Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:14

Neft şirkəti Sulutəpə hadisələrilə bağli açıqlama yayıb


SOCAR Təhlükəsizlk İdarəsinin işçisi
SOCAR Təhlükəsizlk İdarəsinin işçisi
Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) yaratdığı komissiya aprelin 18-də Sulutəpə qəsəbəsində baş vermiş hadisə ilə bağlı araşdırmaları başa çatdırıb.

ARDNŞ-in internet səhifəsində yer alan məlumatda şirkətin Təhlükəsizlik İdarəsinin (Tİ) iki əməkdaşı ilə «Zerkalo» qəzetinin müxbiri İdrak Abbasov, onun yaxın qohumları, eləcə də qəsəbə sakinləri arasında münaqişə baş verdiyi bildirilir. Qeyd olunur ki, həmin hadisə zamanı həm ARDNŞ əməkdaşları, həm də İ.Abbasov müxtəlif dərəcəli xəsarətlər alıblar.

JURNALİST İDRAK ABBASOVU KİM DÖYÜB MƏLUM DEYİL

İdrak Abbasov
İdrak Abbasov
«Tİ-nin iki əməkdaşının verdiyi izahata əsasən, hadisə belə olmuşdur: İ.Abbasov onların ünvanına çoxsaylı söyüşlər, ağır təhqirlər və yerli camaatı münaqişəyə çağıran ifadələr işlətmiş, az sonra onun qardaşı və bir neçə nəfər də hadisə yerinə gəlmiş və münaqişəyə qoşulmuşlar. Bəzi sakinlər tərəfindən Tİ əməkdaşlarına daş və digər əşyalar atılmışdır. Bununla da gərginlik yüksək həddə çatmış və Tİ əməkdaşları ilə İ.Abbasovun da içərisində olduğu qrup arasında dava başlamışdır. İzahatı alınan Tİ əməkdaşları İ.Abbasovun konkret kim tərəfindən vurulduğunu xatırlaya bilməmiş, bunu həmin anda həm dava etdikləri, həm də müdafiə olunduqları ilə izah ediblər» deyə açıqlamada bildirilir.

Məlumatda qeyd olunur ki, İdrak Abbasovun həmin ərazidə vaxtaşırı çəkiliş aparmaq istəyi heç də onun jurnalist fəaliyyəti ilə bağlı deyil şəxsi maraqlarına xidmət edib.

«Belə ki, hadisədən əvvəlki tarixlərdə də o, əhalini zorakılığa çağırmaq, şəxsi mənafeyi naminə kütləvi qarışıqlıq yaratmaq məqsədləri ilə tez-tez Sulutəpə ərazisində olmuşdur».

Məlumatda qeyd olunur ki, baş verən qarşıdurmada sakinlər tərəfindən Tİ-nin əməkdaşlarına daşlar, içərisi benzinlə dolu şüşələr atılmış, xüsusi hazırlanmış atlı süvarilər onların üsərinə hücum çəkiblər.

NEFT ŞİRKƏTİ SULUTƏPƏ İŞİNİ HÜQUQ-MÜHAFİZƏ ORQANLARINA GÖNDƏRİB

Açıqlamada həmçinin bildirilir ki, hadisənin ədalətli araşdırılmasının təmin olunması məqsədi ilə komissiyanın topladığı bütün məlumatlar ARDNŞ rəhbərliyi tərəfindən aidiyyəti hüquq-mühafizə orqanına təqdim edilib.

Sulutəpə
Sulutəpə
«ARDNŞ hər cür zorakılığı pisləyir, belə halların öz əməkdaşları tərəfindən meydana gəlməməsi üçün bütün lazımi tədbirləri həyata keçirir. Sulutəpə ərazisində baş verən hadisədən sonra Tİ əməkdaşları ilə bir daha maarifləndirici işlər aparılıb. Onlara qanunvericiliyə ciddi əməl etmələri, münaqişəli hallarda maksimum həssas olmaları tapşırılıb».

NEFT ŞİRKƏTİ YENƏ QƏTİYYƏT GÖSTƏRƏCƏK

Komissiya bildirir ki, ARDNŞ mədən ərazilərində yarımçıq tikililərin bundan sonra məhkəmə vasitəsilə mübahisələndirilməsi işini daha kütləvi şəkildə davam etdirmək üçün Binəqədi rayon icra hakimiyyətinə nümayəndə ayrılması üçün müraciət edib.

«ARDNŞ bundan sonra da sənədi olmayan yarımçıq tikintilərin qarşısının alınmasında qətiyyət göstərəcək, Tİ əməkdaşlarının işini daha sistemli, operativ şəkildə təşkil etmək üçün lazımi tədbirləri görüləcək».

ZƏBT OLUNMUŞ ƏRAZİLƏRDƏ ZƏNGİN EHTİYYAT

ARDNŞ-nin Hüquq İdarəsinin rəisi, komissiyanın üzvü Eldar Orucov tərəfindən verilən açılamada bildirilir: «zəbt olunmuş həmin ərazilərdə böyük həcmli karbohidrogen ehtiyatları mövcuddur. Digər tərəfdən, həmin ərazilərin yaşayış üçün istifadə edilməsi əhalinin sağlamlığının qorunması və təhlükəsizliyi baxımından qeyri-məqbul hesab edilir və buna görə də bu ərazilər qanunvericiliklə yaşayış məntəqələrinin salınması üçün nəzərdə tutulmayıb».

İdrak Abbasov aprelin 18-də ARDNŞ-in təhlükəsizlik xidmətinin əməkdaşları ilə evləri sökülən sakinlər arasında münaqişəni çəkərkən döyülüb. İstintaq onu zərərçəkən kimi tanıyıb.

Sulutəpə
Sulutəpə
Hələ də evdə müalicə alan jurnalist İdrak Abbasov Neft Şirkətinin açıqlamasını gözlənilən sayır.

Hesab edir ki, hətta ona hörmətlə yanaşıblar, onu daha çox məsələlərdə ittiham etməyiblər. «Mən daha böyük ittihamlar gözləyirdim. Bura absurdistandır».

İdrak Abbasova görə, təhlükəsizlik xidmətinin əməkdaşları nəyi isə yaddan çıxara bilərlər, amma onun döyülməsini əvvəldən axıra qədər lentə alanlar bu suallara daha dəqiq cavab verə bilərlər: «Mənə montaj edilmiş video göstəriblər ki, mən həmin lentə baxıb xəsarət yetirilənləri tanıyım. Mən də montaj olunmuş videoya baxmaqdan imtina etmişəm və demişəm ki, bu məsələnin araşdırılması Neft Şirkətinin deyil, hüquq-mühafizə orqanlarının işidir. Bu bəyanat bir daha mənim sifarişlə döyülməyimi göstərir. Nə edirlər etsinlər. Özləri bilərlər. Mən artıq heç kimdən qorxan deyiləm, onsuz da məni şikəst ediblər».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG