Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 19:44

Əlil ailəsi torpaq istəyir


Arxiv foto
Arxiv foto
Maştağa qəsəbəsində yaşayan Daşqın İskəndərov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib. Deyir ki, əlil ailəsi kimi ev tikmək üçün torpaq sahəsi əldə etmək məqsədilə 4 ildir döymədiyi qapı qalmayıb. Müvafiq qurumlara müraciət etsələr də, onlara torpaq sahəsi ayrılmır.

Daşqın İskəndərov: «Sovet dönəmində atama müharibə əlili kimi Qaraçuxur qəsəbəsində ev verilib. Həmin evdə bir bacı, iki qardaş və valideynlərimiz yaşayıb. Hazırda da qardaşımla bacım həmin evdə yaşayırlar. Atam, anam gözdən əlildir. Mən isə ailə qurub evdən çıxmışam. Çünki ailə böyüdükcə darısqal evdə yaşamaq mümkün deyildi. Hazırda həyat yoldaşımla Maştağada şəraitsiz, qışda kanalizasiya suları dizə qədər çıxan bir evdə yaşayıram. Yaşadığımız ev xəstəlik mənbəyidir. Orda uşaq dünyaya gətirib böyütmək də təhlükəlidir. Ancaq onu da deyim ki, həmin evi də bizə bir tanışımız müvəqqəti verib. Ordan hara gedəcəyimizi bilmirik. Yeganə ümidimiz odur ki, anama da gözdən əlil kimi torpaq sahəsi ayrılsın, biz gedib orda ev tikib yaşayaq. Bunu da etmirlər. Son 4 ildə müraciət etmədiyimiz dövlət qurumu qalmayıb, ancaq müsbət cavab almamışıq».

İCRA HAKİMİYYƏTİ MƏSƏLƏNİ BƏLƏDİYYƏ İLƏ HƏLL ETMƏYİ MƏSLƏHƏT GÖRÜR

Suraxanı rayon İcra Hakimiyyəti əlil ailəsinə torpaq problemini Suraxanı bələdiyyəsi ilə həll etməyi məsləhət görür. İcra hakimiyyətinin ümumi şöbəsindən «Qaynar xətt»ə bildirdilər ki, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması yalnız açıq torpaq hərracları və ya müsabiqələr yolu ilə həyata keçirilir. Daşqın İskəndərov da torpaq sahəsini yalnız bu yolla əldə edə bilər.

BƏLƏDİYYƏ İSƏ BAŞQA ÜNVANA GÖNDƏRİR

Qaraçuxur bələdiyyəsindən isə bildirdilər ki, Daşqın İskəndərov, yaxud onun gözdən əlil anası müsabiqə və hərrac təşkilatçısı olan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etməlidir. Ya da torpağını hərraca çıxaran bələdiyyələrə müraciət edib, fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsi əldə edə bilərlər. O ki qaldı onların əlil ailəsi kimi torpaq sahəsi ayrılması tələblərinə, bütün kateqoriyadan olan vətəndaşlara torpaq sahəsi yalnız hərrac yolu ilə satılır.

Vəkil Yalçın İmanov da qanunvericilikdəki son dəyişikliklər əlillərə pulsuz torpaq sahəsi ayrılmasını mümkünsüz edir. Ancaq torpaq hərracında əlillərə bəzi güzəştlərin mövcud olduğunu da deyir:

«2007-ci ilin dekabrın 1-dən Azərbaycanda torpaq sahələri vətəndaşlara yalnız hərrac vasitəsilə satılır. Hərracda müəyyən start qiymət müəyyənləşdirilir, sonradan bu qiymət müraciət edənlərin sayından asılı olaraq qalxa da bilər. Pulsuz torpaqla təminatdan isə söhbət gedə bilməz. Ailədə 2 nəfər əlildirsə, onların haqqı var ki, müraciət etsinlər bələdiyyəyə, bələdiyyənin də borcudur ki, torpaq hərracı keçirilərkən birinci növbədə əlili xəbərdar etsin ki, əlil hərracda iştirak etsin. Pulsuz torpaq verilməsə də, əlil olduğuna görə həmin alıcıya hərracda qiymət məsələsində müəyyən güzəştlər ola bilər».
XS
SM
MD
LG