Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:22

Zeynep Aliye “Marqaritanın qanadları” (Müasir türk yazıçısından hekayə)


Arxiv foto

Arxiv foto

( “Oxu zalı”nda başladığımız yeni tərcümə layihəsində sizi müasir dünya yazıçılarının əsərləri ilə tanış etməkdə davam edirik. Hekayəni türkcədən Aytən Təhmasib çevirib. “Oxu zalı” hekayəsinin tərcümə edilib çap olunması üçün müəllifdən icazə alıb)


Zeynep Aliye


MARQARİTANIN QANADLARI


-Bax, əriyir.

Gülsər bu sözü dodaqları kişinin dodaqlarıyla birləşəcəyi anda dedi. Üzü üzünə toxunacaq, gözləri gözlərinə qarışacaq, ürəyi ürəyi ilə birləşəcək anda… Baxışları buxarının üstündə yanan şamın işığında, ruhunun acı-acı qıvrıldığını nişan verən bir inilti ağız boşluğunda:
-Əriyir, -dedi.

Söyləməkdən savayı yolu yoxuydu. Saniyələr uçur, zaman qısalır və getdikcə taqəti çəkilirdi. Göz-gözə qaldığı heçliyə, tükənişə laqeyd ola bilməzdi. Ən çox da, intihar səbəbi olmayan bir heçlik qarşısındakı sükutun gətirdiyi günahkarlıq hissiylə bacara bilməzdi. Çünki partlayış nöqtəsində yox, ərimə nöqtəsindəydi. Qarşısını almasa, özü də əriyib yox olacaq alovsuz yanğının sahilində…

Cəhənnəmdi... Cəhənnəm zəbaniləri buxarıda öləziyən odu yenidən alovlandırmaq üçün əmrə müntəzirdilər. Bir azdan qızğın-qıvraq alovlar coşub daşacaq və yan-yörəsində nə varsa, qovurmağa başlayacaqdı. Rəngli, nəfis bir dərgidə gördüyü cəlbedici iki fotodan birində odun yığınının üstünə atılmış xərəyəbənzər sal üzərində bir Hind qadını uyuyur. İkinci fotoda isə odunlar alovlanıb yanır, qadınsa hələ yuxudadır.
Gülsərin üzündəki kədərin səbəbini bilmək istəyən, bunun üçün narahat olmuş kimi yox, qürurlu bir əzəmətlə:

-Nə?

Kişi geri çəkilib silkinərək uzaqlaşdı.

Sehr pozulmuşdu. Gülsər dönüşü olmayan yola sovrula biləcəyini hiss etdi. Sürüşkən yolda yerimək çətin gəlirdi.

- İstəyirsən, lampanı yandır, - Narahatlıq və səbirsizliklə, ancaq səsini yumşaldaraq söylədi bunu. Bütün bunların mənasının izahını gözləyən kişiyə cavab olaraq çarəsizlik yağan kədərli baxışla, yazıq-yazıq çiyinini tərpətdi.

- Noldu ki, indi? -dedi Semih. Üz-gözünü bürüşdürüb, hikkəsini cilovlamaq üçün dəridən-qabıqdan çıxdığı aşkar bilinirdi. Burnunu dik tutub, uzaqdan naz satan bir duruşla gövdəsini arxaya söykədi. Ayağını ayağının üstündə… qolu divanın başında… alt dodağını gəmirir, qıyıq gözlərində şübhə qığılcımları sayrışırdı.

Xeyir, Gülsər o qədərini oxuya bilmirdi. Kişinin reaksiyasının səbəbini çözə bilməməsiylə yanaşı, o an fikrindən nələr keçirdiyini də anlaya bilmirdi. Dəyərli adam olduğunu göstərməkçün kürəyini yüngülcə dikəldib bədənini qaldırdı, ora-burasını bir yerə yığaraq özünü ələ alıb divanın küncündə yeni bir vəziyyət aldı:

- Belə istəmirəm!!! Sadəcə, danışaq!!!

Gərilən üz cizgilərində, kişiyə dik-dik baxmağında, boğuq səsində sözlərini qüvvətləndirən bir qərarlılıq, geri addım atmağın mümkünsüzlüyünü göstərən qətilik ifadəsi vardı. Buxarının üstündəki şama yenidən ötəri nəzər saldı.
Semih geri çəkilərək Gülsərdən bir az da uzaqlaşdı. Nəfəslərinin, bədən enerjilərinin bir-birinə qarışmadığı və ikisinin də əvvələ nisbətən bir qədər qaranlığa gömülüb yadlaşdıqları o nöqtədə, qızın ciddiliyindən arxayın olmaq istəyərcəsinə qaşlarını çatıb, sual dolu baxışlarla getdikcə dəyişilən üzə baxdı. Bir neçə saniyə kirpik qırpmadan, ara bir başını az-maz aşağı-yuxarı tərpədərək qarşısındakının nə oyun qurduğunu, necə hesab apardığını çözməyə çalışdı. Sonra fürsəti qaçırmamaq üçün qəfil sıçrayışla divandan qalxdı. Əlləri yan cibində iki iri addım ataraq, ayaqlarını aralı qoyub üzü buxarıya sarı dayandı.

Bir anlıq kişinin gövdəsini buxarıdan düşən qırmızı işığın sehr nöqtəsi hesab edərək, qaranlığın alova güc gəldiyini hiss etdi. Nə qədər güclü, təsiredici olduğunu, coşub-daşan bir sevgi sarmaşığına çevrilib ayaqlarından yuxarı sarmaşmağı keçirdi ağlından.

- Yaxşı, elə isə get artıq, - dedi, Semih. Bunu söyləyəndə üzündəki cizgiləri dərinləşmişdi, başını yüngülcə çevirib bir anlıq Gülə baxdı.

Etinasızlığı gördü Gülsər. Peşmanlıq hissiylə, istəmədən yaratdığı mübarizə mühitində olduğunun fərqinə vardı. Bəli, bəli bir oyunun içinə düşmüşdü. İkicə addım sonranın nə olacağından xəbərsiz kimi sarsıdıcı bir mərhələdə müdafiəsiz qalmışdı. Amma bu qədər ağrısız kəsilib atıldığını, belə bir rəftara layiq olmadığını dəhşətli hüznlə hiss etmişdi. Nə bilmək olar, bəlkə, rol oynayırdı Semih?! Sadəcə, rol! İndi oyu növbəsi onun idi. Bir çıxış yolu, bir cığır tapmalı idi. Nə yenidən səhv etmək şansı, nə də ki, geriyə qayıtmaq söhbət ola bilməzdi.

Semih dartınıb elektrik düyməsini basdı. Lampanın üstlüyünə vurub geri qayıdan işıq otaqda bir az əvvəl yaşanan ehtiraslı anlardan qalan son izləri də yox etdi. Otaqda nə vardısa yadlaşma duyğusuna büründü. İndi hər şey bir-birinə yad idi: Ortadakı dairəvi şüşə masa, ətrafındakı hündür dəri söykənəcəkli stullar, küncdəki bahalı musiqi mərkəzi, son model televizor, yerdəki kiçik ipək xalılar… Əlləri hələ də cibində olan Semih buxarının yan divarına söykəndi. Paltarının seyrək ilməli parçası omba sümüyünün üstündə boşalıb sallandı. Ensiz, sallaq çiyinlərini bir-birinə qovuşduraraq nazik boynunu köynəyin yaxasından içəri saldı. Bej rəngli , düymələri açıq olan köynəyindən tüksüz sinəsi görünürdü.

Düz arxasındakı divarda biraz öncə hardasa bir saata yaxın haqqında danışdığı Rafaelin məşhur tablosu asılmışdı. Başı tablodakı qızın əlini örtürdü. Bu tablonu işləyəndə rəssamın hardasa otuz yeddi, modelin isə on yeddi yaşında olduğunu demişdi Semih. O an hərəsi divanın bir başında bir–birinə müdhiş yaxınlaşma istəyi duyaraq oturmuşdular. Semih Gülsərin gözlərinin dərinliyində üzürdü. Gül özünü onun tələbələrindən biri kimi hiss edirdi. Sanki sinifdə ən birinci oturmuş, yalnız ona baxaraq danışan kişini böyük bir heyranlıqla, ölümsüz bir eşqlə dinləyirdi.

-Orjinalın üzərində X şüasıyla aparılan araşdırma, tablodakı modelin Rafaelin gizli saxladığı sevgilisi olduğunu ortaya çıxarıb. Hətta Rafaeli ehtirasa sürükləyərək ölümünə səbəb olan qadın bu imiş. Marqarita adlı bir fahişə.

O an Gülsərə elə gəldi ki, dalğanın üstündə üzür. Ən çox da “fahişə“ sözünün vurğulandığı an. Kişinin üz-gözünü büzüb və diksinmiş kimi çıxan səs tonu üzdü, incitdi Gülsəri. Hətta yaraladı. İçindəki alovlu duyğular buza döndü sanki. Hərçənd, bir az sonra: “Aralarında bir dövr böyük bir sevgi yaşanıb,” - deyə dəyişdirmişdi cümləsini. Amma...
“Fahişə”.

Çox dəymədüşər idi görəsən?...

Kişinin baxışlarındakı fikirli ifadə o an sıçrayaraq qaşlarının arasında qıvrılan dik bir cizgiyə çevrildi. Alnındakı üfüqi qırışlar daha da dərinləşdi. Açıq qalmış pəncərədən soxulub pərdəni dalğalandıran, Gülsərin sıx, dalğalı qısa saçlarını dağıdan sonra da incə üzünə dəyən küləyi daha yaxşı hiss etmək istərmiş kimi boynunu yana əyib, gözlərini yumdu. Bir təbəssümlə sanki ağzının kənarında sıxılıb qalmış dərin cizgi boşaldı. Daha doğrusu, bir anlıq Gülə elə gəldi. Amma yox. Ardınca dəhşətli bir narahatlıqla alt dodağını büzdü çünki. Bu, Güldə kişinin ertəsi günkü konfrans, ya da dərslə bağlı çətinlikdən qayğılandığı şübhəsini yaratdı. Və əlbəttə, otaqda artıq adam olduğunu ...

Qayğılı baxışları yenidən buxarının üstündəki şama dəydi. Mavi bir mələk. Əynində uzun, bədən cizgilərini gizlədən bir geyim. Bir vaxtlar “Xalq Bank”ın qarşısında duran heykəli xatırlatdı. Dalğalı saçları belinə çatırdı. Əvəllər dalğalı saçı olan bir mələk görmədiyini düşündü. Dalğalı saçlar daha çox özbaşınalığınmı simvoludur, yoxsa? Əlini qeyri-ixtiyari həmişə dalğalanan saçlarına apardı. İçində bir çəkilmə, suya tamarzı çay yatağı... Havalanıb dağılmağa hazır saçlarını aşağı yatırdı.

Mələyin qanadlarındakı zərlər par-par yanırdı. Bəlkə kəpənəklərlə eyni anda yaradılıb mələklər? Belində güman ki, bəkarətinin simvolu olan qalın qızıl kəmər. (Yunanıstana tətil məqsədilə gedən qadına ərinin taxdığı bəkarət kəmərini hava limanı detektoru tutub) Mələyin başından başlayıb ərimə. Yavaş-yavaş öncə tacı əriyib axacaq kirli maye kimi.

Saçları, sonra çiyinləri qara kirli maye kimi... Ərimə eyni anda qanadlarına sıçrayacaq. Qanadları əriyəcək kirli maye kimi. Qanadları ərimiş mələk artıq bir mələk sayılmır ki!.. Oradan döşlərinə. Görəsən, mələklərin döşləri var? Oxşanmaq, öpülmək üçün döşləri varmı mələklərin? Böyükdürmü mələklərin döşləri? Çox süd versinlər deyə... Moldoviya inəkləri. Dişlənib göyərdilmiş, ucları əmilib yara edilmiş döşləri... Fahişəylə mələk arasında nə cür oxşarlıq ola bilər ki? Qeyri-ixtiyari qollarını sinəsinin üzərində çarpazlayır. Şam mələyin tacında yavaş-yavaş ərimə...

Ərimə yavaş-yavaş aşağıya doğru, kirli bir maye kimi....

-Niyə? - dedi birdən, baxışları tərliklərinin ucundan çıxmış, corabsız kimi görünən, evdən tələm-tələsik “laklayıb” çıxdığı barmaqlarında qaldı. Eyni anda gözləri doldu. Əllərini üst-üstə qoyub bir-birinə sarılmış barmaqlarını sıxdı. Heç bir sözün anlamı yoxmuş, hər şeyi boşluğa danışırmış kimi gəldi bir an. Udqunub dərin bir nəfəs çəkdi ciyərlərinə, amma nəfəsin ən önəmli qismini zəif bədənində gizləmək istəyirmiş kimi çölə qırıq-qırıq buraxdı.

-Getməyini istəyirəm, vəssəlam!

Kişinin gur, əmredici səsi otağın divarlarına çırpılaraq əks-səda verir, sarı uçuq plastik boyada oyuqlar açırdı. Gül düşünmədən yerindən qalxıb qapıya doğru bir neçə addım atdı. Sonra başını döndərib kişiyə baxdı. Özünə olduğu kimi onun da sözünə söz çatdıra bilməyəcəyini düşündü bir an. Göz yaşlarını saxlamaq üçün dodaqlarını çeynəyirdi. Onsuz da “Getmə,“ deyəcək. Birdən rol oynamaz, səmimi deyərsə? Yerimək məcburiyyətində olduğunu bilib, bunu etmək istəməyən birinin düyündə ilişib qalması kimiydi.

Halbuki, iynə vursan qanı çıxmaz! Qorxur ki, müvazinətini itirə bilər. Səsi, dodaqları titrəyir, bədənindəki bütün güc ”niyə” sualında toplanıb. Bütün sualları “niyə” yə cəmlənib. Dünya bir atomdan yaranıb. Bu an buna inanır. Bu an bütün dünyanın boşluğunu içində gəzdirir. İçində bir oyuq açılıb. Gedim-getməyim, vur-tut beş-on addım aralıda açılmağı gözləyən qapıdan çıxım-çıxmayım, sağ qalmasını təmin edən son güc qırıntılarını da sözlərə töküm-tökməyim arasında çabalayır. Hansı doğrudur, nə etsə yanlış olar? Hansı addım onu illərlə gözlədikdən sonra nəhayət yaxınlaşdığı kişidən uzaqlaşdırar?! Hansı?.. Nə etsə aralarındakı bir saat öncəki o gözəl, ipisti duyğuya təzədən qayıda bilər. Deyəcəklərinə acıqlansa? Bir davranışına, əlinin hansısa bir hərəkətinə, baxışlarındakı bir çırpıntıya ilişib yenə üzülərsə, onda? Yaxşı, bəs onu rədd edən birinə qarşı bu təkidi üzsüzlük deyilmi? Qürursuzluq deyilmi istənmədiyi yerdə durmaq? Demək ki, bir–birlərinə yanaşmaları fərqlidir. Fərqli istəkləri var bir-birlərindən, demək. Çox xarakterizə etdi kişini, deyəsən. Yoxsa, başqaları kimi qadının qılçalarının arasına girməyi düşünənlərdən heç bir fərqi yoxdu bunun da? Tək istədiyi o iş, sonrası Allah Kərim. Mələyin qanadlarından başlamır ki, ərimə. Tacının gəmirilməsi də mələyin şəxsiyyətinin pozulması deyilmi? Kişilərin mələklərdən xoşu gəlir, ya şeytanlardan?

- Sənə ya bu gecə mənimlə qal, ya da get, dedim. Sən getməyi seçdin. Niyəsi budur. Mən də sənin istəyinə hörmətlə yanaşıram. Bu qədər.

Gülsərə “otaqda artıqsan” xəbərdarlığıydımı bu? Qapıya doğru utancaq bir addım da… Halbuki, aylar boyu nə xəyallar qurmuşdu. Amma fərqli şeylər xəyal ediblər, demək ki. Məsələn: onunla yataram deməyib heç. Deməliydi?

Amma Gülsəri ən çox təəccübləndirən Semihin Rafaelin tablosuyla bağlı danışdıqlarıydı. Çox yaxşı bildiyi bu tragedik hekayəni bir dəfə də sevgilisinin dilindən eşitməyə başlayanda böyük bir xəyal qırıqlığı yaşadı. Gözləyirdi ki, bərpa mütəxəsisləri Rafaelin ölümünə görə yarımçıq qalmış La Fornarinada can alıcı bir detal kəşf etdi. 1520-ci il tarixli bu portret Rafael ilə Luti arasında ortada rəssam-model münasibətindən daha irəli bir bağlılığın sübutuydu. Əvvəllər də şübhələnilən bu münasibətdə evlilik sözü verilmiş ola biləcəyi ehtimalını, gənc qadının qolundakı, üzərində rəssamın adı yazılan lent də artırır. Rafael La Fornarinaya duyduğu sevgini gizli saxlamaq məcburiyyətindəydi. Sənətçi müdiri olan varlı və güclü bir kardinal üçün işləyirdi və onun bacısı qızı Maria Bibbiena ilə nişanlıydı. Üzüyün kəşfi ilə birlikdə Rafaelin nişanlı olmasına rəğmən cütlüyün bir-birinə evlilik sözü verdiyi başa düşülür. Üzük hardasa 500 ildir rəsmdə gizlənmiş vəziyyətdəydi. Rafael, ya da başqa bir ehtimalla rəssamın ölümündən sonra tablonu satan dostu və şagirdi Giulio Romano üzüyün üzərini rənglədi. Bu müdaxilənin rəssamın qüruruna zərər verəcək bir mübahisənin qarşısını almaq niyyətiylə edildiyi düşünülür. Rafael mütəxəsisləri üzüyün kəşfinin sənətçinin “playboy” kimi ad çıxarmasını yenidən gündəmə gətirdiyini söyləyir. Bəziləri isə gənc sənətçinin imicini ləkələmək məqsədilə belə yazıldığını, “Rafaelin La Fornarinaya dəli kimi aşiq olduğunu iddia edir” kimi bir şeylər söyləyir.

Amma Semih qızı fahişə damğası vurdu. Rafaelin ən böyük sevgisinə, özünün Rafaelə bir qurban kimi təqdim edən qadına, La Fornarinaya fahişə dedi. Yaxşı, həyata qarşı axmaq, geri düşüncəylə, hörümçək baxışıyla baxan kim oldu indi?

- Görünür, xəstəsən. Səni müalicə etməyə vaxtım yoxdu və getməyini istəyirəm, başa düşdünmü?

Şamın alovu mələyin tacını əridərək getdikcə aşağı enir. Semihin başı La Fornarinanın əlini örtür. Üzük halbuki, düz orda Semihin qulağının arxasındadı. Semihin qulağı əməlli-başlı böyük imiş. Əvvəllər fikir verməyib. Balaca vaxtı məhəllə uşaqları “çömçəqulaq” deyə məzələniblər yəqin. Ona görə belə yuxarıdan baxır, Gülsərə? Xor görür Gülsəri? Yoxsa haqlıdı söylədiklərində? Gülsər gerçəkdənmi zamandan geri qalıb? Dünyadan xəbəri yoxdumu? Kişinin istədiyi kimi davam edir bütün münasibətlər? Elə isə qorxularında haqlıymış Gülsər. Bütün bunları, beynini qurcalayan hər şeyi deyə bilsə, rahatlayardı. Sualları cavabsızdı. Burdan bu cür çıxıb gedə bilməz. Dodaqlarını gəmirir. Bu qədər asan bitə bilməz. Bu qədər asan başlamışdı ki, asan bitsin? Hər şey belə yarımçıq qalacaq? Tutulub qaldı. Halbuki, duyğularını açıqlasa, özünü ifadə edə bilsə...

-Səninçün dəli oluram. Tapınıram sənə. Amma gücündən qorxuram. Mənə nələr edə biləcəyini bilirəm. Mənə necə acı verə biləcəyini bilirəm. Çünki sənə qul olmağıma heç nə mane ola bilməz.

- İstəyirsən, taksi çağırım.

Axı niyə, nə oldu ki? Düyünü çözə bilmir. İş bu nöqtəyə gəlib-çıxmamalıydı. Semih özünü qanmazlığamı vurub? Bu qədər fərqli ola bilərlərmi? Kişidəki bu fərqlilikmi özünə çəkir qadını? Çəkimin mərkəzindəki yalnız o fərqlilikdimi? Yoxsa qarşısındakı öz içində ört-basdır etməyə çalışdığı kimliyidi, onunla qarşılaşdığı üçün şok yaşayır, bunun üçün xoş rəftar görə bilmir? Sanki tünd rəngli gözlərini gərərək fərqli bir şey deyəcəkdi, “-taksi çağırım?”

Gülsər silkindi. Kişinin kobudlaşmaqdan özünü güclə saxladığını, aralarındakı ölçünü qorumağa diqqət etdiyini, düşündü. Beş ulduzlu otel ofisiantı olmasa da, onun üçün yad idi hazırda. Bundan artıq qalmaq anlamsız idi. Qaldıqca kişinin gözündə kiçilir. Buna tablaşa bilməz. Telefonun dəstəyini qaldırıb zəif səslə mızıldanmağını eşitməsə də, seyr etdi. Taksi gözləmək yersiz idi. Çətini ilk addımı atana kimidi. Bir addım atsa, yapışdığı yerdən bircə addım ata bilsə, artıq dayanmaz, qapıdan çıxıb gedərdi. İş o bircə addımın başındaydı. Sanki bu an kişiylə arasında dünyanın ən dəhşətli anı yaşanır, onu parçalamağa izn verə bilmirdi.

Semih üzündə sıxıntılı, bezgin ifadə, gözucu saatına baxdı. Bəli, yatmaq vaxtıdı. Planları qarış-quruşdu. Baş tutan iş deyil! . Yəqin, heç bir şey üzündən belə tərəddüd yaşamayıb. Çünki yol ayrıcında qalmağa da nifrət edir, yol ayrıcında qalanlara da. Zaman azdı, qərarlar tez qəbul edilməlidir. Yoxsa çox gecikər. Çünki həyat axıcı və həmişə özü kimi dəli-dolu bir insanın hücuma keçməyini gözləyir. Tez qərar verməyi öyrənib. Arada belə yanılmalar da ola bilir. Amma tez-tez yox. Bu qadının barəsində yanılıb, məsələn. Uzatmağın mənası yoxdu. İndi yatmalıdı, sabaha iş-gücü var. Sabahkı günün bazar olmasının fərqi yoxdu. Planlarını axsatmaqdan söz belə gedə bilməz. İntizamlı, planlı, səliqəli işləmək - əsas olan bunlardır. Uğurun, yəni xoşbəxtliyin yeganə açarı budur.

Sanki başqa biriylə danışırmış kimi gözlərini divarda bir nöqtəyə zilləyib, çiyinlərini çəkdi.

-Niyə deyilən bir şey yoxdu. Belə istədin. Bundan sonra on beş yaşındakı yeniyetmələr kimi səninlə kafe künclərində görüşəsi deyiləm. Ya bu gecə qal, mənimlə yat, ya da get və yerli-dibli bitsin, - dedim. -Sən getməyi seçdin. İndi artıq qalmaq istəsən də yeri yoxdu. Bitdi.

“Bitdi.”

Üç nöqtəsi, sualı olmayan söz! Əvvəli, sonu olmayan bir söz. Qadın üçün ölüm fərmanı. Bitdi. Hər şey bitdi. Aylardı, hətta illərdi gəlməsini gözlədiyi bir gecəydi bu. Həyatında yepyeni bir dövr idi.Ümidləri, gələcək xəyalları kişinin açıb qarşısında dayandığı bu qapıdan çıxdığı an bitməlidir, eləmi? Necə ola bilər? Belə asandı bitirmək? Bəs yatsaydılar bitməyəcəkdimi, bəlkə bunu soruşsun? Amma kişinin baxışlarında müdhiş bir təhqir... Bəlkə o belə deyil. Hər şeyə bağlıdı. Artıq danışmaq istəmir. Fikri qətidi. Dərhal geriyə qayıdıb, “sənin müridin olmağı seçirəm”, desəydi... “Bütün insanların məqsədi güclü olmaqdı, amma mən bütün gücümü sənə təslim edirəm. Hər şeyimlə özümü sənə təslim edirəm, götür məni, necə istəyirsən, nə istəyirsən et. Özümü qurban verirəm sənə! Sən mənim ulduzumsan. Mən sənin milyon illər öncə qırılıb yer üzünə düşmüş bir parçanam çünki”, desəydi.

Geri dönməsi mümkünsüz idi. Buna imkan verməz. Fürsəti əldən verməməliydi, amma verdi. Elə isə, bu ona dərs olsun. Amma nədən? Bu sual içində ucu açıq bir sinir kimi qala bilməz. Bəli, nədən? Nə oldu? Niyə? Bu haqsızlıqdı. Böyük xəyal qırıqlığıdı. Bununla necə kəllələşmək olar ki? Acı təkcə ürəyində deyil, - kaş ki o qədər olardı, -üzünə də əsla çıxmayacaq maska kimi yapışıb qaldı. Bundan belə özünü bəsit, aşağı bir qadın kimi hiss edəcək. Rədd edilmiş, məsxərəyə qoyulmuş... Kişinin indiki baxışı, duruşuyla o ilk tanış olduqları günkü vəziyyəti arasında necə də dərin, inanılmaz bir uçurum vardı. Dişlərini qıcayır, vücudu gərilmış bir yay kimiydi. Qışqırıb, qışqırıb içindəkiləri çölə tökə bilsə... Yaxşı, bitsin. Çox bəsit, son dərəcə adi bir münasibət kimi bitirək.

Siqnal səsi. Kişi bir anlığa başını pərdəsi hələ dalğalanan pəncərədən yana çevirib baxır, sonra gözlərini Gülsərə zilləyir. Qaşlarını yay kimi çəkib, gözünü süzərək qapını işarə edir:

- Taksi gəldi.

Qapıya daha iki addım. Beyninin içi bomboş vanna kimidi bu an. Çevrilib kişinin gözlərinə baxır. Hələ “getmə, madam ki, elə istəyirsən... sadəcə danışaq” deyə bilir. Son addım. Bu son andı. Ona dəli kimi aşiq olan bir qadını qaçırdığının fərqində deyilmi, bu axmaq adam? Bəlkə sınayır?Getməsinə icazə verməyəcək?! İcazə verməməlidi! Onu dəlicəsinə sevən başqa qadın varmı? Qarşısında pilləkən; pillələr sıra-sıra aşağıya doğru düzülüb. Çıxarkən belə dik və yüksək olduğunun heç fərqinə də varmayıb . O boyda pilləkənlərin üstündən qanadlanıb, uçub sanki. Bir pillə də enir. İndi, elə indicə çiynində onun əlinin toxunuşu... istiliyi... Pilləkəndə əks olunan “tak“ səsi eşidib arxaya çevrilir. Qapı bağlanıb.

Arxasında sıra-sıra yuxarı qalxan pillələr, Zigguratın təpəsinə yüksəliş. Amma Zigguratın təpəsi qaranlıqdı. Qapılarını bağlayıb Tanrı. İndi hansı səbəb olur olsun, onunla görüşə icazə vermir. Dərhal arxasındakı pillədə oturub bəlkə bir səs, bir işarə gələ bilər, deyə bir neçə saniyə gözləyir. Avtomat sönüb. Beton sərindi. Əgər qapını açsa, görsün ki, necə yazıq vəziyyətdədi, necə acı çəkir. Amma heç bir cavab çıxmır. Küçədə üstündəki sarı işığı yanılı gözləyən avtomobil çıxıb getməlidir.
Böyük ehtimalla şamı söndürdü. Bəlkə tacı tamamilə əriyib axdı, amma çoxu yerindədi.

Əlləriylə divardan tutaraq qalan üç-dörd pilləni də enir, dəmir qapını açıb çıxır. Qarşısından maşınlar sağa, sola şütüyürlər. Saatdan xəbərsizdir. Göyün üzü ulduzlarla doludur. İşıl-işıl parlayan bədirlənmiş ay necə də yaxındı. Elə bil, bir az qalxsa toxunacaq Küçənin qarşı tərəfinə keçib başını yuxarı qaldırır. Budur, onun balkonudu, pərdələri çəkilib. Öləziyən işıq… Sanki şam işıqlandırır otağı. Elə isə mələyin qanadları indiyə ərimiş olar. Ərimə ordan sinəsinə, qarnına, sarğısına... Bakirəlik qanı axır indi qılçalarından aşağı. İndi otaqda bir o başa, bir bu başa var-gəl edir sevgilisi. Gülsərə olduğu qədər, onun getməyinə icazə verdiyinə görə özünə də acıqlıdır. Qarşılıqlı qürur məsələsinə çevirdilər sadəcə. Gülsər indi geri gələydi. Pilləkənləri qaça- qaça çıxıb, qapını döyəydi. “Sənə qayıtdım,“ deyəydi... Amma eyni anda da mütləq balkona çıxmalı olduğunu düşünür. Gülsəri görsə yuxarı çıxması üçün işarə edib çağıracaq, bəlkə də düşüb üzr istəyəcək. Yüz faiz şam işığıdı. Yoxsa belə sönük, cansız... Yoxsa işıq yataq otağından düşür? Yatmağa hazırlaşmaz hələ, yox. Aralarında heç bir şey olmamış kimi başını atıb yata bilər ki, bu gecə? Hiss edir ki, üşüyür. Qəribə titrətmədi. Qoluna atdığı nazik pencəyi kürəyinə keçirir. Kaş ağlayaydı, hıçqıra-hıçqıra ağlaya biləydi. Amma donub qalıb. Özünə acıqlıdı.. Deyə bilmədi, danışa bilmədi özünü. Qorxularını bildirmədi sevgilisinə. “O mələyin əriməyini görmək, La Fornarinaya fahişə damğası vurmağın, nə bilim, küyə düşdüm,“ deyə bilmədi. “Səndən öncə heç sevgilim olmadı, sən ilk olacaqdın,“ deyə bilmədi. Əslində, heç sevgili belə ola bilmədilər. Heç bir şey olmadılar. Nə yoldaş, nə sevgili, nə dost deyildilər. Bəlkə sadəcə tanış idilər. “Bir tanış,“ vəssalam!

Qəfildən qarşısında bir maşın əyləci basıb dayanır. Sürücü sükan arxasından yarıya qədər açılmış pəncərədən başını uzadaraq soruşur:

-Sən də tənhasan, deyəsən.

Yenidən yuxarıdakı balkona baxır. İşıq tamamilə sönüb. Gözləri dolur. Göz yaşı yanaqlarından navalçadan süzülən yağış damcıları kimi aşağı axa-axa:

Çox tənhayam, - deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG