Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:19

İmama aid yeni sosial şəbəkə yaradılır


Tehran mərkəzində internet klub
Tehran mərkəzində internet klub

Hökumət "Hadinet.ir" saytını tənqidçi bloqqerlərə qarşı çıxmaq üçün yaradıb, lakin mütəxəssislər bu şəbəkənin uğur qazanacağına inanmir

İran sosial mediasında gənclər üçün nəzərdə tutulan yeni “Hadinet.ir” saytı fəaliyyətə başlayıb. Bu şəbəkə İranda daxili siyasəti, dini xadimlərin göstərişlərini tənqid edən, lağa qoyan şəbəkələrə qarşı hökumətin atdığı cavab addımıdır.

AzadlıqRadiosunun xəbərinə görə, yeni sosial şəbəkə şiələrin müqəddəsi sayılan Naqinin şərəfinə adlandırılıb. Burada həmin imam barəsində məlumatlar, müqəddəs kitabdan çıxarışlar yer alır.

HÖKUMƏTİN CAVABI

İranda hökumətə yaxın olan “Mehr” informasiya agentliyi yazır ki, bu sayt imama qarşı “təhqirlərə” hökumətin reaksiyasıdır. “İmamın təhqir olunması” kimi Mehr” agentliyi Facebookdakı “Şiələrə İmam Naqini xatırlatmaq” kampaniyasını nəzərdə tutur. Kampaniya iştirakçıları İran liderlərinin siyasi və dini çıxışlarını istehza ilə qarşılayırlar.

Sosial şəbəkələrdə iranlı gənclər arasında həmçinin “Naqi” mahnısı da çox populyardır. Mahnının müəllifi reper Shahin Najafi imamı Yer üzünə qayıdıb dünyanı xilas etməyə çağırır. Məlum olduğu kimi, mahnıya görə reperin ölümünə dair fitva verilib.

Belə güman edilir ki, İran hökuməti ona qarşı çıxan bloqqerlərə məhz eyni üsulla – sosial şəbəkə yaratmaqla cavab zərbəsi endirmək istəyir. Amma tənqidçilər bu saytın qətiyyən uğur qazanmayacağını düşünürlər.

İMAM HAQQINDA YAZAN SAYTLAR KİFAYƏT QƏDƏRDİR

London Universitetində Şərqşünaslıq üzrə məruzəçi Nima Mina deyir ki, imam Naqi ilə bağlı materialları hökumətin nəzarəti altında olan onlarla sayt və dini proqramdan tapmaq olar, bunun üçün ayrıca şəbəkə yaratmağa ehtiyac yoxdur:

"Araşdırmalar göstərir ki, İranda əsas internet istifadəçiləri böyük şəhərlərdə yaşayan orta təbəqənin nümayəndələridir. Onlar internetdə fərqli məlumatlar axtarırlar”.

İranın bloqosferini tədqiq edən Mina düşünür ki, “Hadinet” şəbəkəsinin yaradılması cəhdi də əvvəlkilər kimi uğursuz olacaq.

Son illər İran hökuməti özünə yaxın təşkilatlara tapşırıb ki, İnternetdə aktiv olsunlar və özlərinə qarşı aparılan virtual müharibəyə cavab versinlər. Bununla yanaşı, son vaxtlar internetdə fəallığı ilə seçilən müstəqil fikirli gənclər, bloqqerlər təhdid olunur, həbsə atılır.

HÖKUMƏTİN SOSİAL ŞƏBƏKƏLƏRİNƏ GİRƏN YOXDUR

Tənqidçi bloqqer Mohammad Saleh Meftah yazır ki, hökumətin reallaşdırdığı bəzi virtual layihələr uğur qazana bilmir. Məsələn, Hezbollah Bloqqerlər Cəmiyyəti, həmçinin Müsəlman Bloqqerlərin təşkilatı, İslam inqilabının kiber fəallarının koordinasiya komitəsi kimi qurumlar işləyə bilməyiblər.

2010-cu ildə hətta İran dini lideri Ali Khameneinin davamçılarına həsr olunan sosial şəbəkə də hazırlanmışdı. Lakin sayta çox istifadəçi cəlb etmək mümkün olmayıb və şəbəkə fəaliyyətini dayandırıb.

Tənqidçilər isə güman edirlər ki, bu sayt əvvəl yaradılan sosial şəbəkələr kimi qeyri-işlək saytlardan biri olacaq. Gənc iranlılar deyirlər ki, onlar yeni bir virtual məkana toplaşmaq niyyətində deyillər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG