Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:44
Polemika


MÜHAFİZƏKAR SƏNƏT VƏ YA SƏNƏTDƏ MÜHAFİZƏKARLIQ: "OLAR"MI "OLMAZ"MI?..

(Seyfəddin Hüseynli “Timeturk” və “Hürriyət”in materialları əsasında hazırlayıb)


Türkiyədə «mühafizəkar sənət» mövzusunda meydana gələn ictimai-elmi polemika sürətlə genişlənib dərin və qızğın bir şəkil aldı.

Bu mövzu qloballaşma dövründə incəsənətə və mədəniyyətə baxış, mədəni fəaliyyətdə, ədəbi yaradıcılıqda Qərb modellərinin tətbiqi, eyni zamanda Şərqə məxsus estetik meyarların, qədim və zəngin ənənələrin qorunması, inkişafı kimi aktual məsələləri əhatə edir.

Həmin cəhətlər son zamanlar Azərbaycan mühiti üçün də aktuallıq kəsb etməyə başlayıb, mədəni sferada, ədəbi müstəvidə bununla bağlı fərqli yanaşmalar, ötəri də olsa, özünü göstərir.

«Mühafizəkar sənət» polemikasına Türkiyə Prezident Katibliyinin rəhbəri, nüfuzlu ədəbiyyatşünas kimi tanınan professor Mustafa İsen start verdi. Onun «mühafizəkar estetika və sənət meyarlarının vacibliyi» barədə söylədiyi fikir birmənalı qarşılanmadı, mediada geniş müzakirəyə səbəb oldu.

Məşhur ədəbiyyatşünas və yazıçı İskender Palanın bu haqda qələmə aldığı «Mühafizəkar sənətin manifesti» adlı yazıdan sonra polemikaya Yusuf Kaplan, Hasan Bülent Kahraman, Ahmet Turan Alkan, Şükrü Hanioğlu, Taha Akyol, Ezel Akay, Murat Belge, Rengin Soysal, Dücane Cündioğlu kimi sanballı imzalar qoşuldu.

Pala öz «Manifest»ində yazır: «Cumhuriyyət yaranandan bəri mədəniyyət və incəsənətlə bağlı mövzular hər zaman siyasi məsələlərin gerisində yer alıb, arxa plana keçib. Çox şükür ki, indi cəmiyyətin mədəniyyət və incəsənət barədə ciddi düşünməyə başladığı, hətta mühafizəkar sənət mövzusunda müzakirə açıldığı bir dövrdə yaşayırıq. Mühafizəkar sənət keçmişlə bağlılığı kəskin, zədəli şəkildə qırılan bir cəmiyyətin özünə qayıtmaq, öz mənliyinə qovuşmaq cəhdlərinin estetik təzahürüdür. Mühafizəkar sənət sivil mahiyyətlidir, dövlət nəzarətinin əleyhinədir, dövlətdən rəhbər yox, sponsor münasibəti görmək istəyir, dini təmayüllü deyil, ancaq dini duyğulara həssas yanaşır. Yerli-yersiz dilə gətirilən «Mühafizəkarların düz-əməlli sənət anlayışı və normal estetik səviyyəsi yoxdur” şablonunun nəyinsə inkarı naminə uydurulduğu, haqsız və mənasız bir qərəzin nəticəsi olduğu bəllidir».



Yusuf Kaplanın fikrincə, «mühafizəkar sənət»ə dair şüarlar mahiyyət etibarilə modernləşməyə çağırışın bir başqa versiyası olduğundan, əsassızdır, ictimai fikirdə kök salmaq, cəmiyyət üçün yeni mənəvi təkan rolu oynamaq imkanından məhrumdur.

Murat Belge hesab edir ki, ziyalılıq, sənətkarlıq məfhumlarını sağçı-solçu, mühafizəkar-modernist kimi təmayüllər üzrə bölmək, yaxud onları bu təyinlərin birinə əsasən vahid qrup halında götürmək düzgün deyil. Belgenin qənaətinə görə, hansısa sənətkarı müəyyən cəhətinə görə bəyənməmək, hansısa ziyalının fikirləri ilə razılaşmamaq olar. Amma buna görə onları ümumiyyətlə sənətkar və ya ziyalı saymamaq gülünc haldır:

«...Ezra Poundda adamı özündən çıxaran bir dünya ziddiyyət var. Tomas Eliota münasibət bəzən nifrət həddinə çatır. Bu cür onlarla ad çəkə bilərik. Ancaq onların sənətkar və ziyalı olmadığını – əlbəttə, özünü gülünc vəziyyətə salmadan – iddia etmək mümkündürmü?.. İstər ədəbiyyatda, istərsə də incəsənətdə ortaya çıxan hər bir yeni əsər istər-istəməz yeniliyə, yeniləşməyə yönəlmiş olur. Məsələn, kimsə durub “Heç nəyi dəyişdirməyək, hər şey əvvəlki halındaca qalsın» deyirsə, bunun özündə də bir yenilik var. Çünki bunu deməklə o, əvvəldən mövcud olanın üzərinə yeni nə isə əlavə edir».

Rengin Soysal mövzuyla əlaqədar fikirlərini belə ümumiləşdirir: “Mühafizəkar intellektual” ifadəsi, əslində, tipik bir oksümoron nümunəsi kimi götürülə bilər. Dini baxımdan inanclı bir adamın həm də çox parlaq bir intellektual ola biləcəyinə inanıram. Burada əsas şərt - «mühafizəkarlıq» adı altında nəyin nəzərdə tutulmasıdır… Hər halda, indi hətta solcularımız üçün də “şəriətdən həqiqətə doğru” addımlamaq, həqiqi intellektual olmağa can atmaq zamanıdır.

Dücane Cündioğlunun mövqeyi çox sərtdir: «Mühafizəkar sənət olmaz! Təkcə sənətin yox, elə sənətkarın da mühafizəkar olması mümkün deyil! Çünki təxəyyülə hədd qoymaq, məcburi sərhədlər çəkmək olmaz! Sənətin mövcudluq qaynağı təxəyyüldür. İnsan xəyallar qurmağın hesabına sənət əsərləri yarada bilir! Qəribə səslənir, eləmi: ağlını işlətməyin sayəsində yox, təxəyyülün hesabına! Çünki, eynilə gerçəklik kimi, ağlın da sərhədləri var. Təxəyyül isə hüdudsuzdur. Sənət də belədir – sərhədsizdir! Xəyallar quran adam bütün sərhədləri aşmaq, elə hey yüksəlmək, sonsuzluqlara baş vurmaq istəyir. Odur ki, sənətin mühafizəkar olması heç cür mümkün deyil. Sənətin xarakteri belə tələb edir».

Şükrü Hanioğlu mühafizəkarlığa yanlış münasibətin aradan qaldırılması zərurətini xüsusi vurğulayır: «Bizim cəmiyyətdə mühafizəkarlıq anlayışının şərhində çox tez-tez yol verilən bir xəta var: guya “mühafizəkarlıq” Qərbə meylin antitezisidir. Bu zaman «Qərb» və “modern” məfhumu eyniləşdirilir, məsələn, klassik Qərb musiqisi bu cür xarakterizə olunur. Qərbçiliyin hər cəhətdən mühafizəkarlığın antitezisi olduğunu düşünmək mühafizəkarlıq anlayışı barədə müzakirələrin Qərb intellektuallarının gündəmində geniş bir yer tutmasına barmaqarası baxmaq deməkdir».

Ezel Akay isə baltanı lap kökündən vurur: «…Mühafizəkarlıq və sənət bir araya gətirilə biləcək anlayışlar deyil. Yəni bunlar alma və armud kimi bir-birindən fərqlənir. Daha doğrusu, arada alma ilə almaqurdu qədər fərq var. Bir insan mühafizəkar və eyni zamanda, sənətkar ola bilər. Amma onun məşğul olduğu sahəyə və yaratdığı əsərlərə mühafizəkar sənət demək olmaz. Çünki, bu, sadəcə, sənətdir».

Ahmet Hakan «mühafizəkar sənət» anlayışının əleyhinə çıxıb yazır ki, sənət mahiyyət etibarilə inqlabi xarakter daşıdığı üçün onun mühafizəkar olması mümkün deyil.
Taha Akyol daha konkret mülahizələrlə çıxış edir: «Sənətlə inqlabçılıq arasında qaçılmaz bir bağlılıq görmürəm. Sənətdə inqlabi addımlar atıla bilər, ancaq burada ənənəyə sadiqlik də ən azı inqlabçılıq qədər mühümdür… Mühafizəkarlıqdan söz açanda bu kəlməyə hansı mənanı verməyimiz çox mühüm şərtdir. Əlbəttə, ortaya heç bir yenilik qoymadan köhnəni təkrarlamaqla sənəti inkişaf etdirmək olmaz. Amma heç mühafizəkarlığın da məğzində bu dayanmır. Hansısa inqlabın sayəsində meydana çıxmayan, əsrlər boyu yaranan və təkmilləşən, dindən, ənənələrdən, tarixi köklərdən qaynaqlanan sənət mühafizəkar deyilsə, bəs nədir?! Bəlli qəliblər içərisində təşəkkül tapan Divan ədəbiyyatını sənət, özü də mahiyyətcə mühafizəkar sənət saymamaq olarmı?! Tarix boyu inkişaf etdirilmiş ənənələrin təzahürü olan Osmanlı memarlığı, nəqqaşlıq və musiqisi möhtəşəm sənət nümunələri deyilmi?! Xalq ədəbiyyatı və təsəvvüf ənənələri olmasaydı, Aşıq Veysəl kimi bir dahi yetişərdimi?!

Ahmet Hamdi Tanpınarı, Yahya Kemalı, Peyami Safanı mühafizəkar sənətkar adlandırmadan necə səciyyələndirə bilərik?!

Mühafizəkarların da nələrəsə etiraz etməsi, güclü təsir göstərməsi, estetik təəssürat oyatması mümkündür və onların da sənət əsərləri yaratmaq qabiliyyəti var. İnqlabçılar da onun kimi, liberallar da, sosialistlər də, feministlər də…»

Mühafizəkar sənətlə bağlı polemika göstərir ki, «bu xəmir hələ çox su aparacaq». Ancaq bu yöndə müzakirə açılması, mübahisə getməsi, xüsusən ədəbi və mədəni həyatı yeniliklərlə zəngin Türkiyədə belə söhbətlərin davamlı şəkil alması istənilən halda faydalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG