Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:46

Almanların qaçqınlara hədiyyə etdiyi 240 avtomobil hardadır?


«Eurovision-2012» mahnı yarışmasını izləməyə gələn bir qrup Almaniya vətəndaşı qayıdarkən gəldikləri şəxsi avtomobillərini Bakıda qoyub gediblər. Özləri isə ölkələrinə təyyarə ilə dönüblər.

«Xəzər» televiziyasının «Eurovision» ərəfəsində yaydığı məlumata görə, almaniyalı turistlər «Allgeau-Orient» adlı avtorallinin iştirakçıları olublar. Onların dediyinə görə, Almaniyanın Oberstaufen şəhərindən aprelin 28-dən başladıqları avtorallini Qobustanda başa vurublar. Bu avtoyürüşdə 20 ölkədən 111 komanda (355 avtomobil və 666 iştirakçı) iştirak edib. Onlardan 240 nəfəri gəldikləri avtomobilləri Azərbaycandakı qaçqın və məcburi köçkünlərə bağışlayacaqlarını deyiblər.

Avtoralli tarixində (9000 km) ən uzun məsafəni qət etdiklərini deyən ralli iştirakçıları qeyd ediblər ki, turnirə Birləşmiş Millətlər və Ümumdünya Ərzaq Təşkilatları sponsorluq edib.

Amma alman turistlərin Bakıda qaçqın və məcburi köçkünlər üçün hədiyyə kimi qoyub getdiyi avtomobillərlə bağlı qeyri-müəyyənlik davam edir.

AzadlıqRadiosunun müxbiri almaniyalı turistlərin Bakıda qoyub getdiyi avtomobillərin bir hissəsini Binəqədi qəsəbəsindəki avtomobil dayanacağında tapıb. Amma qalan avtomobillərin hara aparılması və ümumiyyətlə maşınlara kimin nəzarət etməsi barədə dayanacaq nəzarətçiləri məlumat verməkdən imtina ediblər.

QAÇQINKOM ALMANLARIN HƏDİYYƏSİNDƏN XƏBƏRSİZDİR

Arxiv foto: Bakıda zavod ərazisində məskunlaşan qaçqınlar

Arxiv foto: Bakıda zavod ərazisində məskunlaşan qaçqınlar

Almaniyalı turistlər avtomobillərini qaçqınlara hədiyyə etdiklərini söyləsələr də Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsindən həmin avtomobillərdən xəbərsiz olduqlarını deyirlər. Komitənin mətbuat xidmətinin əməkdaşı Elçin Qədimov deyir ki, onlar da bu barədə məlumatları yerli televiziya və mətbuatdan eşidiblər:

«Həmin avtomobillər kimə verilib, necə verilib biz bilmirik. Əgər belə bir şey olsa bunu hamı biləcək. Televiziyalarda bu barədə reportajlar getdi, maşın sahibləri bu fikirləri səsləndirdilər. Amma bizdə bu barədə hər hansı rəsmi bir məlumat yoxdur».

YOL POLİSİ: DAYANACAĞIN BİZƏ AİDİYYATI YOXDUR

Həmin avtomobillərin Yol Polisinə məxsus dayanacaqda saxlanması barədə məlumatlar yayılsa da qurum bu xəbəri təsdiqləmir. Dövlət Yol Polis idarəsinin şöbə rəisi Kamran Əliyev AzadlıqRadiosuna deyib ki, onlar bu xəbəri eşidiblər, amma hazırda həmin avtomobillərin saxlandığı dayanacağın Yol Polisinə heç bir aidiyyatı yoxdur.

AÇARLAR NAZİRLƏR KABİNETİNDƏDİR?

Avtomobillərin açarlarının Nazirlər Kabinetinə təhvil verildiyi barədə də məlumatlar yayılıb. Amma Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bunu təkzib edib və bu barədə hər hansı rəsmi məlumata malik olmadıqlarını deyib.

Üstəlik «Eurovision-2012»nin ictimaiyyətlə əlaqələr və kommunikasiya rəhbəri Tahir Məmmədov da onlarda bu barədə məlumatların olmadığını deyib.

«O AVTOMOBİLLƏRDƏN QAÇQINLARA VERİLMƏDİ, HEÇ VERİLMƏYƏCƏK DƏ...»

Bayram Səfərov

Bayram Səfərov

«Yeni Müsavat» qəzetinin yazdığına görə, bu məsələnin mətbuatda işıqlandırılmasından sonra həmin avtomobillər sözügedən dayanacaqdan çıxarılaraq Şuşa İcra hakimiyyətinin başçısı Bayram Səfərovun Novxanıdakı boş torpaq sahəsinə aparılıb.

Bayram Səfərova müraciət edib bu deyilənlərə aydınlıq gətirilməsini istədik. Amma icra başçısı suallarımızı yarımçıq kəsərək mətbuatın bu məsələyə heç bir aidiyyatı olmadığını dedi:

- Bayram müəllim, almaniyalı turistlər «Eurovision»dan sonra maşınlarını qoyub gediblər, o maşınlardan... (sualı sona çatdırmağa imkan vermir)

- Sənə nə, bax ondan sənə nə, onlar maşın qoyub gediblər...

- Qaçqınlara verildimi?

- Yox ey, verilib, verilməyib sənə nə dəxli var.

- Bayram müəllim, öyrənmək istəyirdim...

- Çox nahaq yerə öyrənmək istəyirsən. Bu radionun, qəzetin ayrı işi-gücü yoxdur...

- Bayram müəllim, o maşınlardan qaçqınlara verildimi?

- Yox, verilmədi, heç verilməyəcək də...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG