Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:17

Azərbaycanda zəli azalır...


Zəli
Zəli
Azərbaycanda tükənməkdə olan canlılardan birinin də zəli olduğu deyilir. Zəliçiliklə məşğul olanların dediklərinə görə, müalicə əhəmiyyəti olan bu canlını son illərdə xarici ölkələrə daha çox daşıyırlar. Müsahiblərimiz deyir ki, Azərbaycanda zəlinin bir ədədinin qiyməti 50 qəpikdən 1 manata qədərdir. Xarici ölkələrdə zəlinin iki dəfə baha olduğu bildirilir. Buna görə də zəli biznesi gəlirli sahə hesab olunur. Nəticədə zəli Azərbaycanda azalır.

ZƏLİ QIRMIZI KİTABDA...

Heç də təsadüfü deyil ki, zəli qırmızı kitaba düşüb.

Zəli ilə müalicə olunan Həsənağa Məmmədov deyir ki, son zamanlar zəli çətin tapılır:

«Zəlinin əhəmiyyəti hamıya bəllidir. Axır zamanlarda onların yoxa çıxmasının bir səbəbi də MDB ölkələrinə, xarici ölkələrə daşınmasıdır. Buna görə də onun qıtlığı müşahidə olunur».

Vaxtı ilə zəli tədarükü ilə məşğul olan Seyfulla Hüseynov isə deyir ki, indi o işdən əl çəkib. Buna səbəb su hövzələrində zəlinin azalmasını göstərir. Onun bildirdiyinə görə, indi zəli tədarükü gəlir gətirmir, yalnız çörəkpulu çıxır:

«BİR GÜNƏ 10 000 ZƏLİ TUTARDIM»

«Bir günə 10 min zəli tutardım, indi bir gilə istədim, tapa bilmədim. Zəlinin biri 50 qəpiyə gedir, lazım olanda 1 manata da olur. Əvvəllər gedib Şahağacıdan götürərdik, 1000 dənə tökərdik öz su kanalımıza. Orda 10 min bala verərdi. Aparardılar Daşkəndə. İndi məşğul olmuram. Yoxdur, məşğul olmağa. Bir gündə 10 000 tutardım. Olsa, indi də tutaram. Yoxdur da, yoxdur».

Seyfulla Hüseynov deyir ki, zəlini artırmaq o qədər də çətin deyil:

ZƏLİNİ NECƏ ARTIRMALI?

«İrilərini, analarını götürüb buraxmaq lazımdır su kanallarına. Onu elə düzəltmək lazımdır ki, çölə çıxmasın. Palçıqda yaşayır. Yayda gedir palçığa, su gələndə yenə çıxır üzə».

Aqronom Xanlar Əliyev isə zəlinin azalmasının əsas səbəbini əkində istifadə edilən dərmanlarda görür:

ZƏLİLƏRİN AZALMASININ SƏBƏBİ NƏDİR?
Cəbrayıl Məmmədov
Cəbrayıl Məmmədov


«Zəlinin azalmasının səbəbi son zamanlar kimyəvi preparatlardan əkində daha çox istifadə edilməsidir. Astara rayonunda alaq otları çıxmasın deyə, dərmandan normadan artıq istifadə edildi. Nəticədə zəli qismən məhv oldu, qalanı da başqa yerlərə gedib. Son zamanlar həm quraqlıq nəticəsində suyun səviyyəsi aşağı düşüb, həm də bataqlıq yerlərinin azalması zəlini məcbur edir ki, bataqlıq, qamış olan yerlərə üz tutsun».

Aqronom deyir ki, zəli kimyəvi preparatların, gübrələrin istifadə edilmədiyi yerlərdə qalmağa üstünlük verir:

«Zəli həssas olduğu üçün kimyəvi maddələrin iyini hiss edərək ekoloji cəhətdən təmiz yerlərə köçürlər. Bunun səhiyyə əhəmiyyəti çox böyükdür».

Masallı rayonun Mollaoba kəndində zəliçiliklə dolanan Məmmədovlar nəsli var. Bu nəslin nümayəndəsi Cəbrayıl Məmmədov deyir ki, sovetlər dönəmində Masallının Mollaoba kəndində zəliyetişdirmə kombinatı olub. Azərbaycan müstəqillik qazanandan sonra bu kombinat dağılıb. İndi ölkədə zəli tədarükünə heç bir nəzarət yoxdur:

ZƏLİ KOMBİNATININ FƏALİYYƏTİ DAYANIB...

«Zəli tədarükü kortəbii aparılır, mərkəzləşdirilmiş bir sistem yoxdur. Burda təbii proseslər də var. Göllərin məhv olması, Xəzər dənizin qalxması və nəticədə Xəzərətrafı göllərin şorlaşması. Burda amillər çoxdur. Nəticədə sovetin dövründə olan tədarükün 10 faizini də verə bilmir. Tələbat böyükdür. Biz süni göllərin yaradılması hesabına onu kompensasiya edirik».

Cəbrayıl Məmmədovun dediyinə görə, Azərbaycanda zəliyə olan tələbat çox çətinliklə ödənilir. O deyir ki, qabaq zəli xarici ölkələrə - Ukraynaya, Rusiyaya, Qazaxıstana aparılırdı. İndi həmin proses burda zəliyə ehtiyac yarandığı üçün dayanıb:

«İndi böyük partiyalar getmir. Çünki bizim özümüzün tələbatına sərf olunur. Onun biznesi xətalı biznesdir. Mütəxəssis olmasa,
Zəlidən istifadə edərkən, onu insan bədəninin müəyyən olunmuş hissələrinə qoyurlar
Zəlidən istifadə edərkən, onu insan bədəninin müəyyən olunmuş hissələrinə qoyurlar
bu işdə onun biznesinin gələcəyi yoxdur. 2-3 il bundan qabaq mütəxəssis olmayanlar bunun tədarükü ilə məşğul oldular. Nəticədə çoxlu ziyan elədilər. Onun mütəxəssisi olmalıdır. Onun saxlanması, yetişdirilməsi, onun göndərilməsi ilə mütəxəssis məşğul olmalıdır».

Cəbrayıl Məmmədov deyir ki, hazırda Azərbaycanda 20-yə yaxın klinika zəlidən müalicə məqsədi ilə istifadə edir:

«400 İLƏ YAXINDIR BU İŞLƏ MƏŞĞULUQ»

«Son 5 ildə bəzi klinikalarda mənim işlərim olub, orda işləri mən təşkil etmişəm, mütəxəssis kimi onlara göstərişlər vermişəm. Həkimlər də öyrənib. Zəlinin verilməsini, müalicə üsullarını öyrəniblər. İnsanlar onun xeyrini gördükcə, zəliyə müraciət edirlər. Zəli ilə 70-dən çox xəstəlik müalicə olunur. Bu sahəyə maraq artır. Bizim nəslimiz 400 ilə yaxındır bu işlə məşğuldur. Bizim babamız bu işlə məşğul olub. Atam Moskvada tədarük üzrə baş mütəxəssis olub. Ondan sonra işi mən davam etdirmişəm».

Cəbrayıl Məmmədov deyir ki, zəli ilə müalicə maddi durumdan asılı olmayaraq hər kəs üçün əlçatandır. Bu baxımdan, təkcə klinikalarda yox, el arasında da zəli müalicə məqsədilə çox istifadə olunur.

Mütəxəssislər deyir ki, zəlidən istifadə edərkən, onu insan bədəninin müəyyən olunmuş hissələrinə qoyurlar. Bu zaman zəli müalicəvi əhəmiyyətə malik ağız suyunu insan orqanizminə yeridir və müəyyən çürük elementləri də sormaqla insanın qanını təmizləyir.
XS
SM
MD
LG