Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 05:00

Həbsxanalarda və təcridxanalarda şərait


Bayıl həbsxanası
Bayıl həbsxanası
Həbsxana infrastrukturunda təkmilləşdirmə işinin davam etməsinə baxmayaraq, həbsxanalarda şərait çox pis olaraq qalıb, bəzilərində isə ümumiyyətlə həyat üçün təhlükəli olub. Kameralarda normadan artıq məhbusun saxlanması, normal qidalanmama, istilik və ventilyasiya sisteminin pis olması, su çatışmazlığı və tibbi xidmətin zəif olması həbsxanalarda yoluxucu xəstəliklərin yayılması probleminin başlıca səbəbləri olub.

Həbsdə olanların sayı təqribən 20 min olub ki, onların da 13.5 faizini təcridxanalarda saxlanılanlar təşkil edib. Həbsdə olanların 2.1 faizi qadınlar olub. Həbsxana sistemində zorlanma ilə bağlı məlumatlar tək-tük olub.

Beynəlxalq Qızıl Xaç Komitəsinin məlumatına görə, hökumət yeni saxlama məntəqələri tikmək və mövcud saxlama məntəqələrini təmir etmək yolu ilə saxlanma şəraitini yaxşılaşdırmaq üçün xeyli səy göstərib.

HƏBSXANALAR STANDARTLARA CAVAB VERMİR

Həbsxanaların əksəriyyəti sovet dövründən qalma olub, beynəlxalq standartlara cavab vermir. Rəhbərlik məhbusların fiziki məşğuliyyət, həmçinin vəkil və ailə üzvləri ilə görüş imkanlarını məhdudlaşdırıb. Məhbusların işləmək, yaxud peşə təlimi görmək imkanları cüzi olub. Keçmiş məhbusların dediklərinə görə, həbsxana nəzarətçiləri məhbusları döyməklə, yaxud karserə salmaqla cəzalandırırlar. Yerli və beynəlxalq müşahidəçilər qapalı tipli Qobustan həbsxanasında şəraitin pis olması barədə davamlı məlumatlar yayıblar.

Ədliyyə Nazirliyi 2011-ci il ərzində həbsdə olarkən 113 nəfərin öldüyünü bildirib. 2010-cu ildə bu rəqəm 106 idi. Nazirliyin məlumatına görə, 2011-ci ildə 746 məhbus vərəmdən müalicə alıb. 2010-cu ildə bu göstərici 497 idi. Vərəm həbsxanalarda ölüm hallarının başlıca səbəbi olmaqda qalır. Hərçənd Ədliyyə Nazirliyinin məlumatına görə, 2011-ci ildə bu xəstəlikdən ölən məhbusların sayı 24-ə enib. Hökumət məhbuslar və saxlanılanlar arasında ölüm hallarının digər əsas səbəbləri kimi xərçəng (13), HİV/AİDS (6) və intiharı (10) göstərib.

SAXLAMA MƏNTƏQƏLƏRİNDƏ VƏZİYYƏT

Daxili İşlər Nazirliyi saxlama məntəqələrində 2 intihar hadisəsinin baş verdiyini bildirib. Bu ölüm faktları ilə əlaqədar 3 polis zabiti, o cümlədən bir saxlama məntəqəsinin rəisi işdən azad olunub, digər saxlama məntəqəsinin rəisinə isə töhmət verilib.

Yerli QHT-lərin bildirdiklərinə görə, bəzi məhbuslar məhkəmə orqanlarına şikayət ərizəsi ilə müraciət etməkdə çətinliklərlə üzləşiblər. Məhbusların yazışmaları bir qayda olaraq həbsxana rəhbərliyi tərəfindən oxunub.

Daxili İşlər Nazirliyi bildirib ki, il ərzində İnsan Alverinə Qarşı Mübarizə İdarəsi üçün, habelə Bakının Nəsimi və Sabunçu rayonlarının, eləcə də Abşeron, Samux, Hacıqabul, Tovuz və Quba rayonlarının polis idarələri üçün yeni müvəqqəti saxlama məntəqələri tikilib. Daha 22 rayonda polis idarəsinin, həmçinin Nəqliyyatda Baş Polis İdarəsinin saxlama məntəqələri təmir edilib.

Ədliyyə Nazirliyinin məlumatına görə, 2011-ci ildə 4, 8, 9, 12, 13, 14, 16 və 17 saylı cəzaçəkmə müəssisələri təmir olunub. 2, 5 və 16 saylı cəzaçəkmə müəssisələrində yeni tibb məntəqələri yaradılıb, yeni istilik sistemləri quraşdırılıb. Nazirlik Şəkidə qarışıq rejimli cəzaçəkmə müəssisəsinin tikintisinə başlayıb.

MONİTORİNQ QRUPLARININ ÜZLƏŞDİYİ PROBLEMLƏR

2009-cu ildən bəri Ədliyyə Nazirliyi İşgəncələrə qarşı Azərbaycan Komitəsindən cəzaçəkmə müəssisələrinə baş çəkməzdən öncə nazirliyi məlumatlandırmasını tələb edir. Daxili İşlər Nazirliyi belə məlumatlandırmanı tələb etmir və Komitənin istədiyi vaxt, heç bir bildiriş olmadan DİN-in saxlama məntəqələrinə baş çəkməsinə icazə verir.

Beynəlxalq Qızıl Xaç Komitəsi hərbi əsirlərin saxlandığı məntəqələrə, habelə Ədliyyə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin cəzaçəkmə müəssisə və təcridxanalarına maneəsiz giriş imkanına malik olub.

Hökumət nümayəndələrindən və hüquq-müdafiə təşkilatlarının təmsilçilərindən ibarət monitorinq qrupu həbsxanalara giriş imkanını yalnız Penitensiar Xidməti qabaqcadan məlumatlandırdıqdan sonra həyata keçirə bilir. Lakin bəzi hallarda hətta qabaqcadan məlumatlandırmadan sonra belə monitorinq qrupu həbsxanaya baş çəkməkdə çətinliklərlə üzləşib. Bununla belə, qrup il ərzində həyata keçirdiyi 22 monitorinqdə 369 məhbusla söhbətləşib.
XS
SM
MD
LG