Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:32

Gəncə qiyamının qarşısı alınsaydı...


Surət Hüseynov
Surət Hüseynov
-

1993 –cü il iyunun 4-də Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuzluqla nəticələnib. Hər iki tərəfdən ölənlər olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüblər. Bu hadisələr AXC iqtidarının hakimiyyətdən getməsi ilə nəticələnib.

SURƏT HÜSEYNOV GƏNCƏDƏ HƏBS OLUNSAYDI...

O zaman Gəncədə araşdırma aparan deputat istintaq komissiyasının katibi, KXCP sədri Mirmahmud Mirəlioğlu deyir ki, əslində həmin vaxt hakimiyyət Surət Hüseynovu Gəncədə həbs etsəydi, sonrakı hadisələr başqa cür də ola bilərdi. Onun sözlərinə görə, belə bir imkan da var imiş. Elə Surət Hüseynov özü də həbs olunacağını düşünürmüş. Sadəcə bir nəfərin öz vəzifəsini yerinə yetirməməsi hadisələrin sonrakı inkişafına səbəb olub:

«MTN-nin Gəncəyə getmiş xüsusi təyinatlı dəstəsi bu işi qan tökmədən görməli, Surət Hüseynovu həbs edib zərərsizləşdirməli idi. Oradakı əməliyyatların uğursuzluğunun başlanğıcı o olur ki, hərbi hissəyə gedən zaman Surət Hüseynovu həbs etməli olan şəxs ona əsgəri qaydada salam verib Bakıdakı hakimiyyəti tanımadığını bildirir. Sonra da Surət Hüseynovu öz maşınına dəvət edir. Halbuki, Surət Hüseynov özü qollarının qandallanmağına hazır olduğunu bildirmək istəyirmiş. Bunların hamısı istintaq materiallarında var».

Mirmahmud Mirəlioğlu
Mirmahmud Mirəlioğlu
Mirmahmud Mirəlioğlu deyir ki, uğursuzluq buradan başlayır. Sonra tapşırığı yerinə yetirmək əvəzinə müdafiə naziri oradan qeyb olur. Daxili qoşunların komandanı qaçır. Bunun ardınca da ora gedən ayrı- ayrı qurumların rəhbərləri-Baş prokuror, MTN-in, DİN-in birinci müavinləri və digərləri həbs olunur. Və artıq bütün bunlara bir az əvvəl evindən çıxarkən həbs olunacağının düşünən Surət Hüseynov rəhbərlik edir.

Mirmahmud Mirəlioğluna görə, bununla da hərc-mərclik yaranır və qiyam baş tutur.

ÖZÜNÜ YETİŞDİRƏN HAKMİYYƏTƏ QARŞI

İqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə deyir ki, əslində Surət Hüseynov hadisəsi həmin dövrdə AXC və Müsavat cütlüyünün idarəçiliyinin məntiq və mahiyyətindən doğurdu. Əgər Surət Hüseynov da olmasa, başqa birisi, başqa bir formada həmin hakimiyyətə qarşı iddialarını ortaya qoyub onu həyata keçirməyə çalışacaqdı. Həmin vaxt hakimiyyət çox səriştəsiz vəziyyətdə plan işləyib Surət Hüseynovu zərərsizləşdirməyə çalışdı. O isə hakimiyyətdən güclü olduğunu sübut edə bildi:

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı
«Surət Hüseynov onun özünü yetişdirən hakimiyyətə qarşı qiyama qalxdı. Və Gəncədə başlanmış bu qiyam qısa zamanda Azərbaycanın bütün regionlarını bürüdü. Çünki o, həmin zaman kəsiyində populyar şəxs idi. Və Rusiya da Surət Hüseynovun vasitəsilə Azərbaycanda öz siyasi maraqlarını təmin edən adamı gətirməyə çalışırdı. İranın da marağı Rusiyanınkı ilə üst-üstə düşürdü. Sadəcə xalqın çıxış yolunu Heydər Əliyevin hakimiyyətə gəlməsində görməsi və bu işin gerçəkləşməsi səbəbindən əslində Rusiya və İran öz məqsədlərinə çata bilmədilər».

Siyasi şərhçi Azər Rəşidoğlu isə hesab edir ki, o vaxt cəbhə hakimiyyəti siyasi islahatlara getməyə məhkum idi. Əks halda hakimiyyətin iflası qaçılmaz idi. Çünki həmin dövrdə iqtidarda üç hakimiyyətlilik var idi. Prezident Əbülfəz Elçibəy, parlament sədri İsa Qəmbər və daxili işlər naziri İsgəndər Həmidovun tərəfdarları arasında mübarizə gedirdi. Bu isə yeni bir dövlət üçün müsbət nəticə verə bilməzdi.

HEYDƏR ƏLİYEV VƏ RUSİYANIN TƏŞƏBBÜSÜ

Bununla belə Azər Rəşidoğlu düşünür ki, Surət Hüseynov hadisəsinin kökündə o vaxtkı hakimiyyətin siyasətindən daha çox Heydər Əliyev və Rusiyanın təşəbbüsü dayanırdı:

Siyasi şərhçi Azər Rəşidoğlu
Siyasi şərhçi Azər Rəşidoğlu
«Mən güman edirəm ki, bu, Heydər Əliyev tərəfindən planlaşdırılan, Moskva ilə razılaşdırılmış və Rusiya xüsusi xidmət orqanlarının əli və nəzarəti ilə həyata keçirilən bir qiyam idi. Təəssüflər olsun ki, Əbülfəz Elçibəy hakimiyyətində təmsil olunan və əslində Əliyev klanına xidmət edən insanların da həmin çevrilişin uğurla başa çatmasında xidmətləri oldu».

Azər Rəşidoğlu hesab edir ki, bu, bir qiyam cəhdi idi və onun qarşısı alınmalı və dövlətin legitim orqanları qorunmalı idi. Bu məsələdə hansısa vətəndaş müharibəsinin düşməsindən ehtiyatlanmaq da düz deyildi. Tarix də sübut etdi ki, bu, mənasız bir deyimdir. Və onsuz da o hadisələrdə və ondan sonra ölkədə kifayət qədər qanlar axıdıldı.

Mirmahmud Mirəlioğlu da o fikirdədir ki, «həmin vaxt güc tətbiq etməklə olsa belə qiyamın qarşısı alınmalı idi. Çünki ondan sonra Azərbaycan daha böyük itkilərə məruz qaldı».
XS
SM
MD
LG