Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:31

Vaqif İbrahimoğlu. Onların anasını... ağlatmaq lazımdır


Vaqif İbrahimoğlu
Vaqif İbrahimoğlu
Vaqif İbrahimoğlu


DƏDƏM QORQUD EŞQİNƏ...

Sovet teatr rejissorunun Türkiyə gündəliyi


ƏVVƏLİ

23 yanvar, çərşənbə. 1985-ci il

Bu gün bütün günü əsəb gərginliyindən məni əsməcə tutmuşdu və elə bu üzdən tez-tez əsnəyirdim. Səbəb: saat 18.00-da tamaşaçıların da qatılacağı baş məşq olacaqdı, yəni tamaşanın qeyri-rəsmi təhvil mərasimi.

Səhər erkən durdum, bir az idman edib duşa girdim. Ardından V.V. ilə kofe içib Opera Teatrına yollandıq. Eynən dünənki kimi, daha çox veylləndim və cəmi 2 saat çalışdım: 3-cü və 4-cü bölümlərin işığını qurduq.

Fasilədən sonra bütün işığı, dekorları yoxladıq və saat 17.30-da aktyorları qrimləməyə başladım. Dəhşət!!! Qrim haqqında təsəvvürləri yoxdur, üstəlik, qərbi alman qrimi olduğundan o “çöpləri” boyaya qarışdırmaq çətin başa gəlir. Vəlini, Süleymanı və Əskəri rəngləyə bildim, qalanları bacardıqları kimi qrimləndilər.

Saat 18.00-da başladıq. Aman Tanrım!! Bu nə idi?! Ən pis və qarmaqarışıq yuxu bunun yanında sütül bir qızın royası sayılardı!! Nə isə, duyğularımı ört-basdır edib, olub-bitənləri danışmağa çalışım.


Bu gündəlik ilk dəfə çap olunur. Düz 28 il öncə Vaqif İbrahimoğlu Türkiyəyə--Ankara Opera və Balet Teatrında Üzeyir bəyin “Arşın mal alan” operettasını tamaşaya qoymağa dəvət olunmuşdu. Üç ay Ankarada qalan Vaqif bəy nə yaxşı ki, orada keçirdiyi günləri gündəliyində əbədiləşdirmişdi. Sovetlər dönəmində “Gündəlik” təbii ki, çap oluna bilməzdi. Odur ki, Vaqif bəy 1989-cu ildə əlyazma şəklində cildləyib hazırladığı “kitab”ı dostu Zeynal Məmmədliyə verir və şərt kəsir: “Bu gündəliyi ancaq mən öləndən sonra Azərbaycan türkcəsinə çevirib çap edərsən...”

Əziz oxucu! 28 il öncə Ankarada bəlli səbəblərdən rusca yazılan gündəliyi AzadlıqRadiosu “İz” proqramının prodüseri Zeynal Məmmədli dilimizə çevrib. “Gündəliy”in növbəti hissəsi qarşınızdadır. Bu “İz”i qaçırmayın.

Normal başladıq, hətta maraq oyada bildik – işıq yaxşı, dekorlar baxınaqlı idi. Nə oldusa, sonra oldu: Lap əvvəl Cümhur (Əskər) büdrədi – replikaları qarışdırdı. Ardından Nuran ilişib qaldı və onlar 2-3 dəqiqə elə eyni yerdə eyni sözü deyib-durdular və Cahanın rəqsi başlarkən qəfildən ortaya tullandılar. Sonra nəsə mızıldanıb ora-buranı gəzib-dolaşdılar. Bülənd azacıq canlanma gətirdi, amma o da mahnısını oxumadı və ardından sönüb-həvəsdən düşdü.

Beləcə, yenə çərən-pərən başladı. Cümhur korlamasaydı, bəlkə rəqs babat alınacaqdı. Di gəl ki, o, arşın malçı köynəyini əlində tutub oynamaq əvəzinə, həmin köynəyi əyninə geyməyə başladı və onu necə düyməyələcəyini bilməyərək çaşıb qaldı. Beləcə, rəqs heç başlamadan batıb getdi və zamanı – 26 dəqiqəni aşmasalar da sonluq korlandı. Dekorların dəyişdirilməsi də 26 dəqiqə sürdüyündən 2-ci pərdə “soyuq” başladı. Bəlkə də bu pərdənin əvvəlinə pis demək olmazdı, amma Cahid peyda olunca, hər şey tərs getdi: o, birdən (!) mətni unudaraq, burulub işə salınan oyuncaq kimi, cürbəcür səslər çıxarmağa və atılıb-düşməyə başladı. Xor çox pis idi, dünənki qalmaqaldan sonra küsgün və ölgün təsir bağışlayırdı.

Cümhur çaşqın-şaşqın-mağmın tövrünü davam etdirir, əl-ayağa dolaşır, anlaşılmaz sözlər deyirdi. Onun elədikləri, başdan-ayağadək, üstəlik, ən aşağı keyfiyyətli özfəaliyyətdən başqa bir şey deyildi. Tamaşanı dekorlar, bir də işıq xilas edirdi: hər şey neorealizmin, tfu – neokonservatizmin ən yaxşı gələnəklərinə uyğun gəlirdi. Cahanın Soltanla görüş səhnəsini Cahid məhv etdi: mətni unudub özündən sözlər uydurdu və əsl seks manyakı kimi davrandı.

İkinci bölümün sonluğu əvvəldən-axıracan anlamsız, pinti və uydurmalarla keçdi. İşıq normaldır, sadəcə, “super” və səhnənin üz pərdəsi bir az “gecikir”. İkinci dəyişmə (Dekorların dəyişdirilməsi nəzərdə tutulur – Z.M.) azı yarım saat vaxt apardı, amma bu bölüm yaxşı başladı -- əvvəlki səhnələrdə (özəlliklə 2-ci şəkildə), sözün birbaşa və dolayı mənalarında sönük görünən, ona-buna suflyorluq edən, səhnə mizanlarını pıçıldayan və özü haqqında az düşünən Kəriman dirçəldi. Asya (Halə) çox pis idi, Gizəmin səsi güclə eşidilirdi. Cahidə gəlincə, o, hələ “yenə belimin ağrısı tutdu” sözlərini söyləməmiş... pardon... arxasını tamaşaçılara çevirərək belini əyib gəzir və elə hey – “Girdi... girdi... girdi...” deyirdi. Bülənd (Süleyman) bir az canlılıq gətirsə də, Soltan bəylə Gülçöhrənin açılışma səhnəsində bərbad idi – yenə ən pis səviyyəli özfəaliyyət təsəvvürü yaradırdı. Daha sonra o, sözləri bilmədiyindən təlxəkliyə yuvarlanır, bambılı və səfeh birinə bənzəyirdi.

Antraktda bir azərbaycanlı yanaşaraq tamaşanın musiqili valında belə olmadığını və mənim yanıldığımı deməyə başladı, amma Rəcəb onun cavabını verdi...

Dördüncü bölümdə hər şey tərs getdi və bir-birinə qarışdırıldı. Balet bərbad oynadı. Düzdür, işıq çox gözəl idi.

Tamaşaçılara təzimi də korladılar. Elə korladılar ki, öyrətdiyim mizanların izini də görmədim. Son not səslənincə, maestro da o dəqiqə orkestri buraxdı. Mən hamını saxlayıb aktyorların tamaşaçılara təzimini -- başəymə hissəsini yenidən məşq etdirdim.

Qısa xülasə: hər şey o qədər pisdir ki, indən belə nə ediləcəyini özüm də bilmirəm! Tam idarəolunmazdırlar, hər hansı tənqidi qeyddən küsürlər, heç kimdən qorxmurlar, qablarında da bir şey yoxdur (Kərimanı çıxmaqla...). Məmur kimi küt və qeyri-peşəkardırlar. Tamaşaçıları görüncə toparlanacaqlarını düşünmüşdüm... Bu da sənə toparlanma: bir an sonra nə edəcəkləri bilinmir. Sabah saat 10-a hamısını çağırdım. Daha bir məşq də ayın 25-də olacaq (baş məşq!!!) və 26-da da ilk tamaşa!! Ay haray! Qurtarın məni! SOS!

(Sabah səhər bəzi əlavələrimi də yazaram...).

24 yanvar, cümə axşamı. 1985-ci il

Səhər...

... Çox gözəl bir səhər açılmışdı: Günəş işıq saçır, hava qup-qurudur, təkcə quşların cəh-cəhi, bir də axan çayların şırıltısı çatmır – qalan hər şey yaz aylarındakı kimidir.
Zeynal Məmmədli
Zeynal Məmmədli
Sanki küçələrə yazın nəfəsi yayılıb, sanki gözəl günlər təşrif buyurub...

Dünən səhər Hüsaməddin bəy məni bir neçə məsələ üçün yanına çağırdı. Sən demə, xor Oğuzdan gileylənərək “o, bizim mənliyimizə toxunub” – deyib. Oğuzun ayağını vermədim, dilimdən – “Onların anasını... ağlatmaq lazımdır” – cavabı qopdu. Hüsaməddin bəy başını tərpədərək razılığını bildirdi və mənə güvəndiyini göstərən bir tövrlə -- “Bir-bir, bir-bir – toplulukda yok...” – sözlərini söylədi.

İkinci məsələ -- səfirin ( Sovet dövlətinin Türkiyədəki səfiri nəzərdə tutulur – Z.M.) tamaşaya baxmağa gəlib-gəlməyəcəyi ilə bağlı idi, çünki gələcəyi halda ona ayrıca loja saxlanmalıydı. Bu ayın 27-də mənim, Kərimanın, maestronun, Cümhur və Əhədin TRT-də canlı yayıma qatılmaq üçün İstanbula uçub-uçmayacağımızsa həllini gözləyən üçüncü məsələ idi. Hüsü bu məsələni səfirliklə bir yerdə çözməyimizi xahiş edirdi.

Dərhal səfirliyə telefon açdım, dəstəyi götürən şəxsə zəngimin məqsədini uzun-uzadı anlatdım və məlum oldu ki, SİTA-nın (Sovet İttifaqı Teleqraf Agentliyinin – Z.M.) müxbiri Vladimir Jarovla danışırmışam... Yenidən zəng etdim, danışdım, ancaq uyğun heç kəsi tapmadım. Axşam Əhəd gəlib-çıxdı və dedi ki, məsələ çözülüb və hamımız TRT-nin hesabına gedəcəyik.

Axşam məşqində xeyli azərbaycanlı vardı, amma-ancaq və lakin reaksiya vermədilər, yəni heç birindən səs çıxmadı. Gördüklərini musiqi səsyazısında eşitdikləriylə müqayisə edən bircə nəfərdən başqa ki, o barədə artıq yazmışam. Həmin adam bildirdi ki, “...hətta mənim 9 yaşında qızım da bütün bunların düz olmadığını deyir ”. Z.N.B.-nin (Zakir Nəriman oğlu Bağırov – o dönəmlərdə sovet Azərbaycanının mədəniyyət naziri nəzərdə tutulur – Z.M.) hələ öncədən söylədikləri indi təsdiqini tapdı.

Tamaşanın ardından, mən nə qədər boyun qaçırsam da, Camalla Rəcəb əl çəkmədilər və bir də gözümü açdım ki, Rəcəbin bir keçmiş dostunun yeməkxanasındayam. Oraya Rəcəbin maşınında getdik və az-maz bir şeylər atışdırandan sonra uzun-uzun danışıb-söhbətləşdik. Cahidin (Soltan bəy) oyununu “biabırçılıq!” adlandıran Attilanı od götürmüşdü. Onunla razılaşdım. Otelə qayıdanda gecə saat 12 idi və V.V. artıq yatmışdı.

Səhər açılandan oteldə su yoxdur. Yəqin lazlar içib qurtarıblar. İndi özümü abra salıb məşqə gedirəm: bölümləri gözdən keçirəcək, ancaq ayrı-ayrı səhnələrlə işləyəcəyəm ki, heç olmasa, bir şeyləri axıra çatdırım.

Nə olacaq? Necə olacaq? İlk dəfədir ki, bilmirəm!!! SOS!!!

ARDI VAR

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG