Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 16:52
Müsavat başqanının müavini Arif Hacılı mayın 31-i saat 12.30 radələrində anasının dəfnində iştirak etmək üçün müvəqqəti azadlığa buraxılıb.

Arif Hacılı əməkdaşımızla qısa müsahibəsində deyib ki, bu, ondan ötrü gözlənilməz olub.

- Arif bəy, həmişə azadlıqda, axır qəminiz olsun. Gözləyirdinizmi buraxılmağınızı?

- Anamı itirmək mənim üçün böyük bir itkidir, böyük faciədir. Hər halda dəfn mərasimində iştirak etməm üçün mənim belə tez buraxılmağın xoşməramlı bir addımdır.

- Məlumatlar var idi ki, ananız xəstə olduğu üçün bir neçə dəfə müraciət etmisiz ki, ona baş çəkib yenidən həbsxanaya qayıdasınız. Olmuşdumu belə müraciətiniz?

- Bir dəfə müraciət etmişdim. Novruz bayramı ərəfəsində anamın vəziyyəti kifayət qədər pisləşmişdi. Ümid edirdim ki, onunla görüşsəm, bu, onun səhhətinə müsbət təsir edəcək. Çünki o, Novruz bayramına qədər mənim azadlığa çıxacağıma ümid bəsləyirdi. Mən azad olunmadığım üçün səhhəti bir daha pisləşmişdi. Sonra anam «Eurovision» ərəfəsində azadlığa çıxacağımı gözləyirdi. «Eurovision»da azadlığa çıxa bilməməyim, görünür, onun həyatı üçün son zərbə olub.

- Prezidentə müraciət etmişdiniz ki, Siz buraxılmasanız da, digər 2 aprel məhbusları «Eurovision»dan qabaq buraxılsın.

- Mən müraciətimi etmişəm, Azərbaycan mətbuatında da işıqlandırılıb. Mən bununla «Eurovision» ərəfəsində siyasi münasibətlərin səngiməsinə, Azərbaycanın dünya miqyasında normal imicinin formalaşmasına xidmət etməyə çalışdım. Mən bunu bir xoş məramla etmişdim.

- Nə gözləyirdiniz, hansı ümidləriniz var idi?

- Mən nəinki gözləyirdim, müraciətimin müsbət nəticəsi olacağını indi də gözləyirəm.

- Hesab edirsiz ki, bu ola bilər?
- Bəli, ola bilər.

- Səhhətiniz necədir?
- Səhhətimdə müəyyən problemlər var. Amma indi hesab etmirəm ki, bu, başlıca mövzu ola bilər. Yəni, həyatım üçün təhlükəli ola biləcək xəstəliyim yoxdur.

- Siz indi ananızın dəfn mərasiminə gedirsiniz. Neçə gün vaxt veriblər, neçə gün azadlıqdasınız?
- Bunu dəqiq bilmirəm. Amma mənim dəfn mərasiminə çatmam üçün Penitensiar Xidmət, Ədliyyə Nazirliyi əlindən gələni etdi. Yəqin ki, çatacam. Məni rayona qədər 2 zabit müşayiət edəcək.

- Arif bəy, müvəqqəti də olsa, azadlıq necədir?

- Həbsxananın divarları arxasından belə çıxmağı arzulamazdım. Mən tam azadlığa çıxmaq istəyərdim. Xoş gün üçün çıxmaq istəyərdim, anamın dəfn mərasimi üçün çıxmaq istəməzdim.

- İçəridən çöldə gedən siyasi prosesləri izləyə bilirdinizmi?

- Dövrü mətbuatla tanış olmaq imkanlarım var. Eyni zamanda, yanıma gələn yaxınlarım, vəkillərim ümumi məsələlər barədə mənə məlumat verirlər.

- Müsavatın qurultayı barədə də hərdən ismarışlarınız olurdu.

- Bu barədə başqa vaxt danışarıq...

Arif Hacılı İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi icazəsiz etiraz aksiyası zamanı saxlanıb. 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG