Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:54

İsa Qəmbər: «İsmayıl Ömərov da, hakimiyyət də müsabiqə dövründə uğradıqları fiaskodan çox dilxordurlar»


İsa Qəmbər

İsa Qəmbər

Bu həftə İctimai Palata etiraz aksiyaları ilə diqqət çəkməyə çalışdı. Həftəsonu isə «Xalq Gəzintisi» zamanı onlarla müxalifətçi saxlandı və AXCP sədri Əli Kərimli polis idarəsinə çağırıldı. Bütün bunlara Müsavat Partiyasının başqanı İsa Qəmbərdən münasibət öyrəndik.

- Mayın 25-də İctimai Palata «Xalq Gəzintisi» təşkil etmək fikrində idi. Amma son günlərdəki bəzi məlumatları nəzərə alandan sonra belə mövqe formalaşdı ki, «Xalq Gəzintisi» yox, ayrı-ayrı qrupların, təşkilatların flaşmobları kimi bir tədbir keçirilsin. Beləliklə də bu, çox böyük qarşıdurmalara, problemlərə gətirib çıxarmasın. Amma hakimiyyət yenə də hər zamankı kobudluğunu, qəddarlığını büruzə verdi. Flaşmob keçirən gənclərə çox qəddarcasına hücum etdilər, onları zorakı üsullarla saxlayaraq polis bölmələrinə apardılar. Eyni zamanda, sadəcə, şüarsız, plakatsız gəzintiyə çıxan həm İctimai Palata üzvlərinə, həm bizim çağırışımızla gəzintiyə çıxan vətəndaşlara qarşı da qəddarlıq göstərildi. Yəni, sadəcə saxlanaraq polis idarələrinə aparılanların sayı 70-i keçmişdi. Hələ yolda buraxılanları saymasaq. Bütövlükdə bu, sərbəst toplaşmaq azadlığına da, hətta özlərinin tez-tez istinad etdiyi istirahət hüququna da çox kobud müdaxilədir. Bu, həm də hakimiyyətin xalqdan, İctimai Palatadan nə qədər çəkindiyinin sübutudur.

- Əli Kərimlinin polis idarəsinə çağırılmasına necə baxırsız?

- Bu aksiyalardan sonra Əli Kərimlinin polis idarəsinə dəvət edilməsi, kobud, yersiz şəkildə ifadə istənilməsi də hakimiyyətin demokratik qüvvələrə, İctimai Palataya, konkret olaraq AXCP sədrinə təzyiq etmək istəyindən doğan qanunsuzluqdur. Təbii ki, bu addımın nə hüquqi, nə məntiqi tərəfi var. Müsavat Partiyası da bununla bağlı bu gün bəyanat verib və bu qanunsuzluqlara son qoymağa çağırıb.

- İsa bəy, bu həftə həm də İctimai Palatanın aksiyaları ilə yadda qaldı. Yarımfinal günlərində aksiya oldu, finaldan öncə «Xalq Gəzintisinə» cəhd edildi. Bu aksiyalarla istədiyiniz mesajı verdinizmi?

- Bu gün daha bir aksiya - aclıq aksiyası yekunlaşdı. Biz Koordinasiya Şurasının üzvləriylə məsləhətləşdik və aksiyanı keçirən fədakar insanlara müraciət etdik ki, aclığı dayandırsınlar. 2 həftəyə qədər davam edən aksiyada xeyli sayda insan iştirak edib. Bu fədakar insanların sayəsində bütün dünya Azərbaycanda vicdan məhbuslarının olmasından, onların həbsxanada aclıq keçirməsindən xəbər tutdular. Bu günlərdə yüzlərlə jurnalist qərargaha gəldi və bütün dünya mətbuatında, televiziyalarında bu aksiya ilə bağlı məlumatlar getdi. Bəlkə də Azərbaycanda bu qədər işıqlandırılan aclıq aksiyası olmamışdı. O biri aksiyalara gəlincə, bu həftə İctimai Palatanın ölkədəki problemlərin yenidən səslənməsinə, dünyanın diqqət mərkəzinə gətirilməsinə nail oldu. Buna görə də artıq bu gün – mayın 26-da hər hansı aksiya olmayacaq. Finalda iştirak edəcək musiqiçilərin hamısına, xüsusən vətəndaş mövqeyi, humanist mövqe nümayiş etdirənlərə, o cümlədən Loreen'ə uğurlar arzulayıram. Azərbaycan tarixi «Eurovision»la başlamayıb, onunla da bitməyəcək. İctimai Palata, demokratik qüvvələr Azərbaycanımızın problemlərinin köklü həlli naminə mübarizəsini davam etdirəcəklər.

- Sizin aksiyalardan biri də İctimai Televiziyanın qarşısında oldu. Bu telekanalda müxalif fikrə efir vaxtı verilməməsinə etiraz etdiz. Bu telekanalın rəhbəri İsmayıl Ömərov AzadlıqRadiosuna deyib ki, beynəlxalq təcrübədə yalnız parlament müxalifətinə efir vaxtı verilir. Onun bu dediklərinə Sizin münasibətiniz.

- «İctimai Televiziyada yalnız parlamentdə təmsil olunan partiyalara yer verilməlidir» deyilən qanun, qayda harada kəşf olunub, bu, aydın deyil. Bu, tamamilə məntiqsiz yanaşmadır. İctimai Televiziyada yalnız İsmayıl Ömərovu, hakimiyyəti maraqlandıran problemlər yox, bütün ictimai kəsimləri, siyasi qüvvələri maraqlandıran mövzular, problemlər müzakirə edilməlidir. Digər tərəfdən, belə çıxır ki, İsmayıl Ömərov da etiraf edir ki, o, hakimiyyətin siyasətinin əlavəsidir. Hakimiyyət saxta seçkilər keçirir, seçkilərdə qalib gələn bizləri parlamentə buraxmır. Özü üçün saxta, qeyri-legitim parlament formalaşdırır. İsmayıl Ömərovsa buyurur ki, parlamentdən kənardakı partiyalara şərait yaratmağı fikirləşmir. Bununla onlar eyni mərkəzdən idarə olunan qüvvələr olduqlarını ortaya qoyurlar. Mən başa düşürəm ki, İsmayıl Ömərov da, hakimiyyət də müsabiqə dövründə uğradıqları fiaskodan çox dilxordurlar. Məsələnin müsabiqə tərəfinə sözüm yox. Normal keçir, inşallah final da uğurla başa çatar. Amma bu mərhələdə Azərbaycan hakimiyyətinin özünü demokratik hakimiyyət kimi təqdim etmək cəhdləri, guya ölkədə hər şey qaydasındadır görüntüsü yaratmaq istəyi tam iflasa uğradı. Bunun üçün də onlar gərginlik və qəzəb içindədirlər. O baxımdan İsmayıl Ömərovu da başa düşürəm.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG