Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:55

Heykəli bol, xalqı ac olan ölkə – Şimali Koreya


Kim Il-sung və Kim Jong-il’in heykəlləri
Kim Il-sung və Kim Jong-il’in heykəlləri
Britaniyanın «The Sun» qəzetinin jurnalistləri özlərini işadamı kimi qələmə verərək, dünyada dəmir pərdəli sonuncu ölkə olan Koreya Xalq Demokratik Respublikasına (KXDR) səfər edə biliblər. Bunun üçün onlar saxta hüquqi ünvan və saxta e-mail hesabı yaradıblar, nə Britaniyadakı turist firmasına, nə də Çində viza aldıqları quruma əslində jurnalist olduqlarını bildirməyiblər. KXDR-ə də elə Çindən daxil olublar.

Sərhəd yaxınlığındakı Sinuicu şəhərciyində çay boyunca altımərtəbəli binalar sıralanır. Qonşu Çindən onlar yaxşı mənzillərə oxşasa da, yaxından baxdıqda, adamı vahimə basır. Bunlar pəncərələri sınmış, kimsə yaşamayan boş tikililərdir.

ADAMA ELƏ GƏLİR Kİ, BAŞQA PLANETƏ DÜŞMÜSƏN

Despot Kim Jong-il çinlilərdə şimali koreyalıların yaxşı yaşadığı təəssüratı yaratmaq üçün bu binaların tikilməsini əmr edib. Həqiqətdə isə buranın insanları aclıq və səfalət içindədir. Sərhəd boyunca bu boz binalardan başqa gözə dəyən çoxsaylı nəzarət qüllələridir. Bu qüllələrdə 24 saat keşik çəkən əsgərlərə yaxşı həyat dalınca xaricə qaçmağa çalışan istənilən şəxsi güllələmək əmri verilib.

Bura işıqları bərq vuran Çindən vur-tut 1 km uzaq olsa da, adama elə gəlir ki, başqa planetə düşmüsən. Solğun, yarıdağınıq şəhərdə bir dənə olsun dükan və ya restoran, yaxud başqa hər hansı ticarət obyekti gözə dəymir. Əvəzində hərdənbir boz hökumət binası, yaxud suvağı dağılmış yaşayış binası görünür.

Tək-tük gözə dəyən yerli sakinlər yol kənarında ya piyada yavaş-yavaş addımlayır, ya da velosipedlə gedirlər; bir qayda olaraq yalnızdırlar və başlarını qaldırmır, yerə baxırlar, lap zombi kimi. Heç kim gülümsəmir. Hamısı yaxasında Möhtərəm Lider Kim Jong-il'in, ya da onun atası Dahi Yoldaş Kim Il-sung'in döş nişanını gəzdirir.

Yanqqakdo oteli
Yanqqakdo oteli
Qatarla Pxenyana gedərkən yol boyunca çəltik sahələrini və orada dizədək su içində işləyən işçiləri görmək olur. Qonaqlar qatardan işçilərə əllərini yelləsələr də, bir dəfə olsun işçilərdən cavab jesti görmürlər.

XARİCİLƏRİN YALNIZ 2 OTELDƏ QALMASINA İCAZƏ VERİLİR

Hər yaşayış məntəqəsində – şəhər, qəsəbə və ya kənd olmasından, insan yaşayıb-yaşamamasından asılı olmayaraq – Kim Il-sung'in və ya Kim Jong-il'in, yaxud da hər ikisinin nəhəng mozaik heykəli ucalır.

Pxenyanda xaricilərin yalnız 2 oteldə qalmasına icazə verilir. İngilis qonaqlar bu otellərdən birində – 47 mərtəbəli Yanqqakdo otelində yerləşdirilir. Bu otelin rejim üçün üstünlüyü ondadır ki, burada qalan qonağın nəzarətsiz şəhərə getmək imkanı yoxdur. Çünki otel adada yerləşir, şəhərə gedən yeganə körpüdə patrul xidməti keşik çəkir.

1995-ci ildə tikilmiş otelin 6 lifti var. Ancaq heç birində 5-ci mərtəbəyə qalxmaq üçün düymə yoxdur. Rəsmilər 5-ci mərtəbənin otel işçiləri üçün olduğunu bildirirlər. Hərçənd, çoxları hökumət casuslarının məhz bu mərtəbədən otel sakinlərini izlədiyinə, danışıqlarını dinlədiyinə inanırlar.

Hər otaqda televizor var. Efirdə iqtidaryönümlü təbliğat, o cümlədən yeni lider Kim Jong-un’un hərbi təlimləri izləməsi kadrları təkrar-təkrar nümayiş olunur.

ÜMUMMİLLİ LİDERİN ADI ÇƏKİLƏN KİMİ AĞLAMAĞA BAŞLAYIRLAR

Hər gün minlərlə şəhər sakini dekabrda vəfat etmiş keçmiş lider Kim Jong-il'in qəbrini ziyarət edir.
Şimali koreyalılar yeni liderlərini salamlayırlar, 3 yanvar 2012
Şimali koreyalılar yeni liderlərini salamlayırlar, 3 yanvar 2012
Hər hansı yerdə ümummilli liderin adı çəkilən kimi insanlar hönkür-hönkür ağlamağa başlayırlar. Hər gün minlərlə fanat, əsasən də məktəblilər qəbirüstünə aparılır, orada liderin «müqəddəs» metal ayaqları önünə plastik güllər qoyulur.

Bələdçilərin tapşırığına uyğun olaraq, ingilis «işadamları» da 65 fut hündürlüyündə ucaldılmış abidənin önünə plastik gül çələngi qoyur. Ancaq abidənin yaxınlığında şəkil çəkdirməyə icazə verilmir. Bələdçilər deyir ki, heykəlin hansısa hissəsi təsadüfən obyektivdən kənarda qalsa, bu, liderə böyük təhqir sayılar.

Bələdçilərin birindən Amerika barədə fikrini soruşanda, o, yumruğunu göstərib «Rədd olsun, Amerika!» qışqırmağa başlayıb. Böyük Xalq Tədrisi Teatrını ziyarət edərkən, qonaqlara «The Beatles»ın məşhur «Yellow Submarine» musiqisini dinlədiblər. Bələdçilər «The Beatles»ı çox bəyəndiklərini söyləsələr də, qrup üzvlərinin adları çəkiləndə, onları tanımadıqlarını bildiriblər. Bələdçilər Qərb estradasından yalnız Michael Jackson'u tanıyıblar, lakin onun 3 il əvvəl öldüyünü eşidəndə, şoka düşüblər.

METRODAN YALNIZ İMTİYAZLI PARTİYA ÜZVLƏRİ İSTİFADƏ EDİR

Şəhərin bütün qonaqları kimi ingilisləri də Pxenyan metrosu ilə tanış ediblər. Burada hər şey qızıl suyuna çəkilib, hər tərəfdə büllur çilçıraqlar bərq vurur, divarlar freskalar, heyrətamiz rəsm və mozaiklərlə bəzənib. Bütün bunlar adi insanların həyat tərzi ilə tam ziddiyyət təşkil edir. Paytaxt sakinləri hökumətin düyü-kartof payokuna möhtacdır.

Pxenyan metrosu
Pxenyan metrosu
Metronun 2 xətdən və 17 stansiyadan ibarət olduğu bildirilir. Əslində isə, cəmi 3 stansiya mövcuddur. Onlardan da yalnız imtiyazlı partiya məmurları istifadə edir, çünki metrodan istifadə etmək adi insanların cibinə uyğun deyil. Belə söz-söhbətlər gəzir ki, metro stansiyaları xarici qonaqlara nümayiş olunanda, qabaqcadan ora xüsusi təlimatlandırılmış adamları gətirirlər ki, metrodan hamının istifadə etdiyi təəssüratı yaratsınlar.

Bu söz-söhbətə inanmamaq çətindir. Şimali Koreyanın 24 milyonluq əhalisinin əksəriyyəti yaşamır, ölməmək uğrunda mübarizə aparır. Onlar işləyir, amma maaş almırlar. İşin müqabilində onlara bir qarınlıq yemək və bir də yararsız mənzil verirlər. Elektrik kəsintisi tez-tez baş verir, axşam 11-dən isə işıqlar söndürülür, ölkə qaranlığa bürünür. Yalnız Kim Jong-il və Kim Il-sung'in heykəllərindən başqa – onlar daim işıq saçır.

Əhalinin 1 faizindən də azının avtomobili olduğu üçün yollarda tıxac problemi yoxdur. Ancaq həm şəhərdə, həm də şəhərətrafında göy rəngli mikroavtobuslar tez-tez gözə dəyir. Küçələrdə dolaşan bu maşınların meqafonlarından daim bir səs eşidilir: «Daha çox işləyin!».

Sayta hazırladı: Kəbiran Dilavərli
XS
SM
MD
LG