Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:21
QİSMƏT


Yeni şeirlər


S.O.S


Təkcə axşamlarmı?
Yox, əlbəttə, yox!
Gündüzlər də...
gündüzlər də
üşüyür adamlar.

Təkcə adamlarmı?
Yox, əlbəttə, yox!
sevgi də...
sevginin də
oksigen çatışmazlığı var.

Təkcə sənmi?
Yox, əlbəttə, yox!
Elə mən də...
elə mən də...


Bəs siz?

Ömür qaçır
inanın mənə
izlərini görmüşəm.

əllərini açır
dilənçi uşaq
dizlərini görmüşəm.

Adamlar acır
zarafat eləmirəm
gözlərini görmüşəm...


Məmurun ölümü.
(Çexova)


Gecənin yarısıdır. Gümüşü alışqanı
əlində atıb-tutan, dazbaş, üzüçil kişi
narahatdır nədənsə? Yaman qaradır qanı.
Qapısında dayanıb keşik çəkən oğlana
dönə-dönə tapşırıb: bu qapıdan içəri
milçəyi də buraxma, qadağandır, qadağan!

Halı dünəndən pisdi. Öz adını yazmağı
unutmuş bir savadsız, qan qırmızı qələmlə
ona bir məktub yazıb: “Mən hörmətli sözünü
sizə layiq bilmirəm. Salam, sadəcə salam.
Balaca bir evim var, evim boyda bir balam.
Sizin kimi yanaşsaq, bunun sizə nə dəxli?
Darıxmayın, oxuyun, görəcəksiz dəxli var.
Məktəbi bitirəndə - yəni ki, otuz bahar,
Otuz qış bundan əvvəl - sərbəst işləmək üçün,
sərbəst yaşamaq üçün vəkil olmaq istədim.
Əlbəttə ki, bir az da atamın təhrikiylə,
anamın arzusuyla. Şaxtalı gecələrdə
hislənən lampamızın işığında oxudum.
Yatıb-durub oxudum, yuxunu evimizdən
qovub-qovub oxudum. Nağıl diliylə desək :
ay ötdü, il dolandı, atamın üzü güldü,
anam gül-çiçək açdı. Həmin ildən bəndəniz
(doxsan dördün yayından) qəbul oldum “Hüquq”a.
Uzatmıram, yorğunam. Oxuduqca gördüm ki,
qanunlar çox olsa da, hüquq yoxdu. Sən demə
adamlar bu ölkədə yeganə bircə yerdə
kağızların üstündə, qovluqların içində
vətəndaşdı, vəssalam. Mən onda anladım ki,
hüququn divarları cinayətdən hörülüb.
Mən onda anladım ki, qanun kağız üstündə
hamı üçün olsa da, o ”Hamı” hamı deyil.
Ədalətin əlində tərəzisi olsa da,
gözlərində sarğı var. Demək ədalət budur:
yekələrin xeyrinə kiçiklərə göz yummaq...”

Bu naməlum adamın məktubu uzun idi,
yekunda yazmışdı ki : “... bu dünyanın qəribə,
əcaib işləri var. Yüz min adam çağırıb
keşikdə qoysanız da, hərə öz əcəlini
öz yanında gəzdirir. Bu dünyada bilin ki,
bir dənə keşikçi var : o da qoca Ölümdür !
Ha qapını bağlayın, ha örtün pəncərəni
ay işığa otağa icazəsiz düşürsə,
deməli qoca Ölüm, hər yanda, hər yerdədi.”

Dazbaş, üzüçil kişi o gecə səhərəcən
özünü çimdiklədi. Görsün sağdır, yoxsa yox?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG