Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:06
Cəlilabadın Göytəpə şəhərindən Cannar Əkbərov AzadlıqRadiosunun «Qaynar xətt»inə Cəlilabad rayon Polis Şöbəsinin rəis müavinindən və baş əməliyyatçısından şikayət edib. Cannar Əkbərov deyir ki, Yardımlıda pasport qeydiyyatında olsa da, övladları Göytəpədə yaşayıb işlədiklərindən bir müddətdir ki, özü də onların yanında yaşayır. Ancaq rayonun polis orqanı əməkdaşları onu narahat edir. Cannar Əkbərov iddia edir ki, mayın 16-da gündüz saatlarında polis işçiləri küçədə qollarını qandallayaraq cibinə bükülü atıblar. Sonra özünü zorla post-patrul maşınına mindirərək Cəlilabad rayon Polis Şöbəsinə aparıblar. Orda ona məlum olub ki, cibinə atılan bükülünün içərisində narkotik maddə olub.

«DEDİLƏR NİYƏ ARADA BİZƏ GÖRÜM-BAXIM ETMİRSƏN?»

Cannar Əkbərov: «Özünü polis şöbəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi kimi təqdim edən Mehman adlı şəxs məndən soruşdu ki, özünə təzə yük maşınını hansı pulla almısan. Mən də bildirdim ki, şəxsi maşınımı satıb Gürcüstandan yük maşını alıb gətirmişəm. Həmin şəxs dedi, bilirik ki, alverlə məşğul olursan, pulun var. Niyə arada gəlib bizə görüm-baxım etmirsən. Sonra otağına özünü polis şöbəsinin rəis müavini kimi təqdim edən Səfər adlı şəxs gəldi. Məni görəndə dedi ki, bu adam mənə tanış gəlir, Yardımlıda görmüşəm. Mən də bildirdim ki, Yardımlıda yaşayıram, müvəqqəti olaraq burda oğlanlarımın yanında qalıram. Getdik Səfərin otağına, dedi 5 min manat ver, buraxaq, çıx get. Onsuz da xeyri yoxdur, artıq səni gətiriblər bura. Səfərə dedim ki, məni maşına mindirərkən cibimə narkotik qoyublar. Əlimi cibimə salmaq istəyəndə, dedi toxunma, o mənlik deyil, onlar bilər. Səfər məni dilə tuturdu ki, gəl, razılaş, buraxaq get. Mən isə pulum olmadığını bildirir və ümumiyyətlə, nəyə görə onlara pul verməli olduğumu soruşurdum. Az sonra yenə Mehman gəldi, məni öz otağına apardı. Mənə fiziki təzyiq göstərdi, şillələdi, qapazladı, dedi, onsuz da burdan çıxmayacaqsan. Mən məcbur olub dedim 4 min düzəldərəm. Çünki mənə əsas ordan çıxmaq lazım idi. Mehman əlini cibimə salıb həmin bükülünü çıxartdı, qandalı da qolumdan açdı. Mənə 4-5 gün vaxt verdi ki, get, pulu düzəlt gətir. Heç yerə də şikayət etmək barədə düşünmə. Nəzərə al ki, oğlun müəllim işləyir, hər gün məktəbə gəlib-gedir, o biri oğlun ali məktəbə gedib-gəlir, başına nə işlər gətirərik, bir Allah bilir. Razılaşdıqdan sonra gecə saat 12-nin yarısı məni buraxdılar, maşınımı da şöbənin həyətindən çıxardıb açarlarını özümə qaytardılar. Sabahı gün gəldim Bakıya, Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət etdim. MTN-ə, Ombudsmana, Ramil Usubova, baş prokurora şikayət yazdım. İndi də rəis müavini Səfər hər gün mənə zəng edir ki, nə oldu, heç olmasa, pulun yarısını düzəlt gətir».

«O ADAM NARKOMANİYAYA MEYLLİDİR»

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə «Qaynar xətt»ə Cannar Əkbərovun dediklərinin həqiqətdən uzaq, böhtan və şantaj xarakterli olduğunu deyir:

«Cəlilabad RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Səfər Nuriyev bundan əvvəl Yardımlı RPŞ-nin cinayət-axtarış bölməsinin rəisi vəzifəsində çalışdığı vaxtdan Cannar Əkbərovu məhz narkomaniyaya meylli olduğuna görə tanıyıb. O, Cannar Əkbərovun Göytəpə şəhərində yaşadığını eşidib və mayın 16-da profilaktik söhbət aparmaq üçün RPŞ-yə dəvət edib. Rəis müavini cinayətə meylliyini nəzərə alaraq söhbət zamanı Cannar Əkbərovu bu barədə xəbərdar etmiş, onu gələcəkdə törədə biləcəyi hüquq pozuntularından çəkindirməyə çalışmışdır. Lakin belə görünür ki, rəis müavininin xoş mərama və niyyətə xidmət edən söhbətini şikayətçi yanlış qiymətləndirib. Təəssüflər olsun ki, Səfər Nuriyev və heç üzünü görmədiyi baş əməliyyat müvəkkili Mehman Ağayev barəsində uydurma xarakterli, cəfəng, hüquqi və məntiqi əsası olmayan dezinformasiyalar səsləndirmişdir. Bir daha qeyd edirəm ki, Cannar Əkbərovun adları çəkilmiş polis əməkdaşları barəsində söylədikləri qərəzlidir, qeyri-obyektivdir, hər zaman narkomaniyaya qarşı kəsərli tədbirləri ilə seçilən Cəlilabad RPŞ-nin bu sahədəki fəaliyyətinə qəsdən kölgə salmaq məqsədi daşıyır».

POLİS MƏNİ QORUYUR, YOXSA?..

Cannar Əkbərov isə deyir ki, indi ev dustağına çevrilib. Cibinə yenə narkotik maddə atılacağından qorxur və ona görə də küçəyə çıxmır. Ancaq Cannar Əkbər həm də övladlarına görə ehtiyat etdiyini deyir:

«Başqa ölkələrdə vətəndaş polisə müraciət edir ki, təhlükəsizliyini qorusun. Bizdə əksinə, mən polisdən ehtiyat edirəm ki, gətirib həyət-bacama, oğlanlarımın maşınına, cibinə narkotik ya silah atıb şərləyərlər. Cibimdən narkotik tapmışdılarsa, niyə məni şöbədən buraxdılar, məntiq yoxdur. Çünki özləri öz əlləri ilə qoymuşdular, sövdələşib razılaşıb öz əlləri ilə də götürdülər».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG