Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:25

Aslan Quliyev "Kalori" (Hekayə)


"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin onluğuna keçmiş Aslan Quliyevdən yeni hekayə


Aslan Quliyev


KALORİ


Internetə göz gəzdirirəm, bir şey tapıb oxuya bilmirəm. Saytları ələk-fələk eləyirəm, əbəs yerə.

Baxır, bağlayır, yeni saytları açıram, sonda kulis.az-a göz gəzdirirəm. Bəri başdan deyim, bu saytdan xoşum gəlmir, axmaq yazılar yayırlar, daha fikirləşmirlər cavan uşaq-filan oxuyar, əxlaqı pozular.

O birilərdə bir şey tapa bilmədimsə, burda heç nə olmayacağını düşünürəm.

Yanılırmışam, bu dəfə xəbər qoymuşdular, özü də əməlli başlı! Maraqlı! Lazımlı! «Arıqlamaq üçün ən sadə üsullar».

Arıqlamağın qaydalarını millətə başa salmışdılar, düzdü, ənənələrinə sadiq qalmışdılar, bir çoxu axmaq məsləhətlər idi.

Məsələn, «içkidən və çörəkdən uzaq durun» kimi. (Bu bənddə karbohidratlardan da uzaq durmağı məsləhət görmüşdülər, nə olduğunu bilmədiyim üçün, üzərində çox dayanmadım).

Mənim sevdiyim iki mətah var, içki, çörək, bunlardan da uzaq durum? Ondansa birbaşa yazardınız, qıçlarınızı uzadın, ölün.

Xoşum gələn məsləhətlər də oldu, xüsusi ilə də bu: «Həyat-baca işləri ilə məşğul olun. 1 saat həyətdə işləmək 500 kalori itirməyinizə kömək edir. Özünüzün bağçanız yoxdursa, qonşunun bağçasında işləyin».

Bağçam yox idi, qonşunun bağçası isə baxımsızlıqdan ot-alaq içində itmişdi. Bundan gözəl fürsət olardımı? Get, işlə, kalorilərin anasını ağlat!

Idman kostyumumu geyib şəstlə qonşunun bağına yollanıram, bağın kardon qapısını açıb içəri keçirəm, qonşum qoca tut ağacının dibində oturub siqaret çəkir.

Sifəti qırmızıya çalan bu adamı az-az görürəm, yaxından tanışlığımız yoxdur, amma bir halda kaloriylə müharibəyə başlamışam və qonşunun bağı olmadan keçinmək mümkün deyildisə, qonşuyla tanış olmaq lazım gəlirdi.

Salam verirəm, özü də belə şəstlə, gülər üzlə, kefim saz olanda adamları əməlli-başlı dindirir, hal əhval tutur, təkcə ata-babalarının yox, bütün qohum əqrabalarının da kef-əhvalını soruşuram.

Bəziləri nəzakətlə soruşduqlarımın bir qisminin artıq həyatda olmadıqlarını deyirlər, bəziləri isə tərbiyəsizlik eləyir, üstümə bozarırlar, a kişi, indi mən sənə küçənin ortasında tərcümeyi halımı danışım? Sənə nə var, mənim yeddi arxa dönənimdən?

Qalırsan mat-məətəl, adamlar niyə bu qədər dəyişiblər? Atanımı söydüm, ananımı söydüm, kef-əhvallarını soruşuram da, uzaq başı cavab vermə. Nə isə, qonşumla hal-əhval tuturam, suallarıma qısa, yöndəmsiz cavab verdiyindən qohum-əqrəbasının kef-əhvalını soruşmadan gəlişimin məqsədini deyirəm.

- Qonşu, sizin bağda bir qədər işləyəcəyəm.

- Mənim bağımda? - adam belə gözəl təklifə gözəl reaksiya vermir, hələ bir sifətini də turşudur.

- Hə.

- Sən?

- Hə də! – hövsələsiz halda deyirəm.

- Yəqin zəhmət çəkib nəyə görə mənim bağımda işləmək istədiyini də deyərsən?

- Əlbəttə deyərəm. Bir qədər kalori buraxacağam.

- Nə buraxacaqsan? – gözlərini bərəldir.

- Kalori.

- Başa düşmədim, sən nəyə görə gəlib mənim bağımda buraxmalısan?

- Ay qonşu…

Qonşu isə əlini dodaqlarının üstünə qoyub, susmaq işarəsi verir və başlayır bir-birinin dalınca suallarını yağdırmağa. Hər sual da bir qaya parçası olub məni altına alır və artıq işi dolaşdırdığımı düşünməyə başlayıram. Ətrafda yüzlərlə bağ var, qonşu deyir, niyə məhz gəlib mənim bağımda buraxmaq istəyirsən? Yəqin niyə belə şərəfə layiq görüldüyümü də deyərsən. Sənə buraxmaq üçün yermi qəhətdir? Sən məni nə hesab eləyirsən? Indi elə bildin, gəlib burda, günün-günortaçağı buraxacaqsan, mən də durub baxacağam?

- A kişi, nə buraxmaq, nə filan, nə bəhmən…

- Demədin, nəyisə buraxacaqsan?

- Hə, kalorini! Sən o buraxmağı boş ver, sözdü dedim. Mən sənin bağında bir az işləmək istəyirəm.

Adam qalxır ayağa, sifətinə yaxından baxanda bədənimdə qarışqa gəzir, bunun nə qorxulu sifəti var, üzündə iki yerdən çapıq, alnının ortasında qara xal, ucları saralmış bığları da ağzına girir. Deyir, mən on iki il yatmışam, neyləyim, həmişə axmaq işlərdən rəddə verirdim, amma olmadı, harda bir quşquşu var, gəlib məni tapdı, mən də yortdum. Indi də sən gəldin. Sən məni adam kimi başa sal, nəyə görə mənim bağımda işləmək istəyirsən? Işləmək lazımdı, özüm işlərəm, kim gedib başqasının bağında işlər? Sən sözünün canını de, məni qoyun yerinə qoyma. Sən burda nə buraxmaq istəyirsən?

Lənətə gələsən belə bəxt! Bir qayda olaraq uğursuzluqlara düçar oluram, vur-tut 500-600 kalorini boğmaq istəyirdim, Allah şahiddi ki, başqa niyətim yox idi, hələ bir qonşunun mənə təşəkkür də eləyəcəyini gözləyirdim. Buyur, bu da mənim təşəkkürüm! Deyirəm, ay qonşu, sənə pisçilikmi eləyirəm? Fəhlə tutacaqsan, pulunu alıb işləyəcək, mənsə pulsuz-parasız işləmək istəyirəm. Ağacların dibini belləyim, otdan-alaqdan təmizləyim. Mən yatıb eləməmişəm, amma elə bilirəm belə halda adama sağ ol deyirlər, daha sorğu-suala tutmurlar.

Bu isə Nuh deyir, peyğəmbər demir, sən kimi kim hesab eləyirsən? Nəyə görə gəlib mənim bağımda işləməlisən? Qərdüşümsən, əmim oğlusan, ya mənə ürəyin yanır? Belə fərz eləyək, işləmək istəyirsən, nəyisə buraxacaqsan, ancaq niyə məhz mənim bağımda? Bu ətrafda yüzlərlə bağ var.

- O bağlar uzaqdadı axı! – yana-yana deyirəm.

- Nədi, çatdırmazsan?

- Qonşu, nəyə görə bağı burda qoyum, şəhərin o başına gedim?

- Ay sağ ol! Uzağa getmək sənə çətin olar, heç yerə gedib eləmə. Gəl mənim bağıma, işini burda gör! Quşquşu, sən sözünün canını deyəcəksən, ya yox?

Əlimdən nə gəlir, başlayıram başa salmağa, deyirəm, sözümün canı budu, sənin bağında işləmək istəyirəm, Çünki orda elə beləcə də yazılıb, öz bağın yoxdusa, get, qonşunun bağında işlə. Mən də gəlmişəm işləməyə. Daha orda yazmayıblar, qonşunun bağını burda qoy, get hardasa bağ axtar. Yəni bir saat işləyib kalori verəcəyəm.

- Verəcəksən?

- Hə də.

- Mənim bağımda?

- Hə də.

- FIrlanıb, tovlanıb yenə eyni yerə gəldin. Quşquşu, nəyə görə mənim bağımda vermək
istəyirsən?

Ürəyimi tutub yerimdə fırlanıram, kalorilərə müharibə açmaq fikrinə düşdüyüm üçün özümü lənətləyirəm, nəyinə lazım, oturmuşdun evində. Çoxmu vacibdi sənə kalori itirmək? Bu əl çəkmir, deyir, əvvəl dedin buraxacaqsan, indisə deyirsən, verəcəksən. Öz işin, istəyirsən burax, istəyirsən, ver, amma məni başa sal, sən nəyə görə bu şərəfsiz işləri mənim bağımda görmək istəyirsən?

- Qonşu, olar şərəfsiz işlər döyül ki…

- Döyül? – gözlərini bərəldir.

- Əlbəttə. Hamı o işlə məşğul olur. Aktyorlar da, aktrisalar da, müğənnilər də…
Əl atır belindən bir tapança çıxardır, etiraf eləyim həyatımda ilk dəfədi belə yaxından tapança görürəm, həm də qonşu tapançanı mənə tuşlayır, bu çapıq əbləh akrisaları, aktyorları, bu qəbildən olan digərlərinə elə söyüşlər yağdırır ki, həyatımda bu cür söyüşlər eşitməmişəm. Deyir, sən mənim yanımda nə cürətlə itin-qurdun adını tutursan? Mənə onsuz da əvvəldən hər şey aydın idi, amma indi bir daha əmin oldum. Sənin kimiləri cəhənnəmə vasil eləyib gedib yatmaq əsl kişi işidi.

Özümü itirirəm, dilim çaş-baş vurur, belə çıxır heç nədən güdaza gedəcəyəm. Deyirəm, adamsan, mənə diqqətlə qulaq as, sonra öldürərsən, bir yerə qaçmıram. Başlayıram kulis.az əhvalatını, daha doğrusu ordakı yazını qonşuya başa salmağa. Köklüyün sağlamlığa ziyanı, arıqlamağın isə adamı dağ başına necə qaldırdığı haqda cəfəngiyyatları döşəyirəm bunun qabırğalarına. Etiraf eləyim, öz danışdıqlarıma özüm inanmıram, bu inanacaq, inanmayacaq, orasını bilmirəm. Gəlib kaloriyə çatanda ilişirəm. Bağda işləməklə mən bu lənətə gəlmişi neyləyəcəkdim, tamam-kamal unuduram. Buraxacağam, verəcəyəm demək, adamda allergiya yaradır, əyər desəm bu lənətə gəlmişi sənin bağında buraxmaq istəyirəm, gözünü qırpmadan vuracaq. Tərs kimi müğənniləri nümunə göstərdim, adam da onlardan yanıqlıymış. Deyirəm, sən gözlə, mən gedim evdə o yazını təzədən oxuyum gəlim, onda sənə dəqiq deyərəm, kalorini neyləmək istədiyimi. Həm də bir saata neçəsini buraxacağımı, deyəsən hardasa 500-600 dənə buraxmalıyam.

Bu isə yenə də sifətini turşudur, deyir, heç yerə getmə, çünki sən uzağı birini buraxa bilərsən, ondan sonra öləcəksən, meyidin neçəsini buraxacaq, day orasını bilmirəm. Hər nədisə, daha əvvəlki kimi hirsli deyil, bir az yumşalıb, deyir, o qədər də deyilik, başa düşdük, sən o kalorini filan şey eləmək istəyirsən, amma niyə mənim bağımda eləmək istəyirsən?

Kalori vermək fikrinə düşdüyüm günü lənətləyirəm. Deyirəm, ona görə o lənətə gəlmişi sənin bağında filan şey eləmək istəyirəm ki, öz bağım yoxdu. Öz bağım olsaydı, tutardım, aparardım öz bağıma, orda filan şey elərdim! Daha səninlə boş yerə çənə döyməzdim, sən də üstümə tapança çəkməzdin.

- Onu tutmaq olur? – heyrətlə soruşur.

- Nəyi?

- Kalorini.

- Hə də…

- Tutursan, filan şey eləyirsən?

- Nəyi? – gözlərimi döyürəm.

- Quşquşu, kalorini!

Təpəmdən tüstü çıxır, yana-yana qalıram, yanmaqdan başqa əlimdən bir iş də gəlmir, neyləyə bilərəm, əlində tapança, üzündə on yerdən çapıq, azından da on iki il yatıb. Məni o dünyaya yola salıb gedib təzədən bir o qədər də yatmaq əlində su içmək kimi bir işdi. Amma özümü saxlaya bilmirəm, deyirəm, qardaş, sən mənə niyə əzab verirsən? Adam dilində deyirəm, sənin bağında işləmək istəyirəm, razı deyilsən, qoy çıxım gedim xarabama.

- Niyə razı deyiləm, - nəhayət tapançasını yenidən yerinə taxır, - nə qədər işləyəcəksən?

- Bir saat.

- Başla.

Nəhayət! Gec də olsa, çətin də olsa, adamı başa sala bildim. Yenidən keçib oturur tut ağacının dibində, siqaretini odlayıb, burum-burum tüstü buraxır. Mən də başlayıram, neyləməyə, kaloriləri buraxmağa, yəni filan şey eləməyə. Beli yerə vuran kimi də həyatımdakı ən axmaq işlərdən birini gördüyümü anlayıram, torpaq daş kimidi, bel batmır. Üstdən də gün yandırır, tər sel-su kimi axır. Heç beş-altı dəqiqə keçməmiş yorulub əldən-dildən düşürəm. Belə dirsəklənib qəddimi düzəldirəm:

- Daha bəsdir, - deyirəm. - Qurtardım.

- Bəs bir saat işləyəcəkdin?

- Söz gəlişi deyirdim.

- Bax, dostum, sən kimə istəsən, söz gəlişi nəsə deyə bilərsən, mənə isə bilməzsən. Mənə sözü dedinsə, ağzından çıxdısa, sahibi olmalısan. Davam elə, yoxsa mənim səni o tərəflərə yola salmaq fikrim hələ qüvvədədi.

Vay dədə, vay nənə, nə işdi tutdum! Bala, otur yerində də! Dədən-baban kalori verib, sən də verəsən? Işin-peşən qurtarmışdı, hər yarağın qurtarmışdı, qalmışdı saqqal darağın. Hər işini başa vurmuşdun, görüb qurtarmışdın, qalmışdı bircə kalori verməyin!
Neyləyə bilərdim, adam gözünü belə qırpmadan mənə baxır, balaca inad eləsəm, yenə çıxaracaq o lənətə gəlmişini. Başlayıram işləməyə, həyatımda bunca gülünc vəziyyətə düşməmişdim. Adam sənin ağlın var, şüurun var, indi orda hər nə yazıblar, gərək inanasan? Adamlar saytları boş qalmasın deyə, harda gözlərinə axmaq şey sataşdı, qoyurlar öz səhifələrinə. Geyinib keçinəsən, durub gələsən qonşunun yanına ki, bəs qonşu sənin bağında işləmək istəyirəm!

Tər-su aparır məni, susuzluqdan da ciyərim yanır, bundan su istəyirəm, nə desə yaxşıdı, deyir, sən bayaq belə bir cür danışdın e, mən hələ bilmirəm hansı yuvanın quşusan. Allah eləməmiş, o yuvanın quşu olarsan, mən də sənə su versəm, on iki il yatmağım mənə haram olar. Bir də ora düşsəm məni kişi yerinə qoymazlar. Başımı ağrıtma, işini gör, sürüş. Sənə su yox, zəqqum da verə bilmərəm

Axmaqlıq eləməyimdən, özümü gülünc vəziyyətə qoymağımdan çox, qarşıma belə psixopatın çıxmağı məni yandırır. Kalorilərin anasını ağlatdım, ağlatmadım, bilmirəm, amma əsəblərimin axırına çıxdım, yəni məndə bircə dənə də əsəb hüceyrəsi qalmadı, yanıb kül oldular, dişim bağırsağımı kəsə-kəsə ağacların dibini belləyir, bir saatın nə vaxt keçəcəyini səbirsizliklə gözləyirəm. Arada çapıqdan da soruşuram, o isə başdan sovdu cavab verir, sən işini gör, mən sənin üçün spravoçni büroyam? Vaxtın tamam olanda deyəcəyəm də.

Vaxt keçmir, ya da bu əbləhin saatı işləmir, isti, susuzluq mənə əzab verir. Çapığın isə nə vecinə, oturub tut ağacının dibində, siqaretini tüstülədir, burum-burum tüstü göyə zillənib.

Nəhayət çapıq vaxtın tamam olduğunu deyir və sanki dünyanı mənə verirlər. Deyir, hər nədisə, kaloriləri filan şey eləməkdən əməlli-başlı xoşum gəldi, sabah da gələrsən. Heç narahat olma, bu bağın işi qurtarandan sonra səni qayınlarımın bağına göndərərəm, orda buraxarsan.

Cavab verməyə heyim, hərəkətim yoxdu, ayaqlarımı sürüyə-sürüyə bağdan çıxıram, həyət qapımızı açıb içəri keçir, beton səkinin üstündə oturub arvadı səsləyirəm, mənə bir vedrə su gətir, yox, tez də əlavə eləyirəm, iki vedrə gətir. Arvad isə həmişə olduğu kimi suyu gətirmək əvəzinə, artırmaya çıxıb məni heyrətlə süzür və suallarını döşəyir:

- Nədi, ciyərin yanır?

- Yanır, - deyirəm, - tez elə!

- Xeyir ola?

- Of, Allahım! Qonşunun bağında işləyirdim

- Eləmi? Qonşunun bağında niyə işləyirdin?

- Bir az kalori filan şey eləmək…buraxmaq istəyirdim.

- Buraxa bildin?

Arvad, asır, kəsir, üyüdüb tökür. Buraxmaq istəyirdin, yer tapa bilmədin, qərara aldın gedib qonşunun bağında buraxasan? Sən məni aldada bilməzsən, elə bilirsən bir gözünün qonşuda olduğunu görmürdüm? Bir aydı sənə stolun qıçına bir mıx vurdura bilmirəm, amma gedib qonşunun bağında özünü həlak eləyirsən, canını alırlar, barı içməyə bir qaşıq su da vermirlər! Vermərəm, zəqqum da vermərəm! Sənin orda nə ölümün var idi?

Yandım anam, yandım! Belə də məxluq olar, necə sənin qəlbində iynənin ucu qədər rəhm, insaf olmaz? Hələ də bunu başa salmağa ümidliyəm, deyirəm, öz bağımız yoxdu, ona görə ora getmişdim! Olsaydı, heç cəhənnəmə getməzdim, öz bağımızda kalorilərlə hesablaşardım, yəni o işi görərdim! Deyir, deməyinin adı nədi, mən sənə bağ alım, sən də gedib orda o işi görəsən?

Sonrasını yazmasam yaxşıdı, amma sizlərə yalnız bircə məsləhətim var, nəbada-nəbada kalori buraxmaq, itirmək (indi hər nədi) istəyəsiz. Işdi, lap elə buraxmaq istəsəniz də, amanın günüdü, səfeh məsləhətlərə qulaq asıb qonşunun bağına getməyin, neyləyirsiniz, öz xarabanızda eləyin.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG