Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:06

Belarusun «Eurovision»da pis nəticə göstərməsi prezidenti hiddətləndirib


Belarusun «Litesound» qrupu

Belarusun «Litesound» qrupu

Belarusun «Eurovision»da pis nəticə göstərməsi ölkə prezidentini hiddətləndirib.

«İnterfaks» xəbər verir ki, prezident Lukashenko mahnı yarışmasından sonra ölkəni bu yarışmada təmsil edəcək layiqli “nadir müğənni” axtarışına çıxıb.

Prezident bu fikirləri Minskdə keçirilən istedadlı gənclərin toplantısında səsləndirib:

«Yaxşı bir nömrə hazırlamaq, nadir səsli müğənni tapmaq lazımdır. Gərək o elə oxusun ki, mütəxəssislərin ağzı açıq qalsın. Avropa ictimaiyyəti isə verdikləri qiyməti sonradan dəyərləndirsin».

MÜSABİQƏYƏ YANAŞMA DƏYİŞİLMƏLİDİR

Prezidentin fikrincə hələ tələsmək lazım deyil: «Fikrimcə, bu müsabiqəyə yanaşmanı ciddi dəyişmək lazımdır. Bu bir kanalın vəzifəsi olmamalıdır. Yuxarıda –Mədəniyyət Nazirliyində də tərpəniş baş verməlidir. Hər iki dövlət kanalını hərəkətə gətirmək lazımdır. Pul qazanmaq və onu işə qoymağa məcbur etmək lazımdır. Üstəgəl də sponsorlar. Vəssalam!».

Lukashenko ölkəsinin uduzmağına belə münasibət bildirib: «Uduzanda da ləyaqətlə uduzmaq lazımdır. Biz isə əslində nə qədər pulu göyə sovurduq. Nəticəsi də olmadı...».

Xatırladaq ki, Bakıda keçirilən Eurovision Mahnı Yarışmasında Belarusu «Litesound» qrupu təmsil edirdi.

Qrup finala keçə bilmədi. Yarı finalda uduzan qrup 18 ölkə arasında 16-cı yeri tutdu.

SEÇİM TURUNDA QALMAQALA PREZİDENT SON QOYDU

Yeri gəlmişkən, xatırlayırsınızsa, Belarusun «Eurovision» təmsilçisinin milli seçim mərhələsində qalmaqal yaranmışdı.

Əvvəlcə təmsilçi Alena Lanskaya seçilmişdi. «Litesound» qrupu isə ikinci yeri tutmuşdu.

Seçimdən sonra Belarus mediasında Lanskayanın qələbəsinə şübhə ilə yanaşmağa başladılar.

Jürinin sədri bildirdi ki, birinci yeri «Litesound» qrupu tutmuşdu. Lanskaya sadəcə tamaşaçı səsinə görə birincilik qazanıb.

İşə ölkə prezidenti qarışdı. Müsabiqənin seçim turunu yoxlamaq əmri verdi və bir neçə gündən sonra elan edildi ki, səslər saxtalaşdırılıbmış.

Bütün günahlar isə «Беларусь-1» kanalının icraçı prodüseri Dmitri Baranovun boynuna qoyuldu və o, işdən qovuldu.

Deyilənə görə, Dmitri Baranov günahını boynuna almayıbmış.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG