Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:29
Yerli məhkəmə instansiyaları iddiaçının xeyrinə qərar çıxarır. Amma qərar icra olunmur. Avropa Məhkəməsi də iddianı təmin edir, ancaq qərar icra olunmur. Və bu proseslər 15 ilə yaxın davam edir...

İnanmırsınızsa, 71 yaşlı Nail Hümbətovun hekayətini dinləyin. O, 16 il əvvəl torpaq sahəsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə ayaq döyəndə heç bilmirdi ki, həmin torpaq sahəsində tikinti aparmaq ona yox, başqa bir şirkətə qismət olacaq.

ADI MƏNİM, DADI ÖZGƏNİN

1996-cı ildə Bakı Şəhər İcra hakimiyyətinin sərəncamı ilə Hümbətovun sahibi olduğu «Nail» şirkətinə «Sağlamlıq mərkəzi»nin inşası üçün Əhmədli metro stansiyasının yaxınlığında 0,75 hektar torpaq sahəsi ayrılıb. 1998-ci ildə yerin ərazisi və layihə Memarlıq və Şəhərsalma baş İdarəsi tərəfindən də təsdiqlənəndən sonra Nail Hümbətov əraziyə gedəndə məlum olub ki, orada artıq «Ruslan» adlanan şirkət tikintiyə başlayıb.

Elə həmin il sahibkar torpaqdan istifadə hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edib. İqtisad Məhkəməsi müəyyən edib ki, torpaq qanunsuz zəbt edilsə də, artıq tikintini dağıtmaq praktik deyil. Nail Hümbətov 2001-ci ildə ikinci instansiya məhkəməsi kimi yenidən İqtisad Məhkəməsinə müraciət edərək iddia qaldırıb. Bu dəfə məhkəmə birinci dəfə verilən qətnaməni ləğv edib və qərar verib ki, ərazidəki qanunsuz tikinti sökülsün və torpaq sahəsi sahibkara qaytarılsın. Bu qərardan heç bir tərəf apelyasiya şikayəti vermədiyi üçün qərar qüvvəyə minib, amma icra olunmayıb.

11 İLDİR İCRA OLUNMAYAN QƏRAR
Nail Hümbətov

Nail Hümbətov


«Əlimdə məhkəmə qərarı ola-ola torpağım əlimdən alınıb başqa qərarla orda başqa şey tikilib. Onun sökülməsi üçün də verilən qətnamə yerinə yetirilməyib və o ərazidə artıq ticarət mərkəzi və hündür mərtəbəli binalar var. Deyirlər onları sökmək mümkün deyil. Vaxtında icra olunsaydı, mümkün olardı».

Nail Hümbətov deyir ki, onun işiylə bağlı dəfələrlə məhkəmə hakimi, Ali Məhkəmənin sədri tərəfindən Xətai rayon prokurorluğuna, Xətai rayon İcra Hakimiyyətinə məktublar göndərilsə də qərar icrasız qalıb. Baxmayaraq ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş sənədi bütün dövlət hakimiyyəti, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

2005-ci il avqustun 17-də Xətai rayonunun məhkəmə qərarlarının icrası şöbəsinin on beş əməkdaşı akt tərtib edərək bildiriblər ki, həmin ərazidə tikinti gedir və o ərazidəki ticarət mərkəzinin mülkiyyətçiləri binanı boşaltmaqdan imtina ediblər.

AVROPA MƏHKƏMƏSİNİN QƏRARI DA İCRA OLUNMADI

Bakı şəhəri, Məhəmməd Hadi küçəsi, 2324-cü məhəllədəki ərazinin ona yerli məhkəmə qərarıyla verilmədiyini görən Hümbətov Avropa Məhkəməsinə üz tutub. Məhkəmə 2009-cu ilin 3 dekabrında qərar çıxarıb və qeyd olunub ki, şikayətçiyə öz torpağı ilə bərabərhüquqlu torpaq sahəsi verilməlidir. Çıxdıqdan sonra üç ay ərzində yerinə yetirilməli olan Avropa Məhkəməsinin qərarı iki il yarımdır icrasızdır. Halbuki, Avropa Konvensiyasının 46-cı maddəsinə görə, razılığa gələn Yüksək Tərəflər Avropa Məhkəməsinin onların tərəf olduqları işlər üzrə qəti qərarını icra etməyi öhdələrinə götürürlər.

«Hökumət işi icra etməyi tapşırdı Bakı şəhər İcra Hakimiyyətinə, amma heç bir tədbir görülməyib. Mənim proyektim, smetam hazırdır, hər şey yerindədir. İcra hakimiyyətinə hərdən bir dəvət edirlər, təklif edirlər ki Qaradağ, Suraxanı rayonlarında torpaq sahəsi veririk. Elə yeri dəqiq göstərmədən təklif edirlər. Qərarda yazılıb ki, bərabər hüquqlu torpaq sahəsi olmalıdır. Halbuki bunların təklif etdiyi yerə mən asfalt, işıq, su çəkməliyəm».

ÜMİD AVROPA ŞURASI NAZİRLƏR KOMİTƏSİNƏDİR?

Muxtar Mustafayev

Muxtar Mustafayev

Nail Hümbətovun Avropa Məhkəməsindəki nümayəndəsi, hüquqşünas Muxtar Mustafayev deyir ki, AİHM-in qərarının icra olunmamasıyla bağlı Avropa Şurası Nazirlər Komitəsinə də müraciətlər ediblər və Komitə bu şikayətləri hesabatlarına daxil edib. AŞ NK-a göndərilən sonuncu məktubda isə xahiş edilib ki, iyunun 4-6-da keçiriləcək iclasda konkret tədbir görülməsi ilə bağlı qərar qəbul olunsun:

«Avropa Məhkəməsinin qərarının yerinə yetirilməsi ilə bağlı müqavilə bağlamaq üçün səlahiyyətli nümayəndə təyin olunmalıdır, o ərizəçi ilə müqavilə bağlamalıdır».

AŞ Nazirlər Komitəsinin qərarların icrası ilə bağlı hesabatında göstərilir ki, Hümbətovun işiylə bağlı qərar Azərbaycan dilinə tərcümə edilərək Ədliyyə Nazirliyinin yerli məhkəmələrin qərarlarının icrasına cavabdeh olan şöbəsinə göndərilib.

«BİNALAR SÖKÜLƏ BİLMƏZ»

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsindən verilən məlumata görə, Nail Hümbətovun ərazisində artıq 3-4 bina tikilib və orada yüzdən çox mənzil var. Həmin binaların sökülüb, ərazinin Nail Hümbətova verilməsi orda yaşayanların mülkiyyət hüququnun pozulması deməkdir. «Ona yerindən qat-qat böyük yer verilir və onunla müqavilə də bağlanır. Sadəcə Nail Hümbətovun dediyi kimi kommunikasiya xəttinin olmamağı var, amma bunu Nail Hümbətovun özü də çəkə bilər. Həm də qərarda kommunikasiya söhbəti olmayıb ki, ona görə dəlil əsassızdır. Hümbətovun işi ilə bağlı müəyyən nəticəyə gələcəyik, bu iş gündəmimizdədir».

AZƏRBAYCANLA QONŞULARININ FƏRQİ...

2012-ci il mayın 10-a kimi AİHM Azərbaycanla bağlı 61 qərar verib. Onlardan 20-də ədalətli məhkəmə araşdırması, 18-də mülkiyyət hüququnun pozulması,14-də məhkəmə qərarlarının icra olunmamağı ilə bağlı Konvensiyanın maddələrinin pozulması halı tanınıb. 2011-сi ilin sonuna olan məlumata görə isə 51 qərarda məhkəmə qərarlarının icra olunmamağı ilə bağlı 12 pozuntu aşkarlanıb. Qonşu ölkələr – Ermənistan və Gürcüstanla bağlı Avropa Məhkəməsi 73 qərar qəbul edib, onların heç birində yerli məhkəmə qərarlarının icra olunması pozuntusu müəyyənləşdirilməyib.

Simon Palmer

Simon Palmer

Avropa Şurası Nazirlər Komitəsinin katibi Simon Palmer deyir ki, Komitə Avropa Məhkəməsinin qərarlarının tam icrasını sığortalamaq üçün müəyyən işlər görür və çətinlik çəkdiyi güman edilən hər bir ölkəyə bir sıra vasitələrlə kömək edir. «Hələlik elə bir hal olmayıb ki, hansısa ölkə ümumiyyətlə qərarı icra etməsin. Düzdür, bəzi hallarda hansısa ölkə qərarın icrasında könülsüz olur. Belə olan halda Komitə əvvəlcə həmin ölkəyə kömək vasitələrini axtarır. Yenə nəticə verməyəndə Komitə ölkəyə qarşı bir sıra təzyiqlər göstərir. Müvəqqəti olaraq öz açıqlamalarında ölkədən narazılığını bildirir, Komitənin sədrindən ölkə hakimiyyətinə məktublar göndərilir».

Simon Palmerin sözlərinə görə, bütün bu işlər ona görə olunur ki, hökumətlər heç vaxt tənqid olunmağı xoşalmırlar. Amma əgər ölkə ümumiyyətlə qərarı icra etməzsə, Konvensiyanın 14 nömrəli protokoluna əsasən, Komitə Avropa Məhkəməsində ölkə əleyhinə iddia qaldıra bilər. Amma bu təcrübə indiyə qədər həyata keçirilməyib».

İKİ İLDƏ 645 MİN AVRO KOMPENSASİYA

Avropa Məhkəməsinin qərarları ilə Azərbaycanla bağlı işlərdə 2010-cu ildə ərizəçilərə 334 min 602, 2011-ci ildə 310 min 650 avro ödənilməsi qərara alınıb.

Büdcədə «Məhkəmənin qərarına əsasən fiziki şəxslərə dəymiş maddi və mənəvi ziyanın ödənilməsi» xərc maddəsi var. Həmin maddə üzrə 2012-ci ildə 3 milyon manat ayrılıb. İqtisadçı Samir Əliyev: «Söhbət ondan gedir ki, 2011-ci ilə qədər bu maddəyə ayrılan pulun həcmi çox kiçik olub. Yəni 2009-cu ildə təxminən 29 min manat, 2010-cu ildə 84 min manat, 2011 və 2012-ci ildə isə birdən-birə 3 milyon manata qaldırılıb. Xüsusilə də, son iki ildə bu vəsaitin həcmi 35 dəfədən çox artıb. Bu onu göstərir ki, Avropa Məhkəmələrinə edilən müraciətlərin sayı artır. Son dövrlər Avropa Məhkəməsinin Azərbaycan hökumətinə kəsdiyi cərimələrin həcmi on minlərlə avro təşkil edir. Ancaq hökumət bundan qəti narahat deyil. Çünki milyardlarla dollar həcmində neft pullarının gəlməsi fonunda bir neçə milyonun itirilməsi dəryada damlaya bənzəyir». İqtisadçının sözlərinə görə, belə cərimələrin sayı getdikcə kəskin artır və bir neçə ildən sonra neft gəlirləri azalanda və büdcə gəlirləri məhdudlaşanda cərimələrə görə ödənilən vəsait hökumətə problem yarada bilər.

PUL MƏSƏLƏSİ 3 AYA HƏLL OLUNDU...

Ekspertlərin sözlərinə görə, Avropa Məhkəməsinin çıxardığı qərarların maliyyə hissəsini ödəmək məqsədilə pul ayrıldığı üçün Azərbaycanla bağlı işlərdə kompensasiyanın ödənilməsi problem olmur, işə yenidən baxılması məsələsi isə uzanır.

Əsabəli Mustafayev

Əsabəli Mustafayev

Hüquqşünas Əsabəli Mustafayev deyir ki, onun nümayəndəlik etdiyi işlərlə əlaqədar olaraq Avropa Məhkəməsinin 13 qərarı var və heç biri yerinə yetirilməyib. «Qərarlar evləri məcburi köçkünlər tərəfindən tutulan sakinlərin öz evlərinin boşaldılması ilə bağlı idi. Bir ildən artıqdır ki qərar çıxıb. Pul məsələsi üç ay müddətində həll olundu, amma ev problemi yox. Ərizəçilərin aldıqları kompensasiya da kirayə haqqına verilib. Az qalır bir il yarım olsun, amma sakinlər hələ də evlərinə köçürülməyiblər».

AZƏRBAYCANA NEYLƏMƏK OLAR?

Əsabəli Mustafayev Avropa Məhkəməsinin qərarlarının da yerinə yetirilməməsini «absurd» adlandırır. Fikrincə, Avropa ölkələri başa düşə bilmirlər ki, elə dövlət ola bilər ki, məhkəmə qərarını tanısın, amma icra etməsin. «Bu o qədər absurd məsələdir ki, ölkələr də özlərini itiriblər. Bilmirlər Azərbaycana qarşı neyləsinlər».

Hüquqşünas Fuad Ağayev deyir ki, Azərbaycanda ümumiyyətlə hakimiyyət orqanları tərəfindən məhkəmə hakimiyyətinə münasibət çox mənfidir. «Baxmayaraq ki, Konstitusiyada hakimiyyətlərin bölgüsü prinsipi təsbit olunub, əslində gerçəklikdə bölgüdən söhbət gedə bilməz. Hazırda Azərbaycan dövlət olaraq üzərinə götürdüyü çoxsaylı öhdəlikləri pozub və bu öhdəliklərin də bir hissəsi Avropa Məhkəməsinin qərarlarının icrasıyla bağlıdır. Qərarların icrası təkcə təzminat ödəməklə bitmir, qərarların icrası o deməkdir ki, fərdi və ümumi xarakterli tədbirlər görülməlidir».

Hüquqşünaslar məhkəmə qərarlarının icra olunmamasının arxasında pis idarəçiliyin dayandığını deyirlər. Yəni məhkəmə qərarı icra olunmursa, deməli həmin ölkədə qayda-qanun yoxdur.

«İCRA MƏMURU SƏHLƏNKAR DEYİL»

Ədliyyə Nazirliyinin İcra Baş İdarəsindən verilən məlumata görə isə məhkəmə qərarlarının icrası sahəsində əsasən ciddi problemlər yoxdur, Azərbaycanın icra faizi digər dövlətlərə baxanda yüksəkdir. «Sənədlərin icrası zamanı İcra haqqında qanunda nəzərdə tutulan bütün tədbirlər icra məmuru tərəfindən yerinə yetirilir. Qərarların icrası zamanı icra məmurunun hər hansı səhlənkarlığından söz gedə bilməz».

Ədliyyə Nazirliyinin fevralda açıqlanan statistikasına görə, 2011-ci ildə icraatda olan 162 mindən çox icra sənədinin 82 faizə yaxını həll olunub.

ÖLÜ NORMALAR?

«İcra haqqında Azərbaycan Respublikası Qanunu»nun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən etibarən iki ay müddətində məhkəmə qərarını icra etməlidir.

Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə, qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətməyə görə, min manatdan üç min manatadək cərimə nəzərdə tutulub. Eyni əməllər vəzifəli şəxs tərəfindən törədildikdə dörd min manatdan altı min manatadək cərimə, üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Hüquqşünas İntiqam Əliyev: «Amma bu norma, ölü normalardan biridir».

ÜMİDLƏRİ SONDA ÖLƏNLƏR...

Hazırda Xırdalan şəhərində «Aztelekom»un idarəsinin həyətindəki 9 kvadrat metrlik evdə 4 ailə üzvü ilə birgə yaşayan Samirə Medjinova məcburi köçkünlərin onun Lökbatandakı evindən çıxarılması üçün məhkəmə iddiası qaldırıb. Hər üç məhkəmə instansiyasında qalib gələn Medjinova 2011-ci ilin yanvarından məhkəmə qərarının icrasını gözləyir:

«Uşaqlarım böyüyüb, qızımın 19, oğlumun 18 yaşı var, ev artıq üstümüzə uçur, üst-üstə yatırıq. Bizə öz evimizi versinlər, məcburi köçkünləri köçürsünlər. Müraciət etmədiyim yer qalmayıb».

Yerli məhkəmələrin qərarları icra edilmədiyindən Samirə Medjinova Avropa Məhkəməsinə şikayət göndərmək fikrindədir. Ümid edir ki, bəlkə Avropa Məhkəməsi qərar çıxarsa, yerinə yetirilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG