Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:41

“İranda Azərbaycana etirazların dinə dəxli yoxdur”


İran səfirliyinin binası qarşısında etiraz aksiyası, arxiv
İran səfirliyinin binası qarşısında etiraz aksiyası, arxiv

“İslam və demokratiya” verilişinin qonaqları hesab edir ki, hər iki tərəfdə münasibətlərin korlanmasına çalışan qüvvələr var və əlaqələr düzələnə qədər Azərbaycandakı dindarlar bundan ziyan görəcək.

“İran və Azərbaycan arasında münasibətlərin pisləşməsinin kökü nə “Eurovision”, nə də dinlə bağlı deyil. Sadəcə regionda böyük güclərin böyük maraqları, həm də hər iki tərəfdə əlaqələrin korlanmasına çalışan qüvvələr var. Təəssüf ki, bu qüvvələr müəyyən dərəcədə öz istəklərinə nail olublar”.

ETİRAZ OLAR, TƏHQİR YOX

Bu fikir “İslam və demokratiya” verilişinin qonağı Yaşıllar Partiyasının sədri Mais Güləliyev tərəfindən səslənib. O, İran vətəndaşlarının Azərbaycanda gey-paradın keçirilməsinə etirazını normal qəbul edir:

“Həm İranda, həm də Azərbaycanda vətəndaşlar söz azadlığı, birləşmək hüququndan istifadə edib öz fikirlərini deyə bilər. Sadəcə bu, təhqir səviyyəsinə qalxmamalı, dövlətin atributlarını aşağılayan formada olmamalıdır".

M.Güləliyev hesab edir ki, hələlik hər iki tərəfdə dövlət səviyyəsində düşmənçilik elementləri görünmür. Səfirin geri çağırılması isə beynəlxalq aləmdə baş verən hadisədir və bundan böyük faciə düzəltməyinə dəyməz.

“Bu dövlətlər arasında nə dini, nə də siyasi baxımdan həll olunmayan problemlər yoxdur.
Azərbaycan tərəfi İranla münasibətlərin düzəlməsində maraqlı olduğunu bildirir. İran tərəfi də lazım olan addımları atmaq istəyini açıqlayıb”.

Şərqşünas Vüsal Hətəmov
Şərqşünas Vüsal Hətəmov
DEMƏDİLƏR Kİ, GEY-PARAD OLMAYACAQ

Şərqşünas Vüsal Hətəmov isə məsələnin digər məqamından danışır. Onun fikrincə, hələ mitinqlərdən əvvəl, İran dindarlarının bəyanatları səslənəndə, Azərbaycan tərəfi buna lazımi reaksiya verməliydi:

“Rəsmi şəkildə bəyan edilmədi ki, Bakıda gey-parad keçirilməyəcək. Artıq hadisələr başlanandan sonra bunu dedilər”.

Vüsal Hətəmov hesab edir ki, hər iki tərəfdən rəsmilər konfliktin böyüməsinin qarşısını ala bilərdilər. Bunun üçün lazım olan addımlar atılmayıb:

“Fikir verin, hər iki tərəfdə dövlət başçıları təhqir olunur, amma heç bir tərəfdə bu təhqirlərə görə həbs olunanlar yoxdur. Açıq görünür ki, bu məsələdə Azərbaycanın mərkəzləşmiş daxili siyasəti yoxdur. Hansı Qərb ölkəsinin gücü çoxdursa, o qüvvələr burada öz sözünü deyə bilir”.

ZİYAN DİNDARLARA DƏYƏCƏK

Şərqşünas deyir ki, ötən həftə Sumqayıtda bir neçə dindar insan həbs olunub, İran adı olduğuna görə xüsusilə şiələri tuturlar. Artıq insanlar məscidə getməyə qorxur.

“Azərbaycanda təbii şəkildə təriqətlər arası, milli zəmində heç vaxt problem olmayıb. Amma indi yaşanmaq üzrədir. İran-Azərbaycan arasındakı problemlər səngiyənə qədər müəyyən qədər insanlar, əsasən də dindar kəsim əziləcək”.

Mais Güləliyev isə deyir ki, Azərbaycanla İran bir-birinə çox yaxın dövlət olduğundan, onlar arasında normal münasibətlərin qalması regionun təhlükəsizliyi üçün vacibdir.

“Hər kəs nəyin baş verdiyini dərk edir, amma dilinə gətirməyənlər də olur Hər iki dövlətin hökuməti yaxşı qonşuluq münasibətlərinin saxlanmasında maraqlıdırlar. Gələcəkdə bu qarşıdurmanın kəskinləşməsi istiqamətində addımlar atılmayacaq”.

Verilişi burdan dinlə:

XS
SM
MD
LG