O adam boz yerdə nə olduğunu uzaqdan seçə bilmirdi. Şəklə yaxından baxmaq üçü durub yaxınlaşdı. Tablonun yanında iki nəfər əsgər farağatda dayanmışdı. Görünür onu qoruyurdular.
O adam gəlib tablonun qarşısında durdu. Diqqətlə baxdı. Doğrudan da elə bil rəsmin ortasından nəsə iri bir təsvir düşmüşdü. Bomboz yeri qalmışdı.

Əsgərlərdən biri qəfil ona acıqlandı və arxaya itələdi. Elə bu vaxt bir nəfər seyrək saçlı, kostyumlu kişi durub yaxınlaşdı. Arxadan onun gödəkcəsinin çiynindən tutub dartdı və hökmlə bağıraraq hamıya eşitdirdi:

- Ey, bura mənim ölkəmdir! – dedi. - Mən buranın prezidentiyəm.

Oturanlardan qara bığlı, hündür boylu bir nəfər təzə bəyanatdan əsəbiləşərək durub saçı seyrək, kostyumlu adamla burun-buruna dayandı.

- Kəs səsini! O ölkə mənimdir! Mənim də olmalıdır! – Gözlənilmədən iki yaşlı və rəsmi geyimli adamlar avara küçə uşaqları kimi itələşdilər, söyüşdülər. Sonra da əməlli başlı təpik, yumruq davası başladı. Hündür boylu adam rəqibini əzişdirdi. Yerə yıxdı. Sonra oturduğu daşın yanında bayaqdan bəri davanı izləyən əsgərlərinə qəti əmirlər verdi. Əsgərlər sırası çatmış döyüşçülər kimi meydana girdilər. Əvvəl yerdə uzanıqlı qalan kişinin ayaqqabılarını çıxartdılar. Verdilər böyüklərinə. O da ayaqqabını bayraq kimi yuxarı qaldıraraq hamıya göstərəndən sonra ortalıqda qalaqlanmış ayaqqabıların üstünə atdı.

Əsgərlər o saat tablonun qarşısında duran əsgərlərin üstünə yeridilər. Onlar da tələsik bellərindəki kəməri açıb üstlərinə gələnlərə verdilər. Dizi üstə yerə çöküb, əllərini qaldırdılar. Tablonun qarşısına təzə əsgərlər keçdi.

Hündürboylu adam yerə yıxdığı kişini qəfil ortalayıb pəhləvan kimi başının üstünə qaldırdı. Bağıraraq yerində fırlandı və birdən onu pəncərədən atdı. Sonra qalib idmançı kimi ortalıqda sinəsinə döydü. Oturduğu daşı götürüb pəncərədən atdığı adamın daşının üstünə qoyub, şəstlə əyləşdi.

Hər şey çox tez oldu. Qıraqda durub bu qəfil başlayan hadisəni mat-məəttəl seyr edən o adam, pəncərəyə qaçıb düşənin arxasınca baxdı. Kostyumlu kişi yerə-daşların üstünə çırpılmışdı. Və cəmdəyə yığışan çaqqallar kimi bir topa uşaq həmin meyitin üstünə darışmışdı. Hərəsi bir tərəfdən girişib daşa çırpılan adamın qanını içirdilər. Dişləriylə onun dərisini didib fışqıran isti qanını acgözlüklə yalayırdılar.

Sən demə uşaqların hamısı balaca vampirlər imiş. O adam sadəcə ayaq üstə öldü.
Dizləri taqətdən düşdü və pəncərənin qarşısında yerə çökdü. Heyrətdən balıq gözünə dönmüş gözləri dumanlandı və kirpiklərində muncuq kimi iri yaş dənəsi asıldı. Çənəsi səyridi. Yəqin ki, özünün də pəncərədən atılacağını və vampir uşaqlar tərəfindən parçalanaraq qanının içiləcəyini gözünün qabağına gətirirdi. Belə çıxırdı ki, uşaqlar onu özlərinə yem gətiriblər. Görünürdü ki, bu otaqda ya sən pəncərədən atmalısan, ya da səni atmalıdırlar. Bunun vampir uşaqlara dəxli yoxdur. Onlara yalnız burdakı böyüklərin qanı lazımdır.

İçəridə heç gözlənilmədən hakimiyyət dəyişmişdi. Təzə prezidenti alqışladılar. Ona təbrik nitqi deyənlər, tərifləyənlər bir-bir hündür yerə çıxıb düşürdülər.

O adam fikirləşdi ki, hakimiyyətin dəyişməsinə, aranın qəfil qarışmasına, hətta o kişinin pəncərədən atılmasına səbəb oldu. Vicdan əzabı çəkdi. Böyük olduğu üçün özünə nifrət elədi. Günahkar kimi özünü söydü. Başının arxasını bir neçə dəfə divara çırpdı. Özünü qapazladı.

Otaqdan qaçmaq üçün bir də durub qapıya qaçdı. Elə bil kimsə onu götürüb divara vurdu. Arxası üstə yerə yapışdı. Havalanmış kimi qapıya baxdı. Elə bil qapını, ya da bu sirri görməyə çalışırdı.

Birdən o adam qapının ağzında qəfil peyda olan qızı gördü. Üzündən, baxışlarından görünürdü ki, qızdan qorxur. O adam uşaqların vampir olduqlarını artıq bilirdi.
O, qıza yaxınlaşmaq istəmədi. Amma qız onu çağırdı. Özü də hiss eləmədən qorxaq adamlar kimi durub qıza yaxınlaşdı. Heç gözlənilmədən qapıdan çıxdı. Divara çırpılmadan.

Onlar qapının qarşısında duranda içəridən səs-küy gəldi. Söyüşmə, sonra dava, sonrada aşağı atılan adamın bağırtısı. O anladı ki, içəridə yenə çevriliş oldu.

Qız astadan dedi:

- Ən kiçiyimiz səni çağırır. – Qabağa düşüb yol göstərdi. O adam da beynində vuruşdurdu ki, dilsiz-ağızsız bələkdəki bir çağanın onunla nə işi ola bilər axı.

Uzun dəhlizlə gedəndən sonra uçulub dağılmamış bir otağın qapısına çatdılar. Qapının üstünə qızıl həriflərlə “Prezident” yazılmışdı. Qız qapını açdı və içəri girdilər.

İçəri zəif işıqlanmış iri bir kabinet idi. Ortalıqda uzun və enli, ayaqları bəzəkli stol qoyulmuşdu. Amma digər əşyalar qırıq-sökük idi. Hətta stullar da. Elə bil qəsdən bura girib hər şeyi vurub dağıtmışdılar. Bu pəncərənin də taxta çərçivəsi tamamı ilə yanmışdı. Divar dibindən yerdə müxtəlif yaşlı uşaqlar sırayla oturmuşdu. Üzlərindən dünyanın bədbəxtliyi və qorxusu tökülürdü. Hərəsi bir dəhşətin nümunəsiydi.

O adam əvvəl uşaqları görəndə qapıdan içəri addım atmaq istəmədi. Fikirləşdi ki, indi bu balaca vampirlərin hamısı acdı, onun üstünə atılıb damarlarını didəcəklər. Onu parçalayacaqlar. Hörümçək kimi ovlarının əl-qolunu bağlayıb, sonrada qanını sümürüb, qurutacaqlar. Amma içəri girdi və qapının ağzında durub hər yerə göz qoydu.

Qız çağırandan sonra o, ortalıqdakı stola ehtiyatla yaxınlaşdı. Stolun üstündə ağ bükülü nəsə var idi. O, boğazını uzadıb örtüyün arasına baxan kimi yerə çökdü. Ağın arasındakı doğulmadan ana bətnindən çıxardılmış təxminən altı aylıq uşaq idi.

O adam aerozolunu itirmiş astma xəstəsi kimi yerdə havasızlıqdan çapaladı. Nə qədər çalışsa da udquna bilmirdi. Gözləri yerindən çıxırdı. Bu vaxt uşaqların bütün diqqəti ona yönəlmişdi. O isə stolun ayağını qucaqlayıb boğulan adam kimi çapalayırdı. Birdən hönkürtü ilə ağlamağa başladı.

Qucağında dibçək tutan qız elə bunu gözləyirmiş kimi ona yaxınlaşdı. Və dəsmalı ilə onun üz-gözünü sildi. Sonra qucağındakı dibçəyi yerə qoyub dəsmalın suyunu onun dibinə sıxdı. Bir neçə damcı düşdü. Quruyub çatlamış torpaq islandı, yumşaldı. Çatlar itdi. Qız sevincək qışqırdı:

- Bu odur! Odur! Gəldi!

Uşaqların arasında canlanma başladı və hamısı durub onun dövrəyə aldılar. Üzləri gülümsündü. Amma o adam heç nəyi görmürmüş kimi elə hönkür-hönkür ağlayırdı. Dibçəkli qız da onun üzünü silib dəsmalını gülün dibinə sıxırdı. Hər damcı düşdükcə qışqırışırdılar.

Bələdçi qız əlini onun çiyninə qoydu. Xahiş elədi ki, bir az özünə gəlsin. O adam ürəyini boşaltmışdı, amma yenə də hıçqırırdı.

Qız dedi:

- O deyir ki, bizi burdan sən apara bilərsən.

O adam bir az da toxtayıb, burnunun suyunu qoluyla silə-silə soruşdu:

- Mən? Hara? Necə?

- Sən bizim üçün ağladın. – Qız dedi. - İçəridəkilərdən heç biri bizim üçün ağlamadı.
Sən ağladın. Böyüklər olmayan yerə apar bizi. Sən apara bilərsən. Orda müharibə yoxdur...

O adam beyni donmuş halda qızın üzünə baxdı və əlacsızlıqla dedi:

- Axı oranı tanımıram...

- Axtar, əmi, axtar. - Əlində dibçək tutan qız ona yol göstərdi. - Axı sənin göz yaşın.... – O, əlindəki dibçəyi yerdə dizi üstə oturub qalmış adamın üzünə uzatdı. O, bayaq gördüyü qurumuş şax təzə əkilmiş pöhrəyə dönmüşdü və çəhrayı rəngdə çiçək açmışdı.
O adam gözünə inana bilmirdi.

Birdən kimsə arxadan gödəkcəsindən tutub dartdı.

- Əmi, anamı sən öldürmüsən? – deyə soruşdu.

O adam çevrilib baxanda bayaqkı ayağı qırıq uşağı tanıdı.

Bu dəfə qəti və inamla cavab verdi:

- Yox, mənim balam. Mən bura sənə kömək eləməyə gəlmişəm.

- İndi yenə atışma başlayacaq! – Qız xəbərdarlıq elədi.

- Nə atışma?

- Burda müharibə bitmir. Bizi burdan apar. – dedilər.

- Əmi, mən qorxuram. İndi hər yer dağılacaq. Biz öləcəyik. Mən ölməkdən qorxuram, əmi. – Qucağında dibçək tutan qız belə deyib, yalvardı.

O adam bir-bir uşaqların hamısına baxdı. Onların qorxu dolu baxışları imdad istəyirdi. Onun üzündə ümid görürdülər.

- Yol... Müharibəsiz yer... Böyüklər olmayan yer... Axı ora haradır? – O adam dodağının altında mızıldandı. Fikirləşdi. Ağlına bir şey gəlmirdi.

Qəfildən bombardman başladı. Hər tərəfdə mərmilər partladı. Güllə səsləri, çığırtılar eşidildi. O adam bərk qorxdu. Uşaqlar çığırışırdılar. Binanın ətrafına bir neçə mərmi düşüb, partladı. Toz-duman göyə sovruldu.

O adam əyilə-əyilə pəncərəyə yaxınlaşıb küçəyə baxdı. Bayaq it əsnəməyən şəhərdə əsgərlər ora-bura qaçışır, sakinlərin fəryadları, yaralıların iniltiləri, qışqırışmalar ətrafa yayılırdı. Adamın ağlına da gəlməzdi ki, belə bir şəhərdə nə vaxtsa sükut olub. Əməlli başlı küçə döyüşü gedirdi.

O adam vəziyyətin ciddiliyini anladı. Ora bura döyüküb çıxış yolu axtardı. Gözünə qızın əlindəki dibçək sataşdı. Ağlına ilk gələn əvvəl girdiyi otaq oldu. Əyilə-əyilə otaqdan çıxdı. Bu anda binaya bir neçə mərmi düşdü. Aləm bir-birinə qarışdı. Elə bil yer-göy titrədi.

Bir təhər o adam özünü bayaqkı otağa saldı. İçəridə heç kim yox idi. Görünür burdakılar hakimiyyət üstündə bir-birlərini pəncərədən atmışdılar. Niyəsə axıra bir nəfər də qalmamışdı.

O adam divardakı şəkli götürüb uşaqlar olan otağa qayıtdı. Onu da fikirləşdi ki, şəkil olan otaqda böyüklər olduğu üçün ora uşaqlar girməyiblər. Şəkli də yəqin ki, heç vaxt görməmişdilər.

Nə etdiyini o adam özü də dəqiq bilmirdi. Bombardmanın altında fikirləşməyə vaxtı yox idi. Şəkli küncdən divara söykədi. Tablo pəncərə boyda olardı. O adam tablonun qarşısında diz üstə oturdu. Ona bir müddət diqqətlə baxdı. Sonra bir rəssamın sözünü xatırladı. Və dodağının altında təkrarladı: “Tablolarda həmişə fərqli həyat var. Onu rəssam yaradıb” O adam ehtiyat və inamla əlini kətana uzatdı. Həyəcandan əli titrəyirdi. Birdən əli şəklin içinə girdi. Sərin çəmən havasını barmaqlarının ucunda hiss elədi. Bədənindən ani üşütmə keçdi.

Sevincək halda uşaqlara tərəf döndü:

- Gəlin! Gəlin! Yol açıldı! - deyib qışqırdı. Onları tələsdirdi. Bombardmanı unutmuşdu. Küçədəki atışma heç vecinə də deyildi. Sevincindən az qalırdı uça.

Uşaqlardan biri yaxınlaşdı. Əlini qabağa uzadaraq şəklin içinə keçdi. O, çəməndə göründü. Uşaqlar ürəkləndi. Bir-birlərinin ardınca şəklə girdilər. Onları - çəməndə sevinərək tullanıb-düşən uşaqları gördükcə o adam da uşaqlaşdı. İndi sevincindən sel kimi göz yaşı tökürdü. Sevgi dolu baxışlarını çəməndəki uşaqlara zilləmişdi. Üzündə mehribanlıq və təbəssüm yağırdı.

Böyrü üstə sürünə-sürünə çəmənə gedən ayağı qırıq uşaq tabloya çatan kimi başını qaldırıb gözünü düz onun üzünə zillədi. Bir necə an baxışdıqdan sonra astadan və yorulmuş halda soruşdu:

- Əmi, məni kim öldürdü? – Uşaq cavab gözləmədən çəmənə girdi və durub qaça-qaça uşaqların ardınca getdi.

Qız hamını yola salandan sonra stolun üstündəki ağa bükülü uşağı götürüb son dəfə o adamın üzünə baxdı. Mehribancasına dedi:

- O, sənə təşəkkür edir. Elə biz də. Qoyma dalımızca böyüklər gəlsin... Ata! – Qız çəmənliyə girdi. Onun “ata” deməsi o adamı ürəyini parçaladı.

Qız çəmənliyə girəndə saçı uzandı. Əynində üstü güllü don var idi. O, başını çevirib arxaya, o adama baxırdı. Onun ağ dərisi, gözəl üzü göründü. İncə ağzı, balaca burnu, mənalı gözləri var idi.

Qız bayaq pozuq görünən yerdə durmuşdu. Tablo daha gözəl görünürdü. Hər şey tamamlanmışdı: Çəmənlik, çəmənliyə dağılmış şən uşaqlar, bir də qucağında nə isə tutmuş güllü donlu, uzun saçlı gözəl bir qız uşağı.

O adam əlini kətana sürtdü, “ata” deyən qızın uzun saçını tumarladı. Ayrılıb getmək istəmirdi. Tablonun qarşısında oturub gülə-gülə ağlayırdı.

Atışma dayandı. O isə hələ də tablonun qarşısında dizi üstə oturmuşdu. Birdən çiynində əl hiss elədi və səksənərək çevrilib başının üstündə durana baxdı. Və başına qəlpə sancılmış o acıqlı uşağı gördü. O kişi-kişi dilləndi:

- Sən get! Mən onu gizlədərəm.

O adam uşağı görən kimi bütün sevinci dağıldı və üzünün ifadəsi dəyişərək təəccübə döndü.

- Sən niyə getmədin? – Soruşdu.

- Mən əynimdəki paltarla oranı murdarlaya bilmərəm. – Uşaq dedi. - Bir də ki, ora gedəcək uşaqlar hələ çoxdur. Mən onları axtarmalıyam. Onlar gizləniblər. Onları çəmənə ötürməliyəm. Sən dur, get!

O adam qəti etiraz elədi:

- Yox, mən nə səni, nə bu tablonu, nə də gizlənən uşaqları burda qoyub gedə bilmərəm. Gedək, birlikdə axtaraq. – dedi.

- Sən dur get! Dur! Qayıt! – Oğlan o adamın çiynindən sirkələdi. Qolundan tutub qaldırdı. Qəfildən binaya mərmi düşdü. İkisi də səndələyib yıxıldı. O adamın başı yerə çırpıldı. Bir az huşu itən kimi oldu və o saat da ayıldı.

Qolundan tutan əl onu qaldırdı. Və başını qaldıranda qarşısında metronun növbətçi qadını zəhrimar tökülən sifətiylə durmuşdu. O adam oturacaqdan döşəməyə yıxılmışdı. Polis onun qolundan tutub durğuzurdu və qatardan çıxmağa məcbur edirdi.

- Qatar depoya gedir a kişi. Çıx! Mal kimi yatmısan! Evində yata bilmirsən? Tez ol!
O adam nə olduğunu dərk etməyə çalışaraq qatardan platformaya düşdü. Stansiyada adam dolu idi. Və yaxınlıqdakılar qəribə baxışlarıyla onu süzürdülər. Elə bil haradansa lap uzaqdan gəlmiş qəribə bir adama baxırdılar.

O adam tunelə girən qatarın dalınca boylandı. İnanırdı ki, bu yuxu deyil və o heç də yatıb qalmayıb. Həqiqətdir. Əsl həqiqət. Amma buna heç vaxt heç kim inanmayacaq.

O geriyə qayıtmağın yolunu fikirləşə-fikirləşə bir neçə qatar yola saldı. Depoya gedən qatarı gözləyirdi. Dodağının altında mızıldanırdı, elə bil nəyisə özünə sübut etməyə çalışırdı: “Zamanın sürəti məkanın enerjisindən asılıdır. Başqa cür ola bilməz. Nisbilik nəzəriyyəsi... Zaman burulğanı... Deməli bu həqiqətdir... ”

Burda da kino qurtardı. Ekran qaraldı və ağ titr yazıldı. Mən pultun qırmızı düyməsini sıxıb televizoru söndürdüm. Bir müddət qaranlıq ekrana baxdım. Kreslodan dura bilmirdim. Elə bil üstümdə bir şəhərin uçqunu var idi. Kino mənə dəhşət təsir eləmişdi. Təsirindən heç cür çıxa bilmirdim. Hətta yanağım islanmışdı da.

Çevrilib divardakı saata baxdım. Beşə on dəqiqə qalırdı. Amma yuxum ərşə çəkilmişdi.
Durub yan otağa keçdim. Balaca qızım yenə üstünü açmışdı, ədyalla örtüm. Bir neçə dəfə əllərindən, üzündən öpüb, otaqdan çıxdım.

Səhər tezdən gözümdən yuxu tökülə-tökülə işə getməliydim. Özü də metroyla...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG