Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:44
İyunun 1-dən Sovet dövründən banklarda qalmış əmanətlərin qaytarılmasına başlanıb. Əmanətlər «Kapital Bank» və onun filialları vasitəsilə, bir qismi isə bu məqsədlər üçün yaradılan məntəqələrdə həyata keçirilir.

Sənədlərin qəbulu bu ilin sonuna, əmanətlərin verilməsi isə 2013-cü ilin 31 dekabrınadək başa çatmalıdır. Prezidentin bu ilin martında verdiyi fərmana əsasən, vəsaitlərin vərəsələrə, əmanət kitabçalarını itirən və ya yararsız hala salan vətəndaşlara da verilməsində problem olmayacaq.

BANK QARŞISINDA BASABAS

Sovet dövründən qalan əmanətləri çoxdan gözləyən adamlar iyunun 1-də səhər tezdən «Kapital bank»ın Yasamal filialı qarşısına toplaşaraq növbə gözləmədən, hamı bir yerdə banka girməyə, sənədləri təqdim etməyə can atırdı. Yerə yıxıla-yıxıla, polislə əlbəyaxa ola-ola banka birinci girmək uğrunda mübarizə gedirdi. Bank işçilərinin, polislərin adamları sakitliyə çağırmasına isə əhəmiyyət verən yox idi:

«Məni itələyib girirsən, olmaz axı belə. Mən səhər saat 7-dən burdayam...».
206 MİN RUBL ƏMANƏTİN ÖZÜNƏ GÜN AĞLAMAYAN SAHİBİ

Çətinliklə də olsa, sənədlərini banka verən Sirac Qurbanov məmnun görünürdü. Elə ilk sualımıza cavabı da ölkə prezidentinə təşəkkür oldu. Deyir əlini üzdüyü pulların indi verilməsi onu çox sevindirir:

«1991-92-ci illərdə oğlanlarımın hərəsinin adına 100 000 pul qoymuşdum. 6 000 rubl da yoldaşımın adına. Onsuz da batıb getmişdi, nə verərlər-verərlər. O vaxt çörək sexində işləyirdim, yaxşı gəlirim var idi. Ayda da heç kimin almadığı maaşı alırdım – 700-800 dollar. Aya 20-30 min çörək bişirirdik».

Sirac Qurbanov deyir ki, bu qədər pulu o vaxt banka qoyub, amma özünə bir gün ağlaya bilməyib.

10 000 manat almalı olduğunu deyən Səməndər Əliyev bir dəfə cəhd edib bankın qapısına çatsa da, onu qadınlar sıxışdırıb çıxarmışdılar:

«Dəhşətdirlər ey. Ora girməkmi olar? Polislər də bacarmır bu adamlarla».

BANK QARŞISINDA DUBAYDAKI VİLLA BARƏDƏ SÖHBƏT

75 yaşlı Fəxrəddin Əbilov isə həm növbədəki intizamsızlıqdan, həm də sovet rublu ilə müqayisədə qaytarılan pulun azlığından narazı idi. Elə bankın qarşısında «Komsomolskaya pravda» qəzetinin 2010-cu il tarixli sayından kəsib götürdüyü bir parçanı göstərir. O, yazıda prezidentin oğlunun adına Dubayda villalarının olması barədə yazını ucadan oxuyur:

«Azərbaycan prezidenti İlham Əliyevin 11 yaşlı oğlunun 7 villası barədə, qızlarının adına 44 milyon dollarlıq villalar barədə yazılıb. Bax, qeyd olunur ki, Amerika qəzeti yazıb ki, bu məbləği orta azərbaycanlı 10 000 ilə yığa bilər. Azərbaycan prezidentinin rəsmi maaşı ildə 228 000 dollar edir. Mənim nə villam var, nə əmanətim. Bizə belə qəpik-quruş verirlər. Bizə çatacaq pulları, bax, belə villalara xərcləyiblər».

3 MANAT ALACAĞI OLAN ƏMANƏTÇİ

Utana-utana mikrofona danışan Gülşən Səmədova «heç bilsəydim bu istidə banka gəlməzdim» deyib gileylənir. Heç banka girməmiş çöldə onun alacağı məbləği yoxlayanda, aydın olub ki, sovet dövründə banka qoyduğu əmanətin əvəzində cəmi 3 manat pul alacaq.

«CAVANLAR ÜÇÜN «EUROVISION», QOCALAR ÜÇÜN DƏ BURA»

Məsmə Qəhrəmanova isə növbəyə girə bilməyib bankın qapısında yaranan tıxacı kənardan izləyirdi:

«Cavanlar üçün «Eurovision» keçirildi, biz qocalar üçün də bura...».

«Kapital Bank» əməkdaşlarının AzadlıqRadiosuna verdiyi məlumata görə, sənədləri qeydiyyatdan keçənlər 5 iş günü ərzində pullarını götürə bilərlər.

MALİYYƏ NAZİRİNDƏN SOVET ƏMANƏTÇİLƏRİNƏ MƏSLƏHƏT

Maliyyə naziri Samir Şərifov mayın 31-də keçirdiyi mətbuat konfransında sovet dövründə banklara əmanət qoyanların sayının 2 milyon 400 min olduğunu deyib. Bu qədər əmanətin qaytarılmasının inflyasiya riski yarada biləcəyinə gəlincə, nazir bu riskin aşağı olduğunu deyib. Yarana biləcək riski minimuma endirmək üçün Samir Şərifov əhaliyə məsləhət görür ki, sovet əmanətlərini götürənlər həmin pulları yenidən əmanət kimi banklara yerləşdirsinlər.

BASABASLARIN SƏBƏBİ-BANKA İNAMSIZLIQ

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, əmanətlərin məbləği az olduğundan əmanətçilər onu yenidən banklara yatırmağa meylli olmayacaqlar. İqtisadçıya çox pul alanların da yenidən banklara üz tutması bir qədər inandırıcı görünmür.

Sovet əmanətlərinin qaytarılması üçün 1.9 milyard manat, təxminən 2.4 milyard dollar tələb olunur.

İqtisadçı-ekspertlərin hesablamalarına görə isə, bütövlükdə SSRİ-dən qalan əmanətlərin tam qaytarılması üçün hökumətə 480-500 milyon manat vəsait lazım olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG