Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:55

Azərbaycan dili və sosial şəbəkələr


Əli Əkbər
Əli Əkbər
«Azərbaycan dili dinamik dil deyil. Ölü dil təsiri bağışlayır».

Bu, yazıçı Əli Əkbərin fikirləridir. O, hesab edir ki, Azərbaycan hazırda çox ciddi dil problemi yaşayır. Və bugünkü dil, çağdaş dünyanın tələblərinə cavab vermir:

VAHİD ORFOQRAFİYA LÜĞƏTİ OLMAYAN DİL

«Dil direktivlə, yəni əmrlə, zorlama ilə irəli aparılan məsələ deyil. Amma onu inkişaf etdirməyin də bir yolu, üsulu tapılmalıdır. Mən bu barədə danışanda deyirlər ki, Azərbaycan dilini yaxşı bilmirsən, bu, sənin problemindir. Amma dil bilicilərini də görürük də biz. Azərbaycan dilinin patriarxları var və onlar danışanda rus sözlərindən istifadə edirlər. Özü də vərdiş olduğu üçün yox. Doğrudan da həmin sözün qarşılığını tapa bilmirlər. İndi internet, kosmos əsridir. Hər şey - sosial elmlər, siyasi elmlər, texnologiya sürətlə inkişaf edir. Azərbaycan dili artıq bu inkişafdan 20-30 il geridə qalıb. Biz Azərbaycan dili olaraq çağdaş zamanı yaxalaya, ona çata bilməmişik. Bu, faktdır və onu inkar etmək olmaz».

Əli Əkbər deyir ki, hələ ki, bu dilin vahid orfoqrafiya lüğəti də ortaya qoyulmayıb. Bir çox sözlərin yazılışında da orfoqrafiya lüğətlərinin hərəsi bir şey təklif edir.

Mayın 23-də prezident İlham Əliyev «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramı haqqında» sərəncam imzalayıb. Sərəncamda dövlət idarələrinə tapşırılıb ki, dilçiliyin inkişafına dair dövlət proqramı layihəsini hazırlayıb Nazirlər Kabinetinə və prezidentə təqdim etsinlər.

SƏRƏNCAMDA TOXUNULAN MƏQAMLAR

Nizami Cəfərov
Nizami Cəfərov
Dilçi alim, Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Nizami Cəfərov deyir ki, prezident dəfələrlə iclaslarda dil məsələlərinə toxunub və müəyyən qüsurların olduğunu vurğulayıb. Onun bu sərəncamı da həmin düşüncələrin davamıdır və kifayət qədər ciddi sənəddir. Nizami Cəfərov hesab edir ki, belə bir dövlət proqramına ehtiyac var:

«Burada çoxlu konkret təkliflər də verilib. Reklam məsələlərindən başlamış televiziya, radio, mətbuat, KİV-in dili ilə bağlı məsələlərədək toxunulur. Filmlərin tərcümə işi, dublyajının tələblərə cavab verməməsi, eləcə də bizim dilçilik elmimizin problemləri ilə bağlı məsələlər qoyulur. Tərcümə, terminologiya məsələlərinin üzərində dayanılır. Yəni, Azərbaycan dilinin inkişafı üçün müəyyən perspektivlər müəyyən edilir».

Nizami Cəfərov hesab edir ki, adıçəkilən dövlət proqramı yüksək səviyyədə hazırlanacaq və orada da müəyyən məsələlər müzakirə olunacaq. Nizami Cəfərovun fikrincə, Azərbaycan dili 50 milyonluq bir toplumu birləşdirən atribut sayılır. Onun inkişafı ilə bağlı addımlar atılanda, bu amil də nəzərə alınır.

DİL MƏSƏLƏSİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ

Azərbaycan dilinin bugünkü vəziyyəti və onun inkişaf etdirilməsi məsələsi sosial şəbəkələrdə də zaman-zaman müzakirə mövzusu olur. «Facebook» sosial şəbəkəsində Vahid Qarabağlı adlı istifadəçi yazır ki, İran Azərbaycanında təhsil olmadığı üçün sadəcə maraqlananlar öz dillərini inkişaf etdirirlər:
Vahid Qarabağlı
Vahid Qarabağlı

«Amma Quzeydə –Azərbaycanda Azərbaycan türkcəsi və ədəbi dil adlanan dil heç də ürəkaçan səviyyədə deyil. Dildə hətta Azərbaycan türkcəsində qarşılığı olan fars sözləri də işlədilir. Halbuki, bu məsələni çoxdan həll edib olmayan qarşılıqları yaratmaq lazım idi».

Vahid Qarabağlı fars və ərəb sözlərinə qarşılıq olaraq Türkiyə türkcəsinin sözlərindən də yararlanmağı mümkün sayır.

DİLÇİLİK YA ƏKİNÇİLİK İNSTİTUTU?

Jurnalist, Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu da hesab edir ki, dili inkişaf etdirmək üçün yeni sözlər yaranmalıdır. Onun fikrincə, yeni sözləri ancaq ədəbiyyat yarada bilər:

«Dilimizdə olan sözlərin əksəriyyəti türk düşüncəsini əks etdirmir. Tutaq ki, həmin sözləri yerində və məzmununa uyğun işlətdik, nə baş verəcək? Bu o deməkdi ki, Azərbaycan dili inkişaf edir? Xeyr. Biz təfəkkürümüzə uyğun dil formalaşdırmalıyıq. Dilçilik institutu əkinçilik institutuna çevrilməlidir. Dilimizə söz əkməlidir, ardından isə onu sulamalıdır ki, şaxələnsin».

Ceyhun Musaoğlu
Ceyhun Musaoğlu
Dəyanət Orucov adlı «Facebook» istifadəçisi isə düşünür ki, Azərbaycan dilində çatışmayan sözləri ərəb-fars dillərindən yox, bütün dünyanın işlətdiyi sözlərdən istifadə etməklə yaratmaq lazımdır. Bu halda dil daha sürətlə inkişaf etmiş olar. Onun fikrincə, dili həm də müasirləşdirməklə onun inkişaf sürətini artırmaq vacibdir. Əks-halda bu sürət çox aşağı olacaq:

«Bunun üçün sözlərin tez yadda qalan və qısa sinonimlərini ümumişlək versiya etmək lazımdır. Dilimiz bu halda həm də diplomatik olar».

Filosof Niyazi Mehdi Azərbaycan dili üzrə proqramın hazırlanması barədə qərar verildiyinə çox şad olduğunu bildirir. Amma onu da deyir ki, belə məsələlər yalnız qərarla həll olunmur. Deyir problemi həll etmək üçün ilk növbədə Azərbaycan türkcəsinin yetkin dil olması və sair bu kimi komplimentlərdən əl çəkib situasiyanı öyrənmək lazımdır. Onun fikrincə, dil çoxlu ağıllı kitabların, ağıllı məqalələrin və ağıllı diskussiyaların dili olanda yetkinləşə, inkişaf edə bilir:

DİL ƏDABAZLIĞI YOXSA...

Niyazi Mehdi
Niyazi Mehdi
«Kimlər ki, Azərbaycan türkcəsini ağıllı diskussiyaların dili edə bilər, o intellektualların 90 faizinə Azərbaycan televiziyalarında yasaq qoyulub. Onlar verilişlərə çağırılmırlar. Deməli, əslində prezidentin qərarı ilə bu yasaq konfliktə girir. İlk növbədə həmin intellektuallar verilişlərə dəvət olunmalıdır. Siyasi verilişlərə çağırmırlar, heç olmasa, Azərbaycanın mədəniyyəti, tarixi ilə bağlı diskussiyalar təşkil edib həmin adamları çağırmaq lazımdır. Kitablar haqqında diskussiyalar olmalıdır və sairə. İkincisi problem: Azərbaycanda kağız və sair çap məhsulları ilə bağlı elə vergilər var ki, onlara görə kitablar çox baha başa gəlir. Halbuki, Azərbaycan dilinin ağıllı kitabların dili olması üçün kitab istehsalı ucuz başa gəlməlidir ki, adamlar çox kitab alsınlar, istehsalçı da sərfəli olduğu üçün çox kitab nəşr etsin. Üçüncü məsələ: dili ərəb, fars sözlərindən tam təmizləmək olmasa da, heç olmasa onların yanında öz sözlərimizi də işlətməliyik. Amma bunu dil ədabazlığı kimi etmək olmaz. Söhbət ondan gedir ki, sənin düşüncə dilində intellektual məsələlərlə bağlı öz sözlərin çox olanda, onlar yaradıcı, doğan və energetik sözlər olurlar. Bu da bütövlükdə dili energetik edir».

Niyazi Mehdi deyir ki, bu proseslər getsə də, Türkiyədəki kimi sürətlə aparılmır. Bu işi bir az sürətləndirmək lazımdır. O hesab edir ki, hazırda Azərbaycanda müstəqil mediada işlənən sözlər rəsmi mediada, qanunlarda işlənmir. Mövcud qanunlar fars-ərəb sözləri ilə eybəcər şəklə salınıb. Deyir Türkiyənin hüquqi dilindən də istifadə edərək qanunların dilində öz sözlərimizi artırmaq lazımdır.
XS
SM
MD
LG