Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:27

Beynəlxalq söz azadlığı koalisiyası «Eurovision» qabağı veb-sayt açıb


Committee to Protect Journalists

Committee to Protect Journalists

Azərbaycan üzrə Beynəlxalq Tərəfdaşlıq Qrupu (IPGA) mayın 22-də başlanan «Eurovision» mahnı müsabiqəsi öncəsi www.AzerbaijanFreeXpression.org veb saytını və Facebook və Twitter profillərini işə salıb. İPGA-nın koordinatoru ARTİCLE 19 təşkilatıdır.

Bu sayt «Eurovision» dəbdəbəsinin pərdəarxası məqamlarını təhlil edir. Azərbaycanda söz azadlığının vəziyyətinə dair yazılar verir. Bildirilir ki, bu ölkədə jurnalistlər və digərləri şantaj olunur, qorxudulur, zorakılıqla üzləşir. Tənqidi fikirlərinə görə həbs olunur.

IPGA bildirir ki, «Eurovision» müsabiqəsi keçirildiyindən Azərbaycan hakimiyyəti ölkənin xaricdə müsbət imicini irəlilətmək üçün cidd-cəhdlə işləyir. Ölkə daxilində isə söz azadlığı və digər fundamental azadlıqlar qətiyyətlə məhdudlaşdırılır.

SÜKUT SİYASƏTİNƏ SON QOYUN

«Bizim yeni sayt göstərir ki, «Eurovision» yaxınlaşdıqca, Azərbaycanda söz azadlığı pisləşməkdə davam edir», bunu ARTICLE 19-un İcraçı Direktoru Agnès Callamard deyir. «Yayım mediası tamamilə dövlətin əlindədir, müstəqil səslərə yer qalmır. «Eurovision» təşkilatçısı, Avropa Yayım Birliyi, sükut siyasətinə son qoymalı və Azərbaycan hakimiyyətini söz azadlığı pozuntularına görə sorğu-suala çəkməlidir».

«Azərbaycanda yeddi jurnalist həbsdədir və bu ölkə dünyada mətbuata nəzarət edənlərin ilk 10-luğundadır», bunu isə Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi (CPJ)nin Avropa və Orta Asiya üzrə Proqram Koordinatoru Nina Ognianova deyir.

«Ölkədə mətbuat azadlığı yaxşılaşdırılmasa, rəsmi Bakının ölkənin xaricdəki imicini cilalamaq üçün xərclədiyi ciddi vəsaitlər mənasız olacaq. Həmkarlarımızın dərhal və qeyd-şərtsiz buraxılması yaxşı başlanğıc ola bilər».

Bu veb-saytla birlikdə İPGA Facebook və Twitter profilləri də yaradıb və mütəmadi olaraq Azərbaycanda söz azadlığının pozulmasına dair məlumatlar yerləşdirir.

Azərbaycan rəsmiləri isə bir qayda olaraq beynəlxalq təşkilatların söz azadlığının məhdudlaşdırılmasına dair bəyanatlarını təkzib edir, ölkədə fundamental azadlıqların tam təmin olunduğunu bəyan edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG