Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:01

Qatar bələdçisi: «İllik maaşım 1158 manatdır»


Foto: Arxiv
Foto: Arxiv
İyunun 1-də 60-a yaxın dəmiryol işçisi maaşlarının azlığına, iş şərtlərinin dözülməzliyinə etiraz ediblər.

Bakı Vaqon Deposunun Sərnişin Xidməti Məntəqəsində çalışan qatar bələdçiləri ixtisara düşmə xəbərdarlığı da aldıqlarını deyirlər.

Mayın 27-də «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti Bakı-Kiyev və Bakı - Sankt-Peterburq qatarlarını yay qrafikinə keçirərək hərəkətini dayandırıb.

1985-ci ildən bələdçi işləyən Vidadi Novruzov deyir ki, bu sərəncamdan sonra onların taleyi ilə maraqlanan yoxdur:

BOŞ ƏMƏK MÜQAVİLƏSİNƏ İMZA ATIBLAR

«Rəis deyir ki, gedin, özünüzə iş tapın. Haradan tapacağıq? Maaş verilmir, 80 manat maaş alıram. 2 balam var, dolandıra bilmirəm. Vəziyyətimiz pisdir, gedib indi haradan tapacağıq iş yeri?».

Bələdçilər deyirlər ki, onsuz da onlara verilən maaş cüzi xərclərini ödəməyə çatmırdı, indi ondan da məhrum olacaqlar. Bu günlərdə işçilərlə bağlanan əmək müqaviləsi isə onlara boş təqdim olunub və imza atmaları tələb edilib:

«Müqavilələrə elə-belə qol çəkdirirlər, yığışdırırlar özlərinə. Burda yazıblar ki, bizim dəmiryolunda işçilərə pay düşür. Boş kağızlara qol çəkdirirlər. Bəzilərimiz hüquqlarımızı bilməyib çəkmişik, alıb aparıblar. Neçə ildir işləmişik, məzuniyyət pulu almamışıq. 90 manat pul alıram. Bu 90 manatla işıqpulu verim, supulu verim, hansı pulla gedim evimi dolandırım? Gedib küçədə dayanmalıyam? Yolçuluq etməliyəm?».

Maaş cədvəli
Maaş cədvəli
Prezident İlham Əliyev minimum aylıq əməkhaqqını 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93.5 manat müəyyən edilməsi barədə sərəncam imzalayıb.

Bələdçi Qəzənfər Qasımov 2011-2012-ci il üçün maaş cədvəlini göstərir ki, əməkhaqqının 60 manat olduğu aylar da var:

İLDƏ 1158 MANATLA 5 UŞAQ SAXLAMAQ

«İllik maaşım bax, budur. İllik 1158 manatla mən 5 uşağı necə saxlaya bilərəm?».

«İki uşaq oxuduram universitetdə. 80 manat maaş heç kommunal xərcləri ödəmir. Dolana bilmirik. Acıq. Konkret maaş versinlər bizə. Vallah acıq».

Şikayətçi bələdçilər AzadlıqRadiosuna danışdıqlarını Dəmir Yol QSC sədrinə, Nəqliyyat nazirinə, Azərbaycan Həmkarlar İttifaqına, Baş nazir və prezidentə də məktubla göndəriblər.

Bələdçi Cavanşir Qafarov deyir ki, özlərinə çatmayan məvacibləri ilə həm də qatarlarda ehtiyac olan əşyaları da almaq məcburiyyətindədirlər:

«Bu bələdçiləri hər gün gətirib dəmiryol parkında zibil təmizlətdirirlər. Vaqonu bizə yudurdurlar. Əlimizlə təmizləyirik. Vaqonların bütün təchizatını bizə aldırırlar».

«TUALET KAĞIZINI DA BİZ ALIRIQ»
Təranə Hümbətova
Təranə Hümbətova

Təranə Hümbətova:

«Tualet kağızını da biz alırıq. Sabun, şampun, xloru-zadı bizə aldırırlar».

«Azərbaycan Dəmir Yolları» QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov AzadlıqRadiosuna deyir ki, Bakı-Kiyev və Bakı - Sankt-Peterburq dəmiryol reyslərinin ləğvindən sonra o marşrutda işləyənlər daxili sərnişin daşınmalarına cəlb ediləcək. Boş əmək müqaviləsi imzalatdırmaya gəlincə,

«Mən o işdən məlumatsızam. Ola bilməz ki, nəyəsə qol çəkdirsinlər, onlar da qol çəksinlər. Əlbəttə, bizim hüquqşünas var. Bizə yaxınlaşa bilərlər. Bunlara aydınlıq gətirə bilərik. Elə şey yoxdur, mən bilmirəm».

İqtisadçı Nazim Məmmədov deyir ki, bəzi səhmdar cəmiyyətlərdə maaşların minimum əməkhaqqı səviyyəsində saxlanılması səmərəsiz idarəetmədən qaynaqlanır:

DÜNYADA GƏLİRLİ, AZƏRBAYCANDA ZƏRƏRLƏ İŞLƏYƏN DƏMİRYOLU

«Orda işləyən insanların əlavə gəlirləri olur. Həmin müəssisə rəhbərləri özləri buna göz yumurlar. İkili mühasibatlıq kimi bir şeydir. Bunların hamısı ona gətirib çıxarır ki, həmin müəssisələrdə səmərəsiz, effektsiz iş baş verir. Normal işləməsi üçün beynəlxalq standartlara uyğun mühasibatlıq tətbiq olunmalıdır. İşin şəffaflaşdırılması üçün addımlar atılmalıdır».

Nazim Məmmədov
Nazim Məmmədov
Nazim Məmmədov deyir ki, dünyada dəmiryolu nəqliyyatı ən gəlirli sahə olsa da, düzgün idarəetmə olmaması nəticəsində Azərbaycanda dəmiryolu sahəsi zərərlə işləyir.

Mayın 1-dən etibarən Azərbaycan dəmiryolu işçilərinin əmək haqları 20 faiz qaldırılıb.
Amma qatar bələdçilər deyirlər ki, əvvəlcə kəsilmiş maaşlarını sonra qaldırıb «artım» adı qoyublar.

«Azərbaycan Dəmir Yolu» QSC-nin sədri Arif Əsgərov ötən ay jurnalistlərə demişdi ki, qurumun imkanı əməkhaqqının 20 faiz artırılmasına çatır.

Rəsmi məlumata görə, Azərbaycan dəmiryolunda 26 000-dən çox insan çalışır.
XS
SM
MD
LG