Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:18
«Dünya birliyi ilə əlaqələrin möhkəmləndirilməsində neft-qaz amili öz sözünü deyir. Hazırda bəzi ölkələrin balansında Azərbaycan nefti 25 –30-35 faiz təşkil edir».

APA-nın məlumatına görə, bunu prezident İlham Əliyev iyunun 5-də Bakıda keçirilən «XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2012» sərgisindəki çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycanın neft-qaz sektoruna indiyədək ümumilikdə 50 milyard dollar həcmində investisiya qoyulub. 1995-ci ildən bu yana ölkə iqtisadiyyatına qoyulan investisiyaların ümumi həcmi isə 120 milyard dollardır. Hazırda Azərbaycanın valyuta ehtiyatı 40 milyard dollardan artıqdır-deyən prezidentin sözlərinə görə, artıq ARDNŞ dünya miqyaslı nəhəng neft şirkətinə çevrilib. Dövlət Neft Fondunun fəaliyyəti nəticəsində neft gəlirlərinin şəffaflığı təmin olunub.

«Ötən 8 ildə Azərbaycanın iqtisadiyyatı və sənaye istehsalı 3 dəfə artıb. Son iki ildə kəşf edilən 2 böyük qaz yatağında ilkin hesablamalara görə, 700 milyard kubmetrə qədər qaz ehtiyatı var. Ölkənin təsdiq olunmuş qaz ehtiyatları isə 2,6 trilyon kubmetrdir. Azərbaycan qaz sahəsində həlledici mərhələyə gəlib çatıb. Artıq «Şahdəniz-2» layihəsinin reallaşması yaxınlaşır. Ölkə uzunmüddətli qaz strategiyasına demək olar ki, hazırdır.

Azərbaycan enerji resursların ixracında müstəqildir. Ölkə öz neftini dünya bazarlarına çıxarılmasında yalnız bir nəqliyyat dəhlizindən asılı deyil. Azərbaycanın müxtəlif istiqamətlərə neft-qaz nəql edən 7 kəməri var. Enerji amilindən siyasi məqsədlər üçün istifadəni düzgün hesab etmirik. Biz bəzi dövlətlərin çətin anında yardım əlimizi uzatdıq. Hesab edirik ki, Azərbaycan bu məsələdə də nümunə ola bilər. Bir dövlət olaraq bizi ilk növbədə Azərbaycanın milli maraqları düşündürür».
İlham Əliyevin sözlərinə görə nefti və qazı Azərbaycanınkından çox olan bəzi ölkələr var ki, iqtisadiyyatı birtərəfli inkişaf edir və bu iki amildən asılıdır. Azərbaycanda isə neft gəlirlərinin artımı ölkənin qeyri neft sektorunun inkişafına təkan verir. Artıq son səkkiz ildə qeyri-neft sektorunda 1 milyon iş yeri açılıb. Ölkənin enerji ehtiyatları tam olaraq xalqın mənafeyinə xidmət edir. Bütün bunlara isə təzyiqlərə baxmayaraq Azərbaycanın neft siyasətində həyata keçirilən uğurlu islahatlar nəticəsində məqsədə çatmaqla nail olunub.
Ənənəvi olaraq Bakıda hər il keçirilən «Caspian Oil and Gas» sərgisində bu dəfə 30-dan çox ölkənin 300-dən artıq şirkəti iştirak edir.

Bu layihəyə Dövlət Neft Şirkəti (ARDNŞ) və Azərbaycan Sənaye və Energetika Nazirliyi dəstək verir. Sərginin təşkilatçıları Böyük Britaniyanın «ITE Group plc» və onun tərəfdaşı «Iteca Caspian» şirkətləridir. Sərgidə ABŞ prezidenti Barak Obama və Böyük Britaniyanın baş naziri Devid Kemeronun təbrik məktubları iştirakçıların diqqətinə çatdırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG