Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:18

Cümhuriyyət banilərinə yalnız qəbiristanlıqda yer tapıldı


Gəncənin köhnə «Səbiskar» qəbiristanlığında Azərbaycan Demokratik Respublikasının qurucularının və onların ailə üzvlərinin qəbirlərinin olduğu bildirilən sərdabə var. Ona görə bildirilən deyirik ki, bəzi tarixçilər qəbirlərin həqiqiliyinə şübhə edirlər. Həmin sərdabə kompleksinin yanında bir sahibkar, həm «Difai» Partiyasının üzvlərinin, həm respublika qurucularının, həm də görkəmli ziyalıların heykəllərini qoydurub. Burada Məmmədəmin Rəsulzadənin, Şah İsmayıl Xətainin, Nəsib bəy Yusifbəylinin, Ələkbər bəy Rəfibəylinin və Cavad xanın heykəlləri var. Sözü gedən şəxsiyyətlərə qəbiristanlıqda abidə qoyulmasına tarixçi və ziyalıların münasibəti birmənalı deyil. Həmin heykəllərdən biri də Azərbaycan Demokratik Respublikasının banilərindən Əhməd bəy Ağayevə məxsusdur. Məxfilik ideyası ilə fəaliyyət göstərmiş «Difai» partiyası haqda nəsildən-nəslə keçən məlumatlar əldə edən Samir Pişnamazzadə bildiklərini AzadlıqRadiosunun dinləyiciləri ilə də bölüşür:

«DİFAİ PARTİYASINI ƏHMƏD BƏY AĞAYEV YARADIB»

«Difai» partiyasını Əhməd bəy Ağayev yaradıb. «Difai» islami bir anlayışdır. Difa müdafiədir, cihad isə hücumdur. Əhməd bəy Ağayev də «Difai» partiyasına rəhbərlik edib. Partiyaya Ələkbər bəy Rəfibəyli və Məhəmməd Ağa Pişnamazzadə rəhbərlik edib. «Difai»nin müharibəsi maarifçiliklə bağlı olub. Təkcə Gəncədə 4 məktəb açdırıb. Məsələn Əhməd Cavadla Qarsda, Ərdoğanda bolşeviklərin və erməni yaraqlılarının hücumuna məruz qalan yetim uşaqları gətirib oxudublar. 1-ci dünya müharibəsində Türkiyəyə maddi yardım göstəriblər».

Samir Pişnamazzadə deyir ki, bu heykəllərin qəbiristanlıqda olmasının heç də təbliğat baxımından əhəmiyyəti yoxdur:

«ONLARI DA QƏBİRİSTANLIQ ANLAYIŞINDA QƏBUL EDƏCƏKLƏR»

«Bizdən ötrü qəbiristanlıq heç də avropalılar kimi deyil ki, insanlar oranı ziyarətgah saya, ora gedib dincələ. Qəbiristanlıq anlayışı bizim xalqımızın şüurunda başqadır. Onları da qəbiristanlıq anlayışında qəbul edəcəklər. Ancaq biz köhnə qəbiristanlığı muzey kimi qəbul eyləyib saxlasaq, bu, əlbət ki təbliğat vasitəsidir».

«Səbiskar» qəbiristanlığı

«Səbiskar» qəbiristanlığı

Bununla belə Samir Pişnamazzadə deyir ki, «Difai» partiyasının sədri olmuş Əhməd bəy Ağayevin qəbiristanlıqdan başqa heç bir yerdə barelyef və ya heykəli yoxdur.

Tarixçi etnoqraf Səyyaf Paşayev isə deyir ki, nə qəbirlərin yeri nə də düzülüşü düzgündür. Tarixçi bunu həm də tarixə zidd bir təbliğat vasitəsi kimi dəyərləndirir:

ŞAH İSMAYILLA CAVAD XAN BİR YERDƏ...

«Qəbirləri bir az qarışdırıblar. Mirzə Məhəmməd Axundzadəyə baş daşı qoymayıblar. Mirzə Məhəmməd Axundzadə «Difai» partiyasının möhürünü saxlayan bir şəxs olub. Səttərxan inqilabında iştirak edibdir. Yarı sərdabə yarı qəbirdir, qarışıqdır. Onları dəqiqləşdirmək lazımdır ki, kim kimdir. Dar yerdə 4-5 adamın cəsədi var. Hansı kimindir, dəqiq deyil. Şah İsmayılla Cavad Xanın heykəlini yanaşı qoyublar. Şah İsmayıl böyük Səfəvi şahı olub. Cavad Xan da Gəncənin başçısı. Qəbiristanlıqda onu qoymaq lazım deyildi. Ora o qədər xərc çəkiblər. Şəhərdə bir kiçik yer alıb orda düzəltməli idi».

Gəncə şəhərinin baş memarı Əli Rüstəmli isə deyir ki, həmin qəbiristanlıqda belə bir abidələrin olmasından xəbərsizdir:

«İnformasiyam yoxdur. 1 ilə yaxındır işləyirəm. Oradan keçmişəm, görməmişəm. Orada təmir işləri görmüşük, ancaq mən o qəbirləri, heykəlləri görməmişəm».

«Səbiskar» qəbiristanlığı

«Səbiskar» qəbiristanlığı

Ancaq baş memar deyir ki, Atatürk prospektində Məmməd Əmin Rəsulzadənin bərbad halda olan barelyefi təmir etdirilib və onun barəsində məlumatlar yazılıb.

Gəncə Regional Elm Mərkəzindən verilən məlumata görə, tarixi şəxsiyyətlərin abidə və barelyeflərinin hazırlanması ilə bağlı layihə hazırlanıb. Layihəyə əsasən Gəncənin görkəmli şəxsiyyətlərinin evlərinin qarşısında barelyeflər qurulacaq. Bu baxımdan 40-a yaxın şəxsiyyətin barelyefinin qurulması nəzərdə tutulur.

Gəncə Azərbaycan Demokratik Respublikasının bir dönəm paytaxtı olub. Gəncəlilər düşünür ki, demokratik respublikanın baniləri bu şəhərdə layiqincə anılmalıdırlar.

Bir müddət öncə «Yeni Müsavat» qəzeti «Səbiskar» qəbiristanlığı haqda yazarkən qeyd etmişdi ki, əslən Gəncədən olan, hazırda isə başqa şəhərdə yaşayan Hacı Adil kimi tanınan iş adamı ötən il Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət edərək, mərkəzi parkların və ya meydanların birində şəxsi vəsaiti hesabına Azərbaycan Xalq Cümhuriyyətinin banilərinin, Şah İsmayıl Xətai və digər bir neçə tarixi şəxsiyyətin heykəlini ucaltmaq istədiyini bildirib. Yer ayrılmasını xahiş edib. Lakin ona park və meydanlarda abidə ucaldılmasının dövlətin işi olduğunu əsas göstərərək yer ayırmaqdan imtina ediblər. Bundan sonra iş adamı Gəncədəki «Səbiskar» adlanan qəbiristanlıqda bir neçə qəbir üçün yer alıb.

Şərhləri göstər

XS
SM
MD
LG