Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:14
"Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinə təqdim olunan hekayələrdən


Günel Eyvazlı


FACEBOOK - SOSİAL ŞƏBƏKƏ

Hörmətli dostlar, hörmətli oxucular, qardaşlar, bacılar, oğullar, qızlar, iş adamları, işsiz adamlar, çörəklilər, çörəksizlər, qeyrətlilər, qeyrətsizlər, vicdanlılar, vicdansızlar, kişilər və ona bənzəyənlər, qadınlar, ya da ona oxşar kimlərsə.

Danışacağım hekayə nə Qərbdə, nə Şərqdə yaranıb. Nə okeanın o tayıdır, nə uzaq İraq, nə də daima gülləbarana öyrəşmiş Əfqanıstan, nə də dünyaya yalanlarını sırıyan Ermənistan, nə də pəh-pəh içində yaşayan abırsız Hollandiyadır. Bu hekayənin mənzili elə bizim diyarlardır. Obrazları da elə bizimkilərdir.

Mən təbiətcə sakit, heç kimə yovuşmayan, quru, sərt bir adamam. Qulaqlarım əxlaqsız şeylər eşidəndə özümü kar kimi, əxlaqsız şeylər görəndə kor kimi aparan bir adamam. Nə demirəm əlayam, idealam, nə də əksinə.

Deyirlər təsadüflər zərurətdən yaranır. Ya da heç bir şey təsadüfən olmur. Hər şeyin bir açması, hər şeyin bir mənası var.

Daima tələbələr arasındayam. Onların pıçıltısını, hərəkətlərini bir anda olsa nəzərimdən qaçırmıram. Diqqətim onların üzərindədir.

Son vaxtlar hıçqırtıların və ürəkgetmələrin qızlar arasında intensivləşdiyinin şahidi olurdum. Əlbəttə ki, bəziləri buna «məhəbbət xəstəliyi» kimi don geyindirərək, haradasa məni də inandırmışdılar. Deyirlər keçid dövrüdür. Amma özlüyümdə bu keçidin mənim üçün niyə belə iztirablı keçmədiyini anlamırdım. Niyələr məni səhər, axşam rahat buraxmırdı. Doğrusu, heç bilmirəm yazdıqlarım hekayə adlana bilərmi, ya yox, amma, mən sizi ən azından aldatmayacam, vicdanıma and verirəm.

İndi məni dinləyin. Həqiqətin gözünün içinə baxmağa hazırsınızmı. O zaman baxın həqiqətə.

Mən iş yerimdə müəllimə olmaqla yanaşı, həm də inzibati işçiyəm. Otağımdan bir az aralı, kiçik bir sinif otağı yerləşir. Çox kiçik olduğundan, yararlı deyil. Yalnız, xadimələr süpürgələrini, pol taxtalarını orada yerləşdirirlər. Otağımda daima tək olduğumdan sükut mənimlə baş-başa olur. Buna görə də orada edilən söhbətlərin hərdən-hərdən qulaq şahidi oluram. Radiomu söndürüb sükuta çəkiləndə hər şey daha aydın eşidilir.
Mənim hekayəm hıçqırtıdan başladı. Bir qız için-için ağlayırdı. Pıçıltı ilə telefona,

«Sən məni öldürmək istəyirsən, görərsən dözə bilməyəcəm, özümü asacam, görərsən».

Hiss olunurdu ki, oğlanla danışır və o, qızı incidir. Ağzını əlləri ilə yumaraq səsini gizlədirdi. Boğulurdu. Tez qapıya qaçdım onu görməkdən ötrü nə qədər yalvardımsa gəlsin otağa, boyun qaçırdı. Gəlmədi.

- Müəllimə narahat olmayın, hər şey yaxşıdır.

Həmin günün gecəsi televizordan eşidirəm ki, 17-18 yaşlı bir qız özünü asaraq intihar edib. Yox, bu bizim məktəbdəki qız deyildi. Amma, eyni dərddən bunu etməsi aydın sezilirdi.

Bu hadisənin üzərindən bir az keçmişdi ki, bir başqa qızın ürəyi getdi, biri yıxıldı, biri havalandı. Məgər eşq bu qədərmi əzab verir? Yox. Anlamıram. Belə olmaz. Artıq fəaliyyətə keçdim, axtarış etdim, aradım.

Bayaq qeyd etmişdim təsadüfləri. Mən bunlara cavab axtardığım günlərin birində qapım döyülür. Həmin ağlayan qız, içəri daxil olur. Məni qucaqlayır. İçin-için ağlayır. Qollarını boynıma elə sarımışdı ki, elə bil içində yığdığı köməksizliyinin qisasını boynumdan alacaqdı.

- Sizə mən bir söz deyəcəm. Söz verin mənə ki, heç kimə deməyəcəksiniz. Söz verin. Mən heç kimə danışa bilmirəm. Heç anama da. Mən özümü öldürəcəyəm. Boğuluram. Nə olar, heç kimə deməyin.

- Demərəm, narahat olma. Mən səni dinləyəcəyəm. Sona qədər.

Yaxınlaşıb qapını örtdüm ki, kimsə bizə mane olmasın və o qız bunları danışdı.

- Günlərin bir günü, bizi məktəbdən bir tədbirə aparmışdılar. Biz qızlarla elə yerlərə getməyə can atırdıq. Çünki belə tədbirlərə samballı iş adamları gəlir. Samballı geyimlərdə, samballı maşınlarda. Biz də, bütün sinif oraya yollandıq. Mən bu tədbirdə bir oğlanla tanış oldum. Daha doğrusu müəlliməmiz onu yaxşı tanıyırdı. Salamlaşdılar. Adi, orta boylu, orta yaraşıqda qarayanız bir oğlan idi. Ondan ayrılanda arsızlığıma salıb müəlliməmizdən oğlanın adını soruşdum. Ona görə yox ki, heyran olmuşdum. Sadəcə ilk görüşdə pəncəyi, qalstuku diqqətimi çəkdi. Evə gəlib onu Facebookda axtardım və tapdım. Ona dostluq göndərdim. Qısa bir zamanda qəbul edilmək cavabını aldım. Göndərməmişdən öncə profil şəklimi dəyişdim. Statusuma ağıllı fikirlər yazdım. Onun məni qəbul etməsi günü özümü xoşbəxtlikdən göyün yeddinci qatında hiss edirdim. Sonra səhəri günü o mənə salam verdi. Bir başqa gün mən ona. Beləcə isti virtual münasibətlərimiz başladı.
İlk günlərdə işdən, gücdən, dərsdən danışırdıq. Hər gün o da statuslarını təzələyirdi. Yeni mövzular qoyurdu. Dünya əhəmiyyətli. Zövqlü mahnılar. Zövqlü kinolardan parçalar. Mən onun bütün kommentlərini oxuyurdum. Zəkasına heyran qalırdım. Müəyyən konfransda çəkilmiş şəkillər lap mənim ağlımı başımdan alırdı. Dəli edirdi.
Gecələr yazışmırdıq. Gündüzlər maraqlı mövzulardan danışırdıq. Bu günkü havadan, hansısa bir tədbirdən, insanlardan. Günbəgün o mənim qəlbimə hopurdu. Gecələr birgə ailəmizi, uşaqlarımızı xəyallarımda canlandırırdım. Get-gedə özümə qapanırdım. Mənim üçün nə ata var idi, nə ana, dərslərdən də soyumuşdum. Günümü qulağıma taxılmış qulaqcıqla keçirirdim. Musiqi sədalarında üzürdüm. Hamıdan uzaqlaşırdım. Məktəbə candərdi gedirdim. Evə tələsib otağa keçirdim. Yoxlayırdım oradadırmı, ya yox. Nə su istəmirdim, nə çörək. İstədiyim yalnız o idi. O. Bu proses 1 il çəkdi. Sonra bir-birimizlə mətnaltı mənalarla danışmağa başladıq. O öz səhifəsində mahnı qoyurdu, mən öz səhifəmdə digər mahnı ilə ona cavab verirdim. Beləcə günləri-günlərə calayırdıq. Virtual eşq yaşayırdıq. Bütün şəhər boyu gözüm onu axtarırdı. İşlədiyi müəssisənin qarşısından milyon dəfə keçirdim. Amma tapılmırdı. Tapılmırdı. Kütləşən beynim mobil telefonun əsiri olmuşdu.
Bir gün səmimi söhbətin arasında, məndən boyumu soruşdu. Hərdən, efirlərdə yayımlanan «Toy» mövzulu verlişlərdə oğlanların qızlara çəki, boy və s. kimi axmaq-axmaq suallar verməsinin şahidi olmuşdum. Bu sualı doğrusu ondan gözləmirdim. Amma, bəlkə günün tələbi olduğunu nəzərə alaraq manqurtlaşmış adam kimi suallarına bir-bir cavab verməyə başladım. Çəki, vücudum, oturuşum, duruşum və.s.
O mənə dedi ki, qulağını yaxına gətir sənə söz deyəcəyəm.
Duruxdum. Necə deyə bilər? Məgər belə olurmu?
Sonra mənə mahnı göndərdi dedi dinləyim.
Romantik olsun.
Dinlədim.
Sonra dedi pəncərə önünə keçim.
Keçdim.
Sonra məni yavaş-yavaş xəyallara apardı.
Dedi özümü evdə tək hiss edim, guya gecədir, guya mən ağ, dar paltardayam, arxasında zamok var. Məndən tələb etdi ki, mən də onu təsvir edim. Düşündüm ki, yəqin psixoloji cəhətdən məni sınayır. Çünki, tez-tez psixologiyanı necə dərindən bildiyini anladırdı. Dedim yəqin sınaqdır. Mən də dədə-babadan necə görmüşəm elə də təsvir etdim. Dedim ağ köynəkdə, qara şalvardasan. Dedi pəncərədən baxırsan, gəlişimi hiss etmirsən, mən isə yaxınlaşıram yavaş-yavaş, arxadan sənə toxunuram, saçlarını yana çəkirəm. Dodaqlarımla boynuna yaxınlaşıram. Səni…
Bunu deyən kimi, özümdən qeyri-ixtiyari ayağa qalxaraq onu silkələdim. Əxlaqsızsan-əxlaqsızsan dedim.

Yazıq qız ayaqlarıma düşdü.

- Müəllimə, yox, yalvarıram. Mən daha söhbəti davam etdirmədim. Kəsdim aranı. Vallah. Danışmadım onunla. İndi məni təqib edir. Nömrəmi haradansa tapıb. Çata gir - deyir. Deyirəm nə sözün varsa burda de, nə istəyirsən? Demir… demir. Deyir çatda gözləyəcəyəm. İnanmırsınızsa, sizə danışdıqlarımı göstərə bilərəm. Hədələyir, deyir məni biabr edəcək. Məktəbdə başımı utandığımdan qaldıra bilməyəcəyəm.

Mən bu ağıldankəmin yazılarını kəlmə-kəlmə oxuduqca, bir-iki ay öncə iş yoldaşım olan bir qızın, müəllim kolleqamın, həyəcanlı bir səslə telefonda məni görmək istəyi yadıma düşdü. Onun hekayəsi belə idi.

Yeni il ərəfəsində, yəni ayın 30-u ona zəng gəlir. Bizim cavan müəllim yoldaşımızdan. Oğlan onu təbrik edir, amma, telefondan ayrılmır, qız nə qədər yekunlaşdırırsa, o əl çəkmir. Biçarə elə bilir ki, oğlan öz hisslərini bəyan edəcək. Ondan xoşu gəldiyini etiraf edəcək. Amma belə olmur, gözümüzün önündə böyük-böyük danışan, 20 Yanvar və s. kimi hadisələri akt zalımızda yüksək səslə məruzə edən bu yaraşıqlı, bir çox qızların istəklisi olan gənc müəllim utanmadan kolleqasına səninlə bir yerdə olmaq istəyirəm kimi, öpmək istəyirəm kimi nəlayiq sözlər deyir. Bundan şaşıran qız heç bayramı necə keçirir, özü də bilmir. Güclə tətilin bitməsini gözləyərək yanıma tələsir. Dərdini bölüşür.

Mən çox axtardım, normal qiymətə, normal psixoloq tapa bilmədim. Çox təsadüfdən, internetdə uzun axtarışdan sonra psixologiya ilə bağlı müəyyən materiallar əldə etdim. Detektiv kimi bunları oxudum, nəticə çıxarmağa çalışdım. Sonra mən də tələbə ilə birlikdə oyuna girdim.

İlk söhbətdə onun aqressivliyinin keçməsinin şahidi oldum. O, sakitləşirdi, sakitcəsinə hal-əhval bildi. Çalışırdım az danışım daha çox onu dindirim. Bu məndə hardasa alındı. Dedim belə şeylərdən bixəbərəm, danışmaq istəyirsənsə, sən danış. Əclaf keçdi fəaliyyətə. Peşəkarcasına. Amma, məni də, (yəni qızın adından danışırdım) bu işə şahid kimi sövq edir, mundar oyununa bulaşdırmağa çalışırdı.

Onu dəvət etdim, dedim görüşək. Boyun qaçırdı. Dedi belə yaxşıdır. Sonra qədim rus nağılında İvan və əjdahanın dialoqu yadıma düşdü. «İvan, ne boysa. Net, bayus- bayus». Bildim belə zəif psixologiyalı insanları, yalnız daxili, mənəvi gücümlə sarsıda bilərəm.

Onun qorxusunu, zəifliyini, psixoloji sarsıntısını hiss etməyə başlayırdım. Anladım ki, o demək olar ki, gecələr yatmır. Günü net-də keçir. Yəqin bəzən pornoqrafik filimləri də nəzərindən buraxmır. Növbəti qulaq qurbanını manyakcasına ləkələməyə çalışır. Özündən 10 yaş kiçik olan biçarəni.

Mən hədəfimi təyin edib üzərinə hücuma keçdim. Necə qüvvətli, iradəli və qorxmaz olduğumu söylədim. Dedim səni sınayıram. Məndən qorx.

Dedi öldürərsənmi.

Dedim səni sözlə məhv edərəm. Puç edərəm. Dedim səninlə danışan, psixikası səndən qat-qat qüvvətli olan bir şəxsdir. Sən isə əslində heç bir şeyə qadir olmayan parazitsən. Çox kiçiksən, cəsarətsizsən. Əslində dediklərin xəyaldan başqa bir şey deyil. Sən dediklərini reallaşdıra bilməyən zəif bir həşaratsan. Mən onun üzərinə getdikcə onun necə kiçildiyini və özünə haqq qazandırmasının şahidi olurdum.

Həmin gün beləcə bitdi.

Səhəri gün yenə yazdı, cavab almadı. Dostluqdan çıxar - dedi. Mən çıxartdım. Sonra təqib etdi. Onu günahkar saydım. Dedim özün istədin. Qorxma - dedim. Səni aşkar etmərəm. Beləcə qız ondan yaxasını qurtardı.

Amma, bilmirəm neçəsi, hələ neçəsinin yaxası onun əlindədir.

Mən çox böyük məmnuniyyətlə onun adını sizə deyə bilərdim. Siz də onun üzünə tüpürərdiniz. Amma, belələri birdimi, ikidimi?

Demək başını metroda, avtobusda aşağı salıb telefonla məşğul olanlar bunumu edir.

Məgər gənclik budurmu?

Nifrət elədim. Tüpürürəm sənin üzünə müasir gənclik.

Mən sizə naşı, savadsız adamdan deyil, alı savadlı, özünə karyera qurmağı bacaran bir «kişidən» söhbət açdım. Sonra digər bir nüans da ortaya çıxdı. Sən demə o, bu çirkinliyi təfsilatı ilə danışdığı vaxtlarda, paralel olaraq səhifəsinə maraqlı statuslar yazır, maraqlı müzakirələr aparır. Yəni, bunu da peşəkarcasına bacarır.
Bayaq qeyd etdiyim, «kolleqamız» və bu «oğlan» adını çəkə bilməyəcəyim bir siyasi blokun üzvləridir. Hər yay onları maliyyələşdirən bu blok, gəncləri yay düşərgələrinə göndərir. Yəqin siz də təyin etdiniz nəyin hesabına. Əslində bu gənclər, natiqdirlər, gözəl danışırlar, gözəl fikirləri var. Onlar kütləvi olaraq gəncləri öz qurumlarına dəvət edirlər.
Belə qurumlarda toplaşan gənclərə hər şey verilir, iş yeri, karyera qurmaq imkanı və.s amma, ən əsası şəxsiyyət, kişilik əllərindən alınır.

Mən 100 faiz əminəm ki, bu yığıncaqlar müxtəlif dini sektalar kimi hipnoz altında keçirilir. Və beyinlər manqurtlaşır, dil pərgarlaşır.

Deməli, cəmiyyətə düşünən beyinlər lazım deyil!

Yadıma Heredotun «Tarix» kitabından bir sərlövhə düşdü.

Bir gün, səhv etmirəmsə, İran padşahı Kir bir əyaləti istila edir. Əmr verir ki, bütün kişilər qılıncdan keçirilsin. Vəziri önə keçir onu sakitləşdirir.

Sən bunu etsən, millətin gözündə ömür boyu qatil damğası ilə qalacaqsan. Amma, əmr versən ki, daha müharibə olmayacaq, silahlar atılsın, bütün oğlanların əlinə Lira (musiqi aləti) verilsin, hamı incəsənətlə məşğul olsun.

Hökümdarım, əgər 10 il sonra sən bura qayıdıb kişi görsən, o zaman qılıncdan keçirərsən.

İndi başa düşürsünüz, niyə müğənni, stilist, modelyer, gey oğlanların, oğlancıqların sayı artır?

Qulağınızı gətirin deyim.

Çünki belə daha yaxşıdır. Sual altında duran məsələlər artıq liderləri bikef edir. Onlar yersiz suallardan beziblər. Siz kişilər nə qədər tez azalsanız, bir o qədər tez onlar bu məsuliyyətdən, dünya yüklü məsələlərin altında əzilməkdən qurtulacaqlar.

Mən sözümün üstündə durdum, sənə cəmiyyətin bir hissəsinin sifətini açdım, indi sən düşün. Hələ gec deyil paslanmış beynini qaşı. Tələs.

Yoxsa bu damğa səni də yaxalayacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG