Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:04

«Qız Qalası» III Beynəlxalq İncəsənət Festivalı başladı


Qız Qalası
Qız Qalası
Mayın 17-də Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi, Qız Qalası Rəsm Qalereyası və «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan ənənəvi «Qız Qalası» III Beynəlxalq İncəsənət Festivalı başlayıb.

APA-nın məlumatına görə, açılış mərasimində çıxış edən Qoruq İdarəsinin rəisi Mikayıl Cabbarov bildirib ki, UNESCO-nun «Dünya İrsi» siyahısına daxil edilmiş və Azərbaycan paytaxtının rəmzi hesab olunan Qız Qalasının dünyada tanıdılması məqsədilə Bakıda keçirilən ikigünlük incəsənət festivalında bu il 24 ölkədən tanınmış rəssamlar iştirak edir. Onlar öz milli üslublarında qalanın kiçik maketlərini naxışlarla bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirən əsərlər yaradacaqlar.

Əvvəlki festivallardan fərqli olaraq bu il ilk dəfə İDEA ekoloji kampaniyası çərçivəsində nəsli kəsilməkdə olan «Qafqaz beşliyi»nə diqqəti cəlb etmək məqsədilə ceyran maketləri də hazırlanacaq. Həmin maketlər ötən illərdəki müsabiqələrdə iştirak etmiş və artıq festivalın dostları hesab olunan rəssamlar tərəfindən bəzədiləcək.

Builki festivalın digər fərqləndirici cəhəti Qız Qalası üzərində video-mapping texnologiyasının təqdim edilməsi olacaq. Festivalın bağlanış mərasimində Qız Qalasının üzərinə ötən festivallarda yaradılmış və abidənin arxitekturasına uyğun olan Qız Qalası maketlərinin proyeksiyası salınaraq rəngarəng görüntülər yaradılacaq.

Görüntülərin yaradılmasında müasir post-prodakşn video texnologiyalarından istifadə olunacaq. Qız Qalası səthinin 360º görüntülərlə əhatə edilməsi məqsədilə abidənin üzərinə 7 müxtəlif nöqtədən 30 proyektor vasitəsilə proyeksiyalar salınacaq.

Bakı sakinləri və qonaqlar bu rəngarəng görüntüləri mayın 29-a kimi izləmək imkanına malik olacaqlar.

İndiyədək «Qız qalası» Beynəlxalq İncəsənət Festivalında dünyanın müxtəlif ölkələrindən 40-dan çox rəssam iştirak edib. Festival xarici rəssamları Azərbaycan mədəniyyəti və incəsənəti ilə yaxından tanış etməklə yanaşı, Qız Qalasının dünyada təbliğinə öz töhfəsini verməkdədir.

Layihə çərçivəsində hazırlanmış unikal müəllif işləri artıq Fransa və İtaliyada nümayiş etdirilib.
XS
SM
MD
LG