Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:47
Sabir İbrahimov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, 20 il əvvəl hökumətin ona Nərimanov rayonu ərazisində verdiyi mənzili Ermənistandan qaçqın düşən bir şəxs zəbt edib. Sonra həmin şəxs mənzili başqasına satıb. İndi mənzildə bu məsələlərə aidiyyatı olmayan üçüncü şəxs yaşayır. Sabir İbrahimov isə ailəsi ilə birlikdə kirayələrdə qalıb.

O, iddia edir ki, mənzil sonuncu sakinə Nərimanov rayon icra Hakimiyyətinin verdiyi saxta sənədlər əsasında satılıb. İndi o, əlini mənzildən üzüb. Ancaq tələb edir ki, heç olmasa Nərimanov rayon İcra Hakimiyyəti onun ailəsini başqa mənzillə təmin etsin.

Sabir İbrahimov: «1992-ci ildə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdim ki, ailəm böyük, ev isə darısqaldır. Komissiya təşkil olundu, yaşadığım evə baxış keçirildi. Həmin il avqustun 13-də mənə Nərimanov rayonu ərazisində sərəncamla mənzil verdilər. Həm də məni ev növbəsinə götürdülər. Mən də evdə təmizlik işləri aparırdım ki, ailəmi ora köçürdüm. Bir gün getdim gördüm evə başqası girib. Dedi ki, evi mənə Nərimanov rayon İcra Hakimiyyəti verib. İcra Hakimiyyətinə şikayət edəndə dedilər ki, qaçqındır, heç nə edə bilmərik. Bir az gözlə, sənə də başqa yerdən ev verərik. Həmin vaxt Ağdama döyüş bölgəsinə getdim, bir müddət orda qaldım, Bakıya qayıdandan az sonra həbsə düşdüm. 2010-cu ildə həbsdən buraxıldım və dövlət qurumlarına şikayətlər yazıb evimi tələb etməyə başladım. Nərimanov Rayon İcra Hakimiyyətindən cavab gəldi ki, evimdə qaçqın yaşadığına görə şikayətimi müsbət həll edə bilmirlər».

QAÇQIN EVİ ÖZƏLLƏŞDİRİB VƏ SATIB

Sabir İbrahimov deyir ki, bu yaxınlarda təsadüfən ona bəlli olub ki, həmin ev başqasına satıb: «Vəkil tutdum, vəkilim müvafiq idarələrə sorğular göndərdi, cavab gəldi ki, həmin qaçqın evi 1996-cı ildə saxta yolla özəlləşdirib və başqasına satıb».

Sabir İbrahimov Nərimanov rayon icra Hakimiyyətinə qarşı məhkəmədə iddia qaldırsa da, iddiası təmin olunmayıb.

Nərimanov rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildiriblər ki, mübahisə predmeti olmuş mənzil 1992-ci ildə yaşamaq üçün sərəncamla Sabir İbrahimova verilib.

Ermənistan qaçqını Mehriban Bədəlova da həmin mənzilə müvəqqəti qeydiyyata alınıb.

Sonradan Mehriban Bədəlovanın həmin mənzili başqasına satmasından İcra Hakimiyyətinin xəbəri olmayıb. Məsələ Sabir İbrahimovun iddiası əsasında Nərimanov rayon Məhkəməsində mübahisələndirilib. İcra hakimiyyətindən bildirildiyinə görə, əgər məhkəmə Sabir İbrahimovun başqa mənzillə təmin olunmasını öhdəlik kimi onların üzərinə qoysaydı, İcra Hakimiyyəti qətnaməyə hörmətlə yanaşardı. İcra hakimiyyətindən qeyd edirlər ki, məhkəmə belə bir qətnamə çıxarmayıb. Sabir İbrahimov yuxarı məhkəmələrə müraciət edə bilər. Tələbləri təmin olunarsa, İcra Hakimiyyəti məhkəmə qərarlarını icra edəcəyini bildirir.

İndi Sabir İbrahimov qətnamədən yuxarı instansiyalara şikayət verəcək.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG