Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:54

80 yaşlı qadın ölümlə həyat arasında tükdən asıldı [Video]


Ayaqlarını və əllərini təyyarənin qapısına dirəyib «Yox!» deyir

Ayaqlarını və əllərini təyyarənin qapısına dirəyib «Yox!» deyir

Onun adı Laverne'dir. 80 yaşı tamam olan bu pensiyaçı qadın ad gününü paraşütlə hoppanmaqla qeyd etmək qərarına gəlir. Lakin yubiley tədbiri Laverne'nin ölümlə həyat arasında, sözün əsl mənasında, tükdən sallanmağı ilə nəticələnir.

Qərb ölkələrində populyar olan bu əyləncə növü «skydiving» və ya «tandem paraşüt hoppanması» adlanır. Təcrübəli paraşütçü bir nəfəri qarnındakı xüsusi kəmərlərə bərkidib təyyarədən hoppanır və beləcə, qarnında adam paraşütlə yerə enir. Dəbilqəsində kamera olan bir başqa paraşütçü isə bütün bunları videoya çəkir.

Laverne'nin başına gələn hadisə ABŞ-ın Kaliforniya ştatında baş verib. Təyyarə paraşütlə hoppananları yedəyinə alıb havaya qalxana qədər pensiyaçı qadın əmindir ki, özündə cürət tapıb hoppanacaq. Lakin yüksəklikdə təyyarənin qapısı ağzından yerə baxanda, xof ona üstün gəlir. Ayaqlarını və əllərini təyyarənin qapısına dirəyib «Yox!» deyir.

Gecdir! Təlimatçının hoppanmaq qərarı qətidir. Qadını zorla özü ilə birlikdə qapıdan itələməyə çalışır və müəyyən səylərdən sonra buna nail olur. Lakin havada məlum olur ki, Laverne təlimatçının qarnındakı kəmərlərdən sürüşüb çıxıb. Paraşütçü son anda qadının ayaqlarını kəmərin içində saxlamağa nail olur. Beləcə havada kəllə-mayallaq fırlana-fırlana saatda 180 km sürətlə yerə doğru uçurlar.

XOŞBƏXTLİKDƏN QADIN ÇOX DA AĞIR DEYİLMİŞ

Videoda görünür ki, təlimatçı Laverne’ni kəmərin içinə qaytarmağa çalışır, paraşütçü-kameraman da havada onlara yaxınlaşıb kömək etmək istəyir.

Dramatik görüntülərdən həm də bəlli olur ki, paraşütün kəməri zavallı qadının paltarını da az qala bədənindən çıxarıb. Onun bütün beli çılpaqdır. Xoşbəxtlikdən təlimatçı qadını sona qədər əlindən buraxmır. Zavallı qadının və təlimatçının keçirdiyi sarsıntını və Laverne'nin bədəninin soyuğa məruz qalmasını nəzərə almasaq, hər ikisi sağ-salamat yerə enirlər.

Hadisə haqda xəbər yayan İngiltərənin «Daily Mail» saytı yazır ki, xoşbəxtlikdən qadın çox da ağır deyilmiş, yoxsa təlimatçının onu əlində saxlaması mümkünsüz ola bilərdi.

Sayt İngiltərə Paraşütçülər Assosiasiyasının nümayəndəsi Tony Butler'ə istinadən yazır ki, İngiltərədəki qaydalara əsasən, müştəri hoppanmaq fikrini dəyişəndə, hər şey ləğv olunur, təyyarə paraşütçülərlə birlikdə geri qayıdır.

Hadisənin TheChive.com saytında yerləşdirilən videosu

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG