Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:24
Qızım bu əhvalatı danışanda, çaşdım, bilmədim nə deyim... Doğrudan da bizim hərəkətlərimiz «taun zamanı ziyafətə» bənzəyir. «Beş günlük dünyada» nə düşüncə, əsas bu gün, toy olsun bayram olsun. Bizim millətə tay ola bilməz. Nə isə. Qızıma yeganə təklifim oldu ki, əhvalatı yazsın. Bəlkə bir-iki nəfər oxudu. O adamlar ki «Eurovision» və onunla bağlı attraksionlar beyinlərini dumanlandırmayıb. Bəlkə «Tut ağacı» ağrısını onlar da bölüşdülər.

Rəhman Bədəlov


TUT AĞACI

Malakan bağı yaxınlığında balaca ofisimiz var. Həyat yoldaşım bütün uşaqlığını orada keçirib, ana-atası bu evin tikilməsində şəxsən iştirak edib, həyətdə bir necə ağac da əkiblər. 40 ildən bəri ağaclar xeyli böyüyüb. Bizim üçüncü mərtəbədəki pəncərəmizə çatan Tut ağacı da qış-yay bizi sevindirir, həyətin eybəcər mənzərəsindən bizi qoruyurdu.

MƏNİM NƏ GÜNAHIM VARDI?

O gün həyətə bir az gec çatdıq. Gördüyümüz mənzərə bizi heyrətləndirdi. Gözümüzün qabağında Tut ağacının son iri budağı kəsilib yerə düşdü... Gözəl, qollu-budaqlı, yam-yaşıl ağacın lüt gövdəsi indi yetim uşaq kimi durub elə bil soruşurdu: «Axı mənim nə günahım var idi?»

TUT MAŞINIMIZIN ÜSTÜNƏ DÜŞÜR!

Yoldaşımla birgə həyətdə bu işləri idarə edən insanları çığırdıq, hədələdik, lənətlədik, nifrətimizi bildirdik... Belə gözəl ağaca əliniz necə qalxdı?! – deyə bağırdıq. «Ağacın tutları maşınlarımızın üstünə düşür!» cavabını aldıq.
Bu qədər sadə cavab! Bizi əhatə edən insanlar üçün maşın gözəllikdən, təmiz havadan, ağacın verdiyi kölgə və sərinlikdən vacibdir! İllərlə qarşıladığım bu acı həqiqəti sonunda qəbul etmək məcburiyyətindəydim.

BİZ NEYLİYƏ BİLLİK?

Amma mən yenə də razılaşmadım. İnternetdən Bakı Şəhər Ekologiya Departamentinin nömrəsini tapıb zəng vurdum. Bir necə saatdan sonra üç cavan, boylu-buxunlu adam həyətimizə gəldi. Ağaca baxib: «Çox hayıf, amma biz indi nə edə bilərik!» dedilər. Nə cərimə, nə inzibati töhmət. Kəs ağacları maşınına mane olursa! Bəs siz Ekologiya Departamentində nə işlə məşğulsunuz, bura niyə gəlmisiz, dövlətin pullarını havayı niyə alırsız?! - deyə bağırmaq istədim. Amma susdum. Onsuz da cavabsız qalacaq! Əvəzində Gürcüstanda yaxın dostumuzdan eşitdiyimiz yeni ekoloji qanunlardan danışdıq. Sən demə, indi şəxsi həyətində belə ağac kəsmək istəsən, Ekologiya Departamentindən icazə almalısan. Və hətta ağac çox nadir, gözəl olsa sənə izin verməyəcəklər. Qeyri-qanuni hərəkətlərin nəticəsi də artıq gürcü xalqına yaxşı bəllidir!

BƏS BİZ?!

Evimizin 100-ə yaxın sakinindən heç biri bu əhvalata qarışmadı, gələcəyi düşünmədi, gözəl ağaca heyfi gəlmədi. Hamı maşınını düşündü. Təkbaşına mücadilə etməli olduq. Və əlbəttə uduzduq. Mənzilə qalxıb pəncərəmizin pərdəsini kip bağladıq. İndi pəncərəmizdən Tut ağacının yaşıl budaqları yerinə maşınlar və zibil qutuları görünür. Mən daha ora baxmaq istəmirəm. Yorulmuşam zibil mənzərələrindən!.

BAKINI MƏZARLIQ KİMİ GƏZİRƏM!

Şəhəri məzarlıq kimi gəzirəm. Burada Tut ağacı vardı, burada - Nizami heykəlinin ətrafında yaşı 100-ə çatan Zeytun ağacları, burada - Heydər Əliyev prospektində sıra-sıra Şam ağacları, Neftçilər xəstəxanasının qarşısında onlarla Çinar.... İndi onların yerində enli prospektlər və maşınlar, maşınlar, maşınlar...
Nə vaxtsa Bakının, Abşeronun hər yerində Püstə ağacları görünürdü. İndi bir-ikisi qalıb. Biri Axundov bağının yanında, biri də Şirvanşahlar sarayının aşağı həyətində. Hər il ona baş çəkib yanında oturur, bu qoca ağacı bir daha görməyəcəyimdən qorxuram. Köhnə dost kimidir. Bu il hələ olmamışam ...
Yəqin mənə deyəcəklər indi «Eurovision» zamanıdır, bütün şəhər canlanıb, hər yerdə sərgilər, canlı konsertlər keçir, Qız qalasında işıq şousu, hər gün atəşfəşanlıq, Fəvvarələr meydanında Flaşmob keçirilir. Sən də Tut ağacından danışırsan.

«EUROVİSİON» BİTƏCƏK, NƏ VAXTSA NEFT DƏ TÜKƏNƏCƏK...

Yəqin mən nə isə başa düşmürəm. Bu qədər çıraqbanlıq, şənlik, ümumi bayram ab- havası, turistlər arasında özümü yalnız hiss edirəm.
İndi həyətdə də sanki tək-tənhayam. Həyətin sakinlərinə ən sadə bir həqiqəti başa sala bilmədim. Aciz qaldım. Yəni bu həyətin, bu şəhərin sakinləri ən yaxın gələcəyi belə düşünmək istəmirlər? Axı 10-15 gündən sonra tut daha tökülməyəcək, amma qızmar yay hələ qarşıda bizi gözləyir.
Bir həftə sonra «Eurovision» bitəcək, amma gündəlik həyat davam edəcək...
Nə vaxtsa hətta neft də bitəcək, bəs onda bizi nə gözləyir?...

Heyran Qorçu

Şərhləri göstər

XS
SM
MD
LG