Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:07
Bu hekayə "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün kifayət etməyib.


Eyvaz Zeynalov


YAĞIŞ YAĞIRDI...

Daha dözə bilmədi. Artıq-əskik hərəkətə, danışığa yol verəcəyindən ehtiyatlanıb müəllimlər otağını tərk elədi.

Dəhlizdə, həyətdə sakitlikdi, “qu” desən qulaq tutulardı. Uşaqları tətilə buraxmışdılar.

Arı pətəyini xatırladan məktəb birdən-birə sanki yetimləşmiş, məktəbliyini itirmişdi. Məktəb hər şeydən əvvəl şagirdləriynən məktəbdi.

Təkəm-seyrək atan irigiləli yağış damcıları tozlu kənd yolunu dımır-dımır naxışlayırdı.

Magistral yola, maşın ayağına tələsirdi.

Rayon mərkəzində yaşasa da otuz ildən artıqdı bu kəndə ayaq döyürdü. Neçə dəfə adlı-sanlı şəhər məktəblərinə dəvət etmişdilər, getməmişdi.

Camaata necə öyrəşmiş, qaynayıb-qarışmışdısa aradakı məsafə, uzaqlıq gözünə görünmürdü. Lakin son vaxtlar təhsildə baş verən haqq-hesablar onu yaman tıncıxdırırdı.

“Hə, belə-belə işlər, müəllim, qocalırsan, əsəblərin tab gətirmir daha..”.

Birdəncə düşmüşdülər üstünə. Elə bil qabaqcadan sözləşmişdilər. Nədi-nədi suçu Vəlinin oğluna “iki” vermişdi. Şagirdin vecinə deyildi, sinif rəhbəri ortada at oynadırdı. Dirənmişdi ki, “iki”ni “üç” elə. Direktor, dərs hissə müdiri də onun tərəfindəydi.

Əvvəl dilə tutdular, ay nə bilim, uşaq belə tərbiyəli, belə qanacaqlı-mərifətlidi... Bir kitab söz. Yavaşcalığnan dedi ki, şagirdimi mənə tanıtmayın. Düzdü, suçu Vəlinin oğlu ağıllı-kamallı, qanacaqlı-mərifətli uşaqdı. Amma mən “iki”ni Vəlinin oğlunun davranışına, oturuşuna-duruşuna, əxlaqına yox, biliyinə vermişəm. Məsələni niyə qarışdırırsınız? Zordu, çatdırmır!

Çatdırmır, bilmir, öyrət, dedilər. Niyə filan, filanı çatdırır, səninkini çatdırmır? Demək, pis dərs keçirsən. Suçu Vəlinin oğluna fərdi, günün tələbləriynən yanaşmırsan. Söhbət tək bir sinfin, bir məktəbin müvəffəqiyyət faizini aşağı salmaqdan getmir. Dərindən düşünəndə, geniş götürəndə bir qotur “üç”ə görə bütün rayonun, hətta ölkənin mənafeyini güdaza verirsən. Budu sənin vətənpərvərliyin?..

Baho! Guya uşağa canları yanır, yazıqları gəlirdi. Məlumdu niyə əl-ayağa düşüblər! Yoxlama gələndə soruşacaqdı ki, müvəffəqiyyət faiziniz niyə aşağıdı? İncidəcək, “tərlətməmiş” əl çəkməyəcəkdi. Hamısı buna görəydi. Rüşvət, saxta, şişirdilmiş hesabatlar təhsili kor qoymuşdu. Əvvəl belə şeylər fabrik-zavodda, istehsalatda, pambıq, üzüm yığımında olardı.

Kəskin hərəkətlə ayağa qalxdı. Ağzını doldurdu ki, bütün bu sərsəmləmələrin necə lazımdı, cavabını versin. Ancaq birdəncə mənasız sayaraq fikrindən daşındı. Əlini yellədərək: “Tüpürüm sizin pedşuranıza da, vətənpərvərliyinizə də!.”. - deyib qapıdan çıxdı. Hələ də hirsi soyumamışdı.

“Yaxşı, balam, özgə vaxt beşballıq qiymət sistemindən dəm vurursunuz. “İki” bəs nə üçündü? Hələ “bir”i demirəm. “Üç”ə oxuyana da “üç”, “iki”yə oxuyana da “üç”? İnsaf, haqq-ədalət harda qaldı? Boyaqçı küpü deyil axı bu, elm, bilikdi! Olmaz, vallah, billah, olmaz! Özümüz güzəştə gedir, ələbaxım öyrədir, sonra da gileylənirik ki, görəsən bu müftəxorlar, qanmazlar, zırramalar, nə bilim, nələr hardan mayalanıb törədi, artdı?.”.
Yağış yavaş-yavaş bərkitdi. Tərslikdən daldalanmağa yer yoxdu. Belə davam etsə islanıb cücəyə dönəcəkdi. Asfalta çatmamış aralıdan “KamAz”a əl qaldırsa da dayanmadı. Yəqin sürücünün fikri ayrı yerdəydi, görmədi. Dalınca gölməçələrin suyunu ətrafa sıçrada-sıçrada qıjıltı ilə bir “Jiquli” də ötdü. İçi arvad-uşaqla doluydu.

Asfalt yola çıxhaçıxda qara bir “Mersedes” beçə xoruzlar kimi cır səslə siqnallayaraq yaxınlıqda dayandı. Bərkgedən kafe sahiblərindən birinin oğluydu. Məktəbi qurtarhaqurtarda atası pay-püş, rüşvətlə üstünə minnətçi göndərmişdi ki, qiyməti hamısı “beş”di (bilirdi necə “beş”di!), sən də “dörd”ünü “beş” elə, uşağı instituta imtahansız düzəldəcəyəm. Pay-püşü, rüşvəti geri qaytarsa da abrına qısılıb zəhlətökən xahiş-minnətlərdən, ismarışlardan keçə bilməmişdi...

Keçmiş müəllimi kimi, bir növ, ərkyana irəli durmaq istədi. Ancaq oğlanın sükan arxasındakı yekəxana oturuşunu, siqaret damağında şüşəni ədabaz-ədabaz yendirməsini görüb səbrini basdı, gözlədi.

- Yağışın altında niyə qalmısan, müəllim? - Salamsız-kalamsız soruşdu. Cavab almayanda: - İncimə, bu yaxında tələsik bir işim var, yoxsa sizi aparıb şəhərə atardım, - deyib maşını şəhərə tərəf döndərdi.

İkrahla üzünü çevirdi. “Belə yerdə deyiblər, keçmə namərd körpüsündən, qoy aparsın sel səni!.”.

Yağış ara vermədən tökürdü. Asfaltın qıraqları ilə su sel kimi axırdı.

Elektrik dirəyinin arxasında yanpörtü daldalanmağa çalışdı, xeyiri olmadı. Dikdirlə asfalta çıxanda yağışın boşaltdığı tökmə torpaq ayağının altında suyuldu. Az qaldı sürüşüb yıxılsın. Əllərini dayaq verib özünü birtəhər düzəltdi. Yolun ortasında dayanıb üzünü acıqla göyə tutdu. “Di yağ nə qədər kefindi! Döşə, çırp mitilimə! Belə haa, belə!.”.
Şəhər tərəfdən gələn bir sınıq-salxaq “Qaz-53” tırıltıynan yanından ötüb xeyli aralıda dayandı. Dönüb ağzıgeri qayıtdı. Ona çatanda qapısı aralandı. Sürücü əl elədi, çağırdı.
Tələsik qalxıb özünü kabinəyə təpdi. Salam verib oturmazdan əvvəl bir oturacağa baxdı, bir üst-başına, bilmədi neyləsin.

- Müəllim, boş şeydi, əyləşin! - Sürücü dedi.

Üzrxahlıq, dil-ağız elədi. Dəsmalını çıxardıb üz-gözünü qurulayandan, pal-paltarını qaydaya salandan sonra sürücüyə tərəf çöndü. Otuz-otuz beş yaşlarında qarayanız, suyuşirin, şüvərək oğlandı. Saçlarına təzə dən düşmüşdü. Maşını kimi əyin-başı da köhnəydi. Getdiyi yerdə dönüb qayıtmağından, məhrəm müraciətindən yəqin onu tanıyırdı. Bəlkə də keçmiş şagirdlərindəndi. Allah saxlamışlar birdilər, ikidilər? Bu illər ərzində nə qədər uşağa dərs demişdi! Soraqları haralardan gəlmirdi?! Böyümüş, dəyişmişdilər. Rastlaşanda utana-utana özləri dindirməsə, tanışlıq verməsə çoxunu tanımır, anışdıra bilmirdi.

Ağzını açmaq istəyəndə sürücü onu qabaqladı.

- Deyəsən, şagirdinizi tanımadınız, müəllim? Faziləm də... - Uşaq məsumluğunu andıran bir təbəssüm qondu üz-gözünə.

Xatırlaya bilmədi. Fazil adlı şagirdi çox olmuşdu.

- Zarafatla Fırtışəli çağırardınız...

Yenə yadına düşmədi. “Fırtışəli” ayama kimi bir şeydi. Qabaqlar çox işlədərdi. İndi də hər-dən, kefinin duru, ala buludda olan vaxtı zarafatla Fazil, Famil, Faiq, Fizuli, nə bilim, başqa bu sayaq uyğun gələn, yaraşan adlara qoşar, yapışdırardı. Kimsə də inciməzdi.

- “İki” verib sinifdə saxlamışdınız...

Tanıdı. Kəndin ayağındakı traktorçu Qulunun oğlu Fazildi.

Əməlli-başlı tutuldu. Halının dəyişdiyini görən oğlan peşimançılıqla:

- Sizdə günah yoxdu, müəllim, - dedi. - Uşaqlıqdı də, adam başa düşmür, oxumur, başa düşəndə də gec olur...

Traktorçu Qulunun dediyinə görə, Fazili allah ona yeddi qızdan sonra vermişdi. Ərkəsöyündü. Tez-tez dərsdən qaçır, oxumurdu. Oğlunu sinifdə saxladığına görə Qulu onu görəndə üzünü də turşutmamışdı. Eh, qabaqlar indiki işlər, xahiş-minnət, rüşvət-zad nəəzirdi! Hökumətin də, camaatın da yanında dünyacan hörmət-izzəti vardı müəllimin. Hamıdan artıq maaş alar, hamıdan yaxşı geyinər, yaxşı dolanardı. Bir sözünü iki eləməzdilər. Gənəşik yeriydi, qan yatızdırar, küsülüləri barışdırardı müəllim. Oğul evləndirən, qız köçürən stolunun başında əyləşdirərdi. Övladlarına nümunə göstərərdilər. Hansı uşaqdan soruşsaydın, müəllim olmaq istədiyini söyləyərdi. Elə bilərdilər müəllim yemir, içmir...

İndi yuxarıdakılar qana-qanamı, qanmaya-qanmayamı müəllimi yerə vurmuş, balaca bir maaşla dalana dirəmiş, çətin vəziyyətə salmışdılar. Dolanışıq, ehtiyac üzündən müəllimlər nələrə əl atmırdılar?!. Yeni yaranmış üzdəniraq dəyərlər elmə, biliyə münasibəti büsbütün dəyişmişdi...

Qabaqlar kasıb-kusub balaları yaxşı oxuyardı. Son dövr tərbiyəli, qanacaqlı-mərifətli olsalar da zəif oxuyurdular. Bilirdi, hamısı dolanışığın çətinləşməsi ucbatındandı. Ehtiyac üzündən övladının gələcəyi əvəzinə gündəlik dolanışığını güdən valideyn bir balaca ağlı kəsən, dizi bərkiyən uşağının dərsdən yayınaraq qazanc dalınca qaçmasına, hardasa kiminsə işini görüb axşam evə qəpik-quruş gətirməsinə göz yumur, bəzən hətta sevinirdi. Suçu Vəli kimi. Özgələrin əkinlərini oğlunun köməyi ilə, dərsdən ayırmaq hesabına suvarırdı.

Əslində kasıb-kusub balalarına daha artıq can yandırır, daha ciddi yanaşırdı. İstəyirdi yaxşı oxusunlar, istitutlara, universitetlərə qəbul olunsunlar, ucalsınlar, cəmiyyətdə yüksək mövqe tutsunlar. Heyf, çox zaman bunu yanlış başa düşür, hərdən xoş niyyəti pis nəticə verirdi. Yadındadı, bir dəfə nə soruşdusa, traktorçu Qulu qayıtdı ki, o da sözgəlişi, Fazil düz bir il gecikdi, müəllim, gecikməsəydi, filan iş filan olardı. “İki” verdiyini, sinifdə saxladığını dilinə gətirmədi. Nədi-nədi qınaq, töhmət sayar, xətrinə dəyərdi.

Tərslikdən qurbanı yenə kasıb-kusub balası idi. Sinifdə saxlamağa hazırlaşdığı suçu Vəlinin oğlunun da gələcəkdə hardasa, nədəsə gecikməsinə bais olacaqdı. Həm də istəmədən.

Birdən müəllim yoldaşlarından birinin atmacası yadına düşdü: “Sənin də gücün elə kasıb-kusubun balalarına çatır”.

Bayaqdan islaq paltarın içində üşüyən bədəni birdən-birə qorlandı. Yavaşca Fazilin qoluna toxundu.

- Maşını geri döndər, bacıoğlu!

- Nə olub, müəllim? - Fazil təəccübləndi.

İsrar edəndə ayağını qazdan çəkib maşını ağzıgeri döndərdi.

Yağış eyni qaydada yağırdı. Şüşəsilənlər güclə çatdırırdı. Sanki göyün yerə qəzəbi tutmuşdu. Hirsini-havasını sel-suyu ağzıaşağı əndərməklə soyudurdu.

Fazil bayaq müəllimini götürdüyü yerə çatanda çönüb ona sarı baxdı.

- Məktəbə sür!.. - dedi.

Bu saat müəllimi allahından dönüb desəydi, maşını dünyanın o başına sür, sürəsiydi. Çünki birdən-birə qəribə, qeyri-adi bir hiss varlığına hakim kəsilmişdi. Bığlı-saqqallı, arvad-uşaqlı Fazil bu sehrli hissin təsiri ilə müəlliminin qarşısında illər öncəki saf, təmiz ürəkli, sadəlövh məktəbli Fazilə çevrilmişdi. Çox da bir zaman “iki” vermiş, sinifdə saxlamışdı. Keçdiyi həyat məktəbi çoxdan hər şeyi saf-çürük eləmiş, müəlliminə bəraət qazandırmışdı.

Məktəbin qabağında maşından düşdü. Yağışa-filana əhəmiyyət vermədən gümrah addımlarla darvazadan içəri girdi.

Müəllimlər otağında rübün, ilin yekununa həsr olunmuş pedaqoji şura yekunlaşmaq üzrəydi. Onu sel-suyun içində görəndə hamı yerində dondu.

Dinməz-söyləməz yaxınlaşıb jurnallardan birini açdı. Suçu Vəlinin oğlunun adını axtarıb tapdı. Qarşısında bir “üç” yazdı. Gəldiyi kimi də dinməz-söyləməz qayıdıb qapıdan çıxdı.
Maşına eyni yüngüllüklə, quş kimi atılıb mindi. Yerini rahatlayıb dərindən nəfəsini dərdi.

- Fırtışəli, yolçu yolda gərək, atını tərpət, getdik!..

Heç nə başa düşməyən Fazil sorğu-sualsız maşınını işə saldı. Bir azdan köhnə “Qaz-53” asfalt yolda şəhərə tərəf buruldu. Yağış səngisə də hələ yağırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG