Keçid linkləri

Təcili xəbərlər

Demokratiya ixrac edilə bilərmi?


Arxiv foto: Bakıda müxalifət fəallarının keçirdiyi etiraz aksiyasında yaranan mənzərə.
Arxiv foto: Bakıda müxalifət fəallarının keçirdiyi etiraz aksiyasında yaranan mənzərə.
-



Bu sual həmişə böyük mübahisələrə səbəb olub. Elə Qərbin öz akademik və intellektual dairələrində də məsələyə münasibət birmənalı deyildi.

Son illərə qədər daha çox Nobel mükafatı laureatı D.Nortun nəzəriyyəsi dəbdə idi. Bu alim Qərb institutlarının digər ölkələrə tətbiq edilməsinin neqativ cəhətlərini araşdırmışdı. Lakin onunla razılaşmayanlar və əks arqumentlər səsləndirən intellektuallar da az deyil.

Sonuncuların fikrinə görə, problem ondadır ki, bu institutlar bəzi ölkələrdə həqiqətdə tətbiq edilmir və daha çox imitasiya və görüntü xarakteri daşıyır.

Bu cür arqumentlərdən sonra D.Nort nəzəriyyəsi bir qədər gözdən düşdü, çünki demokratiya imitasiyası həqiqətən də böyük siyasi problemə çevrilib. Onlarla ölkə sadalamaq olar ki, onlarda azadlıq və demokratiya dəyərləri və institutları imitasiya xarakteri daşıyır.
...indi bütün bəşər bu fikirdədir ki, azadlıq insanın ayrılmaz hüququdur, bəlkə də o yaşamaqla, həyatla bahəm Allahın insana ilk hədiyyəsidir...

Bəli, formal olaraq hər şey var: məhkəmə, parlament fəaliyyət göstərir, siyasi partiyalar mövcuddur, konstitusiyalarda geniş hüquq və azadlıqlar təsbit olunub. Zira reallıqda hər şey sadəcə görüntüdür.

Azərbaycanlı oxucu üçün də bütün bu sadalananlar qeyri-adi hadisə deyil, onlar bunu 19 ildir ki, yaşayırlar. Ona görə də yazının başlığına çıxarılmış sualın cavabı da getdikcə yeni mənalar və çalarlar kəsb edir.

Artıq Qərbdə cəmiyyətlər avtoritar sistemləri sərbəst buraxmağın və onların işinə qarışmamağın əleyhinə çıxış edirlər. Onlar belə hesab edir ki, demokratik hökumətlər bu cür sistemlərlə əməkdaşlıq etmək praktikasından əl çəkməlidirlər.

DEMOKRATİYANIN İMİTASİYASINA NECƏ SON QOYMAQ OLAR?

Bu günlərdə «Forbes» dərgisində ABŞ analitiki M.Adomanisin çox maraqlı yazısı dərc olunub. O, yazır ki, indiki Rusiya və Azərbaycan müasir azadlıq və demokratiya dəyərlərinin yayılması prosesində ABŞ-ın tutduğu qeyri-səmimi münasibətin əyani göstəricisidir.

Daha sonra o, yazır: «Həqiqətən də demokratiyanın yayılmasında, hüquq və azadlıqların təsbit olunmasında ABŞ-ın siyasəti birmənalı olsaydı, biz Vaşinqtonun orta əsrlərə xas siyasi sistemə malik olan Azərbaycana qarşı daha kəskin və sərt siyasət aparacağına ümid edə bilərdik. Bəs reallıqda ABŞ Azərbaycana hansı münasibəti göstərir? Hətta gözləniləndən də yaxşı münasibət!».

Göründüyü ki, Amerika analitiki öz hökumətinə qarşı çox kəskin mövqe nümayiş etdirib. Maraqlısı budur ki, belə yazılar və çıxışlar son dövrdə mütəmadi olaraq meydana çıxır.

İndi Qərbdə də insanlar başa düşür ki, avtoritar sistemlərdəki xalqlar heç də öz «hökumətlərinə layiq deyillər» (Hegel), onlar daha yaxşı aqibətə, münasibət və həyata layiqdirlər. Sadəcə, bu insanların hələ də avtoritar sistemlərdə və quruluşlarda yaşamasının səbəbi budur ki, bu quruluşlar insanlarla çox sərt davranır, ən kiçik etirazı belə boğur, insanlara söz deməyə və öz fikrini azad seçkilərdə bildirməyə imkan vermir.

Məsələn, Suriyada bir ildən artıqdır ki, insanlar avtoritar quruluşa qarşı mübarizə aparır, minlərlə insan həlak olub. Bundan sonra demək olarmı ki, suriyalılar həqiqətən də Əsəd idarəçiliyinə layiqdirlər?!
İndi Qərbdə də insanlar başa düşür ki, avtoritar sistemlərdəki xalqlar heç də öz «hökumətlərinə layiq deyillər» (Hegel)

İndi hamı bir fikrə gəlir ki, demokratik qüvvələrə zəruri dəstək verilməsə avtoritar sistemlərin ömrü hələ çox uzanacaq. «Dəstək» deyəndə heç də vacib deyil ki, bu, sırf hərbi müdaxilə olsun.

Bunun üçün başqa üsul və qaydalar var: hökumətlər qınanır və demokratik ölkələrin hökumətləri bu hökumətlərlə əməkdaşlıq etmir, yüksək çinli məmurların azad ölkələrə gediş-gəlişləri məhdudlaşdırılır, onların bank hesabları dondurulur.

Bu cür sanksiyalar artıq bir çox ölkələrə qarşı tətbiq olunmağa başlayıb. İndisə növbə imitasiyalı demokratiya ölkələrinindir. Bu sistemləri yaradanlar zənn edirdi ki, nəinki özününküləri, hətta digər ölkələrin də vətəndaşlarını aldada biləcəklər. Fəqət, yalan ayaq tutdu, lakin yeriyə bilmədi, elə ilk cəhddə bəlli oldu ki, bu, yalandır!...

KİÇİK SÖZARDI

«Demokratiya ixrac edilə bilərmi?» sualı bəlkə də «Azadlıq alına bilərmi?» sualı ilə eynidir. Əgər kimlərsə düşünürsə ki, insanların azadlığını əllərindən almaq olar, onlar bu azadlığı geri qaytarmaqla da barışmalıdırlar. Çünki indi bütün bəşər bu fikirdədir ki, azadlıq insanın ayrılmaz hüququdur, bəlkə də o yaşamaqla, həyatla bahəm Allahın insana ilk hədiyyəsidir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG