Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:02
Cəlilabadın Alar kəndindən olan və ailəsi ilə Bakıda kirayədə yaşayan Nazim Bayramov AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib. O deyir ki, Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinin əməliyyatçıları ruhi xəstə olan 22 yaşlı oğlu Atif Bayramovu şərləyərək həbs ediblər:

«Oğlum 3-4 ildir ki, ruhi xəstədir. Keçən ilin oktyabr-noyabr aylarında Maştağadakı 1 saylı ruhi-əsəb dispanserində müalicə olunub. Gördüm ki, xəstəxanada qaldıqca vəziyyəti lap ağırlaşır, depressiyaya düşür, həkimlə razılaşdırıb müalicəsini evdə davam etmək üçün xəstəxanadan çıxartdım. Ancaq xəstəxanadan çıxartdığımız gündən onu bircə dəfə də evə gətirə bilmədik. Əlimizdən çıxıb qaçdı və küçələrə düşdü».

Nazim Bayramov deyir ki, oğlunu evə qaytarmaq üçün dəfələrlə cəhdlər etsə də, faydası olmayıb. Martın 25-də isə ona zəng vuraraq oğlunun külli miqdarda narkotik maddə ilə həbs olunduğunu və 39-cu polis bölməsində saxlanıldığını bildiriblər:

«Sabahı gün getdik 39-cu polis bölməsinə. Orda mənə məlum oldu ki, əməliyyatçılar özləri oğluma içərisində narkotik maddə olan bağlama veriblər, deyiblər «Sahil bağı»ndakı fəvvarənin yanında 2 nəfər səni gözləyir, bu bağlamanı apar ver onlara. Əməliyyatçılardan 20-30 metr aralanmamış özləri də yaxınlaşıb tutublar. Polis bölməsində tanımadığım başqa polis işçiləri məsələni biləndə, mənə qeyri-rəsmi dedilər ki, belə hallar tez-tez olur. Görüblər oğlun küçələrdə gecələyir, yiyəsizdir, atıblar içəri. Həm də görüntü yaradıblar ki, guya əməliyyat keçirib narkodiler saxlayıblar».

Nazim Bayramov ona həbsxanada saxlanılan oğlu ilə görüşməyə şərait yaradılmamasından da şikayət edib.

«SÖYLƏDİKLƏRİ YALAN VƏ BÖHTANDIR»

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə Nazim Bayramovun ittihamlarını təkzib edib:

«Bu il martın 25-də Səbail rayon Polis İdarəsi 39-cu polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini Atif Bayramovdan 1 kiloqram 125 qram həşiş götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanıb, rayon məhkəməsi tərəfindən Atif Bayramov barəsində həbs qətimkan tədbiri seçilib. Atif Bayramov istintaqa ifadəsində gəlir əldə etmək məqsədilə cinayət törətdiyini etiraf edib. Müstəntiq tərəfindən kimyəvi, narkoloji və psixiatrik ekspertizanın keçirilməsi təyin edilmişdir. Bir sözlə, bu cinayətin hərtərəfli araşdırılması və istintaq olunması üçün bütün zəruri tədbirlər həyata keçirilir. Atif Bayramovun cinayəti törədərkən anlaqlı vəziyyətdə olub-olmaması məsələsi isə psixiatrik ekspertizanın rəyindən sonra məhkəmə tərəfindən həllini tapacaq. Ona görə Nazim Bayramovun oğlu Atifin guya şərlənərək həbs olunması barədə söylədikləri yalan və böhtan xarakterlidir».

Orxan Mansurzadə bildirib ki, Nazim Bayramov oğlu ilə görüşmək üçün istintaq orqanına rəsmi müraciət etməyib. Bu məsələyə onun istintaq orqanına etdiyi müraciətindən sonra baxıla bilər.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG