Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:00
Dünyada gənclərin 13 faizi işsizdir. Növbəti 4 ildə bu göstəricinin yaxşılaşacağı isə gözlənilmir. Beynəlxalq Əmək Təşkilatının hesabatında belə deyilir.

Hesabatda deyilir ki, ixtisaslı gənclərin bir çoxu yarı günlük işlərdə, yaxud da ixtisas tələb etməyən işlərdə çalışır. Təşkilat hökumətləri gənclər üçün iş yerləri yaratmağı prioritet məsələyə çevirməyə çağırır.

İŞSİZ GƏNCLƏRİN SAYI 4 MİLYON ARTIB

Dünya Əmək Təşkilatının "Qızlara şans ver" afişası -2009

Dünya Əmək Təşkilatının "Qızlara şans ver" afişası -2009

Hesabata görə, 2007-ci ildən işsiz gənclərin sayı 4 milyon artıb. Yaşı 15-24 arası olan gənclərin 13 faizi, təxminən 75 milyon gənc işsizdir.

Hesabatda deyilir ki, Avropa Birliyi ölkələrində hər 5 gəncdən biri iş axtarır. «Ərəb baharı»ndan sonra ötən il Şimali Afrikada isə işsiz gənclərin sayı 2010-cu illə müqayisədə 5 faiz artaraq 27,9 faiz təşkil edib. Yaxın Şərqdə bu göstərici 26,5 faizdir. Hətta iqtisadi cəhətdən ən dinamik region olan Şərqi Asiyada belə gənclər arasındakı işsizlik özlərindən yaşlılara nisbətən 2,8 dəfə çoxdur.

AZƏRBAYCANIN İŞSİZ GƏNCLƏRİ

Azərbaycanda əhalinin təxminən 31 faizini gənclər təşkil edir. Qeyri-rəsmi rəqəmlərə görə, onların yarıdan çoxu işsizdir.

İşsiz gənclərdən biri Samir Məmmədov ixtisasca müəllimdir. Ali məktəbi 2 il əvvəl bitirib. Deyir ki, bir müddət özünə iş axtarmaq haqqında düşünüb. Sonra isə yorulub: «İş olmadığına görə indi heç maraqlanmıram da. İndi vaxtımı demək olar ki, çayxanalarda keçirirəm».

İŞ YERLƏRİNİN ƏKSƏRİYYƏTİ MÖVSÜMİDİR

Məhəmməd Talıblı

Məhəmməd Talıblı

İqtisadçı ekspert Məhəmməd Talıblı da deyir ki, Azərbaycanda işsiz əhalinin böyük əksəriyyəti gənclərin payına düşür: «Hökumətin elan etdiyi rəqəmlərə nəzərə salanda görürük ki, Azərbaycanda işsizliyin sayı ildən-ilə azalır. Hətta buna inansaq belə, görürük ki, açılan iş yerlərinin əksəriyyəti mövsümü iş yerləridir. Mövsümü iş yerlərində də daha çox büdcədən ayrılan investisiya layihələrinin həyata keçirilməsi zamanı istifadə olunur. Bu da müəyyən bir zaman kəsiyi üçün istifadə olunur».

Bakı şəhər Məşğulluq İdarəsinin direktoru Şəfa Əliyev deyir ki, Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsinə tabe olan 11 rayon üzrə məşğulluq xidmətləri var. Onun sözlərinə görə, keçən ildən işləmək istəyən gənclərə daha geniş imkanlar yaradılır: «Bizim bütün məşğulluq xidmətlərində əlavə vakansiyalar toplanıb. Hər hansı bir gənc müraciət etdikdə onunla fərdi iş aparılır. Bundan başqa digər bir tədbirlər sistemi var. Bu ixtisaslaşdırılmış mini-əmək yarmarkalarıdır. Bu il ondan çox istifadə etməyə başlamışıq».

6 MİLYONDAN ARTIQ GƏNC İŞ AXTARMAQDAN YORULUB

Beynəlxalq Əmək Təşkilatının hesabatında bildirilir ki, gənclərin bir çoxu iş tapa bilmədiklərinə görə, təhsil müddətlərini uzatmalı olurlar. Bir qisim gənc isə ixtisas tələb etməyən işə girirlər. Çünki öz ixtisaslarına uyğun iş tapa bilmirlər. Təşkilatın hesabatına görə, dünyada 6 milyondan çox gənc həvəsdən düşərək heç iş axtarmır. Onlar tədricən cəmiyyətdən qopurlar. Həm də təhsil müddətində əldə etdikləri bilik və bacarıqları öz ixtisaslarına uyğun istifadə etmədiklərinə görə tədricən öz peşələrini yadırğayırlar. Bu da bir müddət sonra onların sadəcə işsiz deyil, hətta işə yararlı olmamasına gətirib çıxarır.

Beynəlxalq Əmək Təşkilatı təklif edir ki, gənclərə iş verən qurumlara vergi güzəştləri edilsin, ya da başqa həvəsləndirici tədbirlər görülsün.
XS
SM
MD
LG