Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:28
Sabir bağı bu gün (red: mayın 31-də) bir ayrı cür görünür. Qıraqdan baxan yad gözlər də bağdakı gül-çiçəkdən, kitab lövhələrindən, rəsm əsərlərindən o dəqiqə kəsdirər ki, burda hansısa əlamətdar gün qeyd olunur. Elədir, Mədəniyyət və Turizm Nazirliyi kitabçılarla birgə Mirzə Ələkbər Sabirin anadan olmasının 150 illiyi münasibətilə Kitab Bayramı keçirir. Bir az aralıda isə kitab sərgisidir. Necə deyərlər bayram bayrama qarışıb.

MƏNDƏN «HOHHOPNAMƏ» İSTƏDİLƏR

Biz çatanda səhnədə yazıçı, millət vəkili Aqil Abbas İrandan Naxçıvana gedəndə yükünün müsadirə olunmağından danışırdı:

Naxçıvana kitab aparırdım, bütün yazıçı-şairlərin kitabları idi. Orda məni 8 səkkiz yerdə saxladılar, kitabları da müsadirə etdilər. Orda bir nəfər mənə yaxınlaşıb dedi ki, mənə «Hohhopnamə» göndər. Özümdə var idi, oğurladılar. Mən dünən bir «Hohhopnamə» göndərdim ona.

Aqil Abbas

Aqil Abbas

Aqil Abbas başqa xatirəsini bölüşür, deyir ki, ötən əsrin 70-ci illərində Sabirin Moskvada bir kitabı çıxmışdı, «Fəhlə, sən də özünü insanmı sanırsan»:

«Kitab çıxandan sonra birdən-birə Sovet hökuməti anlamışdı ki, bu kitab çap edilməməli idi. Amma gec idi, bir çox zavod-fabrik böyük sifariş vermişdi o kitaba. Az vaxtda böyük tirajla satılmışdı».

«MİLLƏT NECƏ TARAC OLUR OLSUN, NƏ İŞİM VAR?!»

Aralarında məktəbyaşlı uşaqlar da olan rəssamlar isə bir qıraqda səhnədə danışanlara qulaq kəsilmədən öz işlərinə aludə olmuşdular. 12 yaşlı İslam Əliyev qara qələmlə eskiz çəkir, gözümə Sabirin cizgiləri dəyir, o da bunu təsdiqləyir:

- «Hophopnamə»dən qoca bağbanın şəklini çəkirəm. Bir də Sabirin öz şəklini. Altından da bir misrasını yazmışam.
- Hansı misrasını?
- «Cin görürəm, can görürəm, qorxmuram
Harda Müsəlman görürəm, qorxuram!...».
- Niyə məhz bunu?
- Bilmirəm, bunu çox bəyənirəm.
12 yaşlı rəssam İslam Əliyev

12 yaşlı rəssam İslam Əliyev

- Başqa nə bilirsən?
- «Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!
Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
Yatmışları razı deyiləm kimsə oyatsın,
Tək-tək ayılan varsa da, həq dadıma çatsın,
Mən salim olum, cümlə cahan batsa da batsın;»

Dəqiqələr ötür, bağda nə adam azalır, nə səhnədə çıxışlar. Sabir adına kitabxananın oxucuları olan qızlar şairin «Xandostu, amandı, qoyma gəldi» şerini səhnələşdiriblər.

«SEVİNİRƏM Kİ, KİTABLARIMI OXUYURLAR»

Bayaq bayram-bayrama qarışıb dedim, bağın ayağında kitabların sərgisidir. Bakıdakı nəşriyyatlar, kitab mağazaları öz məhsullarını nümayiş etdirirlər. Yazıçı Çingiz Abdullayev də burdadı. Onun kitabını alan oxucular fürsəti fövtə verməyib yazıçıdan avtoqraf istəyirlər. Hətta başqa müəllifin kitabına da avtoqraf yazdıranlar var. «İndi bir oxucu sizə «bütün kitablarınızı oxuyuram söylədi, bunu eşidəndə hansı hiss keçirirsiz?» sualını təbəssümlə qarşılayır:

Çingiz Abdullayev

Çingiz Abdullayev

- Təbii ki, yazıçı üçün uğur odur ki, onun əsərlərini oxusunlar. Mən də sevinirəm ki, kitablarımı oxuyurlar.
- Azərbaycan dilinə tərcümə olunmuş kitablarınız necə, oxucu tapırmı?
- Tapır. İndi biz «Qanun» nəşriyyatı ilə müqavilə bağlamışıq, 160 kitabın hamısı Azərbaycan dilinə tərcümə olunacaq.

UCUZLAŞMIŞ MALLAR «SƏBƏTİ»...

Üstünə 1 və 2 manat yazılmış, içi kitabla dolu səbətlər diqqətimizi çəkir. Halbuki, rəflərdəki kitablar bundan qat-qat bahadı. Ucuzlaşmış mallar «səbəti?» Naşir Şahbaz Xuduoğlu kitabı bu səbətin içində olan yazarların bundan inciməməyini məsləhət görür:

Kitab əslində əlçatan olmalıdır. Siqaret qiymətinə. Adamlar fikirləşməlidirlər ki, siqaret alsınlar, ya kitab. Əgər biz adamlarda bu tərəddüdü yarada bilsək, onda Azərbaycanda kitab bolluğu yaradacağıq. Yığılıb qalan kitabları gətirmişik bura. Bunu bir gün etmişik. Bu, kitaba can vermək, bazarı tərpətməkdir. Bir də kimin ki, imkanı yoxdur, gəlib bu qiymətə alsın kitabı.

«İCTİMAİ SEKTORA GƏLMƏSƏYDİM...»

Bakı Tibb Universitetinin tələbəsi Ümid Xəzər isə bizə gileylənir ki, tələbə yoldaşlarının arasında kitab oxuyanı barmaqla saymaq olar:

Deyərəm ki, onların ədəbiyyata marağı çox azdır. Mühitin də rolu var. Bəlkə ictimai sektora gəlməsəydim, mən də ədəbiyyatdan uzaq düşərdim. Adama nəyisə öyrədən kitaba üstünlük verirəm.

Bakıda hər il keçirilən kitab sərgisi də Mirzə Ələkbər Sabirin 150 illiyinə həsr olunmuşdu.

«Arzu edərdim ki, Sabir Azərbaycanda daha aktual olmasın». Bunu isə Kitab bayramına fərdi kolleksiyasındakı tarixi eksponatlarla qatılan həvəskar dizayner Fidan Nəsirovadan eşitdik:

Arzum budur ki, 130-150 il əvvəl deyilən sözlər bu gün aktual olmasın, Azərbaycan Sabirin istədiyi ölkə olsun.

Şərhləri göstər

XS
SM
MD
LG